Milli müstəqillik tariximizdə Hacıbəyli qardaşlarının rolu

 

XX əsrin ilk onilliyində, daha dəqiq desək, 1918-ci ilin martında təşkil edilmiş qırğından sonra Azərbaycan demokratiyası istiqlaliyyət uğrunda açıq mübarizə və milli hakimiyyət yaratmağın qurtuluş üçün yeganə yol olduğunu dərk etdi. Azərbaycan nümayəndəliyinin təkidilə Zaqafqaziya Seymi aprel ayının 9-da Zaqafqaziyanın suverenliyini elan etdi. Lakin daxili ziddiyyətlər nəticəsində Zaqafqaziya Federativ Demokratik Respublikası tezliklə dağıldı və 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycanın istiqlaliyyəti elan edildi. İstiqlal Bəyannaməsində Azərbaycan Demokratik Respublikasında ali icraedici hakimiyyətin Müvəqqəti hökumətə məxsus olduğu bildirildi. Müvəqqəti hökumət isə Azərbaycan Milli Şurasına tabe edildi. Səs çoxluğu ilə Məmməd Əmin Rəsulzadə Milli Şuranın sədri seçildi.

Milli Şuranın 1918-ci il mayın 28-də Tiflisdə qəbul etdiyi İstiqlal Bəyannaməsi ilə XIX əsrin əvvəllərində itirilmiş dövlətçiliyimiz Azərbaycan Xalq Cümhuriyyəti formasında bərpa olundu.

Azərbaycan Xalq Cümhuriyyəti öz qısa varlığı dövrundə mədəniyyətin inkişafına qayğı ilə yanaşmış, mədəni quruculuğa xüsusi diqqət yetirmişdir. Bu illərdə bir sıra mütərəqqi  dünyagörüşlü ziyalılarımız da Azərbaycanın ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edirdilər. Onların arasında ÜzeyirCeyhun Hacıbəyli qardaşlarını da görmək olardı.

Üzeyir bəy 1919-cu ilin yanvarından 1920-ci ilin aprelinədək Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilin sentyabrından nəşr olunan rəsmi mətbu orqanı "Azərbaycan" qəzetinin redaktoru idi. M.Ə.Rəsulzadə ilə Ü.Hacıbəyli mehriban dostluq münasibətləri saxlamış, mətbuatda sıx yaradıcılıq əməkdaşlığı etmişlər. M.Ə.Rəsulzadə hələ 1907-ci ildə Ü.Hacıbəylinin tərtib etdiyimaarifçilik sahəsində böyük rol oynamış "Siyasi, hüquq, hərbi və bir çox başqa terminlərin rusca-tatarcatatarca-rusca lüğətləri"nin redaktoru olmuş, 1908-ci ildə isə onun "Hesab məsələləri" kitabı haqda "İrşad" qəzetində məqalə yazmışdır. Üzeyir bəy "Azərbaycan" qəzetində redaktor işləyərkən M.Ə.Rəsulzadə burada müxtəlif mövzularda yazılarla çıxış etmişdir. Üzeyir bəy qəzetə rəhbərlik edərək onun ideya istiqamətini müəyyənləşdirmiş, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə kömək etmişdir. Qəzetdə Üzeyir bəyin "Partiyalarımıza", "Tarixi günümüz", "Andranikin məsələsi", "Vəzifəmiz nədir?", "Lənkəran faciəsi", "Kim nəyin fikrində imiş", "Qarabağ", "İçimizdəki denikinlər", "Ermənistan və Azərbaycan münasibəti", "Təəssürat" və s. kimi yazıları dərc edilmişdi.

Nazirlər Şurasının 1918-ci il 27 iyun tarixli fərmanı ilə Azərbaycan (türk) dili dövlət dili elan olundu, üzərində aypara səkkizguşəli ulduz əks edilmiş qırmızı parçadan hazırlanan Azərbaycanın dövlət bayrağı elan edildi. Noyabrın 9-da həmin bayraq göy, qırmızı, yaşıl rəngdən ibarət, üzərində aypara səkkizguşəli ulduz əksi olan üçrəngli bayraqla əvəz olundu.

AXC-nin dövlət bayrağı qəbul olunarkən Üzeyir bəy "Azərbaycan" qəzetinin 2 may 1919-cu il, 175-ci sayında "Bayrağımız saralmaz" məqaləsində yazırdı: "...Bayrağımız haqq bayrağıdır. O, bir millətin bəşəri hüquqlarının parçasıdır. Bir millətin ki, onun insan kimi yaşamağa haqqı vardır. Bir millətin ki, daha əsir olmaq istəmir...".

Müstəqillik dövründə Üzeyir bəy həm publisistika, həm də musiqi sahəsində əzmlə çalışırdı. O, 1919-cu ildə Əhməd Cavadın sözlərinə "Azərbaycan" adlı marş bəstələmişdi. 1992-ci ildən bu marş Azərbaycan Respublikasının dövlət himni kimi qəbul edilmişdir. O zamanlar bu marş hər səhər hərbi məktəblərdə dərs başlanmamışdan əvvəl oxunardı.

1919-cu ildə o, Azərbaycan adlı xoreoqrafik bir əsər də yaratmışdı. Quruluşca məhz səhnə üçün nəzərdə tutulmuş bu əsəri professional milli baletimizin ilk nümunəsi kimi qəbul etmək olar. "Azərbaycan" qəzetinin 1919-cu il 27 fevral tarixli 124-cü sayında göstərilirdi: "...Üzeyir Hacıbəyov tərəfindən "Azərbaycan" adlı bir balet rəqsi yazılmışdır ki, bu balet də "tərəkəmə" səbukundədir və səhnə üçün hazırlanmaqdadır...".

Qeyd edək ki, ilk sayı Gəncədə, qalan sayları Bakıda nəşr olunan "Azərbaycan" qəzeti 8-ci sayına qədər "redaksiya heyəti" imzası ilə, 8-19-cu sayları isə Üzeyir bəyin kiçik qardaşı Ceyhun Hacıbəyli və Şəfi bəy Rüstəmbəylinin müştərək redaktorluğu ilə çıxmışdır. 1918-ci il oktyabrın 7- dən isə bu qəzet həm də "Azerbaydjan" adı ilə rus dilində ayrıca nəşr olunmağa başlamışdı.

AXC hökuməti tərəfindən 1919-cu ilin yanvarında Paris sülh konfransında iştirak etmək üçün nümayəndə heyətinin tərkibində xaricə yola düşənədək Ceyhun bəy "Azərbaycan" qəzetinin redaktoru olmuşdur. Ceyhun bəy xatirələrində bu səfərin nəticələrini belə nəql edirdi: "...Əvvəllər idarə etdiyim milli "Azərbaycan" qəzetimizi istəkli qardaşım Üzeyirə həvalə edərək, yeni bir vəzifə ilə Avropaya gəldik. Yeni təşkil etdiyimiz Azərbaycan dövlətinin başqa mədəni millətlər və sülh konqresinə toplanmış dövlətlərin ali məclisi tərəfindən rəsmən tanınmasına nail olduq...". Siyasi, ictimai, ədəbi və iqtisadi gündəlik qəzet olan "Azərbaycan" 1918-ci ildə kiçik formatda 4 səhifədən ibarət çıxırdısa, 1919-cu ildən qəzetin formatı iki dəfə böyüdübayramla əlaqədar günlərdə isə altı səhifə buraxılırdı.

Sülh konfransının səmərəsi barədə Üzeyir bəy "Azərbaycan" qəzetində dərc edilən "Mühüm məsələlər" və "İstiqlalistiqbal ümidi" adlı məqalələrində yazırdı: "...Sülh konfransı cahan müharibəsinin intac etdiyi əzim bir məclis olacaqdır ki, böyük-böyük inqilabların hasil və məhsulunu üzə çıxaracaqdır... Biz Azərbaycanı və Azərbaycan türklərini Yevropaya və müttəfiq dövlətlərə tanıtmalıyıq, özümüzə məxsus tarixə, gözəl və xüsusi bir ədəbiