Əlimərdan bəy Topçubaşovun xatirəsi bütün türk xalqları tərəfindən minnətdarlıqla yad olunur

 

Mayın 30-da Azərbaycan Mətbuat Şurasının və "Kaspi" qəzetinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyi ilə bağlı elmi konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Prezidentinin "Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında" 2013-cü il  25 fevral tarixli  sərəncamını diqqətə çatdırmışdır.

Ə.Amaşov Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qurucularından biri, Cümhuriyyət parlamentinin ilk sədri Ə.Topçubaşovun xalqımızın diplomatiya tarixində müstəsna xidmətlərindən danışmışdır.

Qeyd edilmişdir ki, Ə.Topçubaşov təkcə Azərbaycan xalqının deyil, bütün Rusiya müsəlmanlarının milli azadlıq hərəkatı tarixində əvəzsiz xidmətləri olmuş nadir şəxsiyyətlərdən biridir. O, dövrünün yüksək təhsil almış hüquqşünası, elm və ictimai xadimi, milli ruhlu naşiri olmuşdur.   

Elmi konfransda "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva "Əlimərdan bəy Topçubaşov və azərbaycançılıq məfkurəsi" mövzusunda məruzə etmişdir.

S.Vəliyeva bildirmişdir ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində Əlimərdan bəy Topçubaşovun həyat və fəaliyyəti haqqında hər bir tədqiqat materialı yeni faktların üzə çıxmasına şərait yaradır. Ə.Topçubaşovun yaradıcılığı ilə tanışlıq Azərbaycan xalqının tarixi keçmişinin ən vacib məqamlarının mənzərəsini əks etdirir.

Məruzəçi Ə.Topçubaşovun ictimai-siyasi fəaliyyətinin püxtələşməsində məktəb rolunu oynayan "Kaspi" qəzetini xüsusilə vurğulayaraq demişdir: "Kaspi" qəzeti 1898-ci ildən - Ə.Topçubaşovun bu qəzetə  redaktor təyin olunduğu vaxtdan "müsəlman Kaspisi" adlandırılmışdır. Onun redaktorluğu dövründə qəzetin gündəlik tirajının on minə çatması, Rusiya imperiyasının bütün ərazisində yaşayanlara, xüsusilə türkdilli və müsəlman dininə məxsus xalqlara göndərilərək onları birliyə səsləməsi Əlimərdan bəyi ümummüsəlman lideri kimi yüksək dəyərləndirirdi".

Sona Vəliyeva diqqətə çatdırmışdır ki, Azərbaycan xalqının milli şüurunun oyanmasında, müstəqillik uğrunda mübarizədə, dövlətçilik məfkurəsinin formalaşmasında Ə.Topçubaşovun misilsiz xidmətləri olmuşdur və bu gün onun böyük əhəmiyyətə malik çoxşaxəli fəaliyyəti  geniş tədqiqat mövzusu kimi işlənməlidir.

Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev və BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev mövzu ilə bağlı məruzələr etmişlər. Qeyd olunmuşdur ki, Ə.Topçubaşov ömrünün sonunadək xaricdə olan mühacirlərlə birlikdə Azərbaycanın müstəqilliyi uğrunda mübarizəni davam etdirmişdir.

Həyatını yalnız öz xalqının deyil, həm də bütün Rusiya müsəlmanlarının azadlığı uğrunda mübarizəyə həsr etmiş Əlimərdan bəy Topçubaşovun xatirəsi bu gün təkcə Azərbaycan xalqı tərəfindən deyil, eyni zamanda, bütün türk xalqları tərəfindən minnətdarlıqla yad edilir.

Sonra məruzələr ətrafında çıxışlar olmuş, müzakirələr aparılmışdır.

 

Azərbaycan.-2013.- 31 may.- S.8.