Müsəlman dünyasına azadlıq Günəşi Azərbaycandan doğdu

 

Azərbaycan Xalq Cümhuriyyəti-95

 

Neft səltənətinə sahib çıxmaq, Bakıda hakimiyyəti bütünlüklə ələ keçirmək üçün bolşeviklərlə maraqları üst-üstə düşən erməni daşnaklarının xəyanəti, daxili siyasi qüvvələrin fərqli mövqeləri və maliyyə böhranı Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu labüdləşdirdi

Qədim zamanlardan həm xristian, həm də islam dünyasında qurulan dövlətlər dinə söykənərək xanədanlıq üsulu ilə idarə olunurdu. Lakin orta əsrlərdə Qərb dünyası dini hakimiyyətdən yaxa qurtararaq dünyəvi dövlət quruculuğuna keçdi. İslamın hakimliyi də bəzi dövlətlərdə daxildən və xaricdən aramsız üsyanlar, müharibələrlə məhv olub tarixdən silindi. Nəticədə həm Qərbdə, həm də Şərqdə milli şüur oyanmağa başladı, dünyəvi dövlətlərin əsası qoyuldu.

Çar Rusiyasının işğalçılıq siyasəti üzündən Azərbaycanda milli oyanış və milli dövlətçilik quruluşu prosesi gec başladı. Lakin XIX əsrin sonlarına yaxın Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Abbasqulu Ağa Bakıxanov, Seyid Əzim Şirvani, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Mirzə Kazım bəy, Cəmaləddin Əfqani kimi mütəfəkkirlər Avropanın ictimai-siyasi xadimlərinin fikirləri ilə tanış olur, renesans dövrünün incəliklərini öyrənir, təhsil almaq üçün RusiyaAvropa universitetlərinə qədər gedirlər. Onlar mənsub olduqları millətin inkişaf yolunu yalnız maariflənməkdə, milli şüurun inkişafında, istiqlalında, ən əsası milli dövlətin yaradılmasında görürdülər. "Mənim millətimin təbii qabiliyyəti avropalıların təbii qabiliyyətindən yüksəkdir", - deyən Mirzə Fətəli türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoymaqla, milli mədəniyyətin təməllərində də mühüm rol oynamış, ana dilimizin və ədəbiyyatımızın inkişafında böyük xidmət göstərmişdir. Həsən bəy Zərdabi Avropa maarif sisteminin və tərbiyə üsulunun, ümumavropa mədəniyyətinin mənimsənilməsini irəli sürən ilk mütəfəkkirimizdir: "Zəmanə dəyişib, indi elm-təhsil etmək gərək. Ona binəan lazımdır ki, elm kitabları gətirib öz dilimizdə öyrənək". O, bir millətin yalnız ana dilini qoruyaraq yaşayıb irəliləyəcəyinə inanırdı. İşıq irfanları milləti əsrlər boyu məhkum olduğu zülmətdən, əsarətdən və cəhalətdən xilas etmək üçün bir yola çıxdılar və bu yolu başa varmaq üçün həyatlarının sonunadək mücadilə etdilər. 

XX əsrin əvvəllərində istiqlal mücadiləçilərinin apardığı savaş heç də birmənalı qarşılanmırdı. Əvvəla, ölkədə vəziyyət çox gərgin idi: siyasi partiyalar, ictimai qüvvələr qütbləşir, millətin gələcəyi və taleyi müzakirə olunanda fikirlər haçalanırdı. Azərbaycan türklərinin nicatını müxtəlif dövlətlərin tərkibində görən fikir axınları yaranmışdı. "İttihad və tərəqqi"çilər ölkənin nicatını Osmanlı dövlətinə birləşməkdə, bolşeviklər Rusiyanın tərkibinə qatılmaqda, Güneydən gələn axına rəhbərlik edən Seyid Cəfər Pişəvəri isə Qacarlarla birləşib İranın tərkibinə qatılmağı təklif edirdi. Bu o vaxt idi ki, vəziyyətin mürəkkəbliyinə baxmayaraq, Azərbaycanda milli şüur səviyyəsi yetişib müəyyən mərhələyə çatmışdı. Odur ki,  ziyalılar bu cür təhlükəli fikir axınlarının qarşısını almaq üçün "Azərbaycanın istiqlalı" şüarını irəli atdılar və bu ideya ətrafında birləşdilər. Birinci məqsədləri xalqa milli kimliyini tanıtmaq, istiqlalın, milli məfkurənin dəyərini anlatmaq, dil birliyi yaratmaq idi.

1917-ci ilin fevralında xalqlar həbsxanası adlandırılan çar Rusiyasında baş verən burjua-demokratik inqilabı və onun ardınca dünyanın siyasi mənzərəsini dəyişən Oktyabr çevrilişindən sonra millətimizin varlığı təhlükə altına düşdü. Erməni daşnakları daha da fəallaşdılar, Ağcaqum çölündə güllələnən Şaumyanın yerində Mikoyan peyda oldu, bolşeviklərlə aparılan separat danışıqlara rəvac verildi. Ermənilər Rusiyanın əlində cümhuriyyəti qətlə yetirən amansız cəllada çevrildilər. Milli ideyalara köklənmiş ziyalılar, ictimai-siyasi xadimlər, dövrün ideya cərəyanları mövcud vəziyyəti düzgün dəyərləndirməyə çalışdılar. Birinci Dünya savaşında yaranmış siyasi mühit də Azərbaycan xalqının tarixi taleyində mühüm rol oynadı. Yeni yaranmış Milli Şuranın 1918-ci il 28 may tarixli iclasında Azərbaycanın müstəqilliyi haqqında tarixi İstiqlal Bəyannaməsi elan edildi. Azərbaycan Xalq Cümhuriyyəti mahiyyəti etibarilə Şərq aləmində ilk dəfə xanədan dövlət üsuli-idarəsindən fərqli Avropa tipli, sivil dövlət qanunları ilə idarə olunan bir quruluş idi. Bunlar o dövrə qədər AvropaRusiya dövlətçiliyində mövcud olan qul, təhkimli kəndli üsul-idarəsindən çox fərqlənirdi. Siyasi quruluşuna görə mütərəqqi ideyaları özündə birləşdirdiyindən tezliklə dünyanın bütün aparıcı dövlətləri tərəfindən tanındı. Cümhuriyyətin əsas prinsipi Məhəmməd Əmin Rəsulzadənin irəli sürdüyü "İnsanlara hürriyyət, millətlərə istiqlal" şüarı idi. Yəni, bəşər mədəniyyəti milli mədəniyyətlərin toplumudur. Millətlər, xalqlar müstəqil olmadıqca, kültürləri də yarımçıq olar. Bu zaman özləri şikəst olduqlarından bəşər mədəniyyətinə də töhfələr verə bilməzlər.

Lakin AXC-nin demokratik daxilixarici siyasətindən sui-istifadə edən bolşeviklər Azərbaycan dövlətçiliyini məhv etmək üçün hər tərəfdən hücuma keçdilər. "Azərbaycan tarixi" kitabında A.H.Balayev yazır: "Bolşeviklər Azərbaycanın daxilində təxribatçılıq fəaliyyətlərini genişləndirdilər. Onlar  Cümhuriyyətin mövcud olduğu dövr ərzində Azərbaycanın istiqlaliyyətinə qarşı düşmənçilik mövqelərini gücləndirməkdə davam etdirdilər. 1918-ci ilin dekabrında və 1919-cu ilin mayında Bakıda dövlət müstəqilliyinin əleyhinə yönələn siyasi tətillərə cəhd göstərildi. Lakin azərbaycanlı fəhlələr bu tətilləri boykot edib düşmənin niyyətini boşa çıxartdılar". Mövqelər getdikcə barışmaz hala gəlir, bir tərəfdən də iqtisadi və maliyyə böhranı vəziyyəti getdikcə gərginləşdirirdi. Parlamentdə və hökumətdə mövcud quruluşu devirmək yolunu tutan güclər yaranmışdı. RK(b)P-nin yerli təşkilatı kimi azərbaycanlılar arasında nüfuz qazanmağın qeyri-mümkünlüyünü dərk edən Bakı bolşevikləri gözdən pərdə asmaq üçün "müstəqil" Azərbaycan Kommunust Partiyası yaradılması ideyasını irəli sürürlər. Uzun sürən mübahisələrdən sonra 1920-ci il yanvarın 3-də "müstəqil" Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının yaradılmasına icazə verildi.  Azərbaycan istiqlaliyyətinin məhvinə yönəldilmiş bu partiya sovet Rusiyasının Azərbaycandaki "beşinci kolonnası" idi.

Təəssüf ki, Azərbaycan hakimiyyətinin belə bir məsuliyyətli dövründə  hökumət daxilində də birliyi qoruyub saxlamaq mümkün olmadı. Rusiyaya münasibət məsələsində hökumətin iki üzvü - F.X.Xoyski ilə M.H.Hacınski arasında qızğın mübarizə başladı. Rusiyaya münasibətdə Xoyski sərt xətt tərəfdarı idi. O, Azərbaycanda güclü hakimiyyətin yaradılmasını, daxili işlər naziri Hacınskinin istefa verməsini, parlamentin buraxılmasını, ölkənin müdafiəsi üçün fövqəladə səlahiyyətlər verilməsini, altı ay ərzində Ümumazərbaycan Müəssislər Məclisinə seçkilərin keçirilməsini tələb edirdi. Xoyski və tərəfdarları M.H.Hacınskinin daxili işlər naziri vəzifəsindən istefasına nail olsalar da, ticarət naziri kimi o, hökumətin tərkibində qaldı.   

Bu vaxt Qarabağda səngimək bilməyən daşnak qiyamından istifadə edən Rusiyayanlı qüvvələr Nəsib bəy Yüsifbəyovun hökumətini ölkədə qayda-qanun yaratmaq iqtidarında olmamaqda günahlandıraraq onu istefa verməyə məcbur etdilər. Nə yazıq ki, yeni hökumətin yaradılması bir neçə gün öncə daxili işlər nazirliyindən istefa verən bolşeviklərin tərəfdaşı Hacınskiyə tapşırıldı. O, dərhal bolşeviklərlə əlaqəyə girərək hökumətində onlara nazir vəzifələri təklif edərək bolşeviklər partiyasına daxil olmağa hazır olduğunu bəyan etdi. Lakin bolşeviklər Hacınskinin yaratdığı hökumətin kabinetində vəzifə almaqdan imtina etdilər. Hacınskinin bu hərəkətləri və kabinetin təşkilini yubatması da ölkədəki gərginliyi və parlamentdə müxtəlif partiyalar arasında gedən siyasi mübarizəni son həddə çatdırırdı. Nəticədə xalqın potensial qüvvəsi partiyaların oyunlarının qurbanına çevrilirdi. Vəziyyət o həddə çatdı ki, "İttihadçı"lar açıq-aşkar AXC-ni devirməyə çağırır, dövlət çevrilişi etmək üçün bolşeviklərə xidmətlərini təklif edirdilər.

Azərbaycanın müstəqilliyinə qarşı müdaxilədə Rusiya daşnak Ermənistanla sıx birləşdi. Moskvanın təhriki ilə daşnaklar 1920-ci il martın sonlarında Qarabağda və Gəncəbasarda qiyam qaldırırlar ki, tarixçi alimlərin araşdırmalarına görə, bunlar da məqsədli idi. Azərbaycan bütün gücünü qiyamçılara qarşı yönəltsin, daha da zəifləsin, bundan istifadə edən XI qırmızı ordu müdafiəsiz qalan şimal sərhədlərindən içəriyə soxulsun, bolşeviklər də daşnak qiyamından istifadə edərək ölkədə vəziyyəti daha da gərginləşdirsin. 1920-ci ilin mart ayında XI ordu ilə razılaşan ermənilər Novruz bayramı günlərində qəflətən Xankəndi qarnizonuna hücum edirlər. Hərbi nazirliyin gördüyü tədbirlər nəticəsində erməni-rus hərbi birləşmələri Xankəndidən uzaqlaşdırılsalar da, onlar Əsgəran qalasını ələ keçirirlər. Qarabağda erməni qiyamını yatırmaq üçün hökumət general Həbib Səlimovun başçılıq etdiyi ordunu Qarabağa göndərir və tezliklə Qarabağ qiyamı yatırılır Əsgəran qalası da azad olunur. Arxiv sənədlərindən görünür ki, guya bolşeviklər ölkədə qayda-qanun yaratmaq məqsədilə Rusiyaya müraciət etmək və XI qırmızı ordunu Azərbaycana dəvət etmək istəyirlər. Əqidəsini və milli qürurunu bolşeviklərə satan Əliheydər Qarayevin 1920-ci il aprelin 1-də Azərbaycan parlamentindəki çıxışı daha xarakterikdir: "Qırmızı ordu artıq Yalama Stansiyasında dayanmışdır və mən sizə təklif edirəm ki, onu köməyə çağırıb hakimiyyəti onlara təhvil verəsiniz. Çünki bolşevik hakimiyyəti milli məsələni həll etməyə qadir olan yeganə hakimiyyət, XI qırmızı ordu isə milli qırğına son qoyacaq yeganə ordudur".

1920-ci il aprelin 15-də F.X.Xoyskinin Çiçerinə göndərdiyi notada göstərilir:  "Sovet Rusiyası qoşunlarının Dərbənd rayonunda Azərbaycan sərhədi boyunca cəmləşməsi müşahidə olunur. Azərbaycan hökuməti sovet hökumətinin məqsədindən xəbərsiz olduğu üçün xahiş edir, ordunun göstərilən rayonda toplanmasının səbəbləri barədə məlumat verəsiniz". Lakin Çiçerin cavab verməyi belə lazım bilmir, əksinə, bəyan edir ki, artıq Azərbaycanda vəziyyətə müdaxiləyə dair hazırlıq kampaniyasının yekun mərhələsinə qədəm qoyulmuşdur. A.İ.Mikoyanın başçılıq etdiyi Bakı bolşevikləri Azərbaycan xalqı adından XI ordunu Bakıya çağırmışdı. Mikoyanın ordu komandanlığı ilə razılaşdırdığı plana görə, rus ordusu Bakıda bolşevik qiyamının başlanmasından bir-iki gün sonra Azərbaycana soxulmalı idi. Məqsəd dünya ictimaiyyətində belə fikir formalaşdırmaq idi ki, guya Azərbaycan xarici müdaxilənin deyil, daxili çəkişmələrin qurbanı olmuşdur. Lakin qiyam başlamadan ordu birləşmələri aprelin 27-də Bakıya girdilər və həmin an ölkə parlamentinə AK(b)P MK və PK(b)P-nin Qafqaz Ölkə Komitəsinin Bakı bürosu adından hakimiyyəti təhvil vermək haqqında ultimatum verildi. Dinc əhali arasında qırğınlara və qurbanlara yol verilməməsi üçün Azərbaycan parlamenti həmin gün axşam saat 23.00 radələrində hakimiyyətin Azərbaycan kommunistlərinə verilməsi barədə qərar qəbul etdi. Beləliklə, Azərbaycan Respublikasının qanuni hökuməti hərbi təcavüz nəticəsində devrildi.

Lakin Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının dövlətçilik tarixində çox şərəfli yer tutan dövlət quruluşu idi. Bu tarix xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməlini qoymuşdur.         

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.-2013.- 31 may.- S.10.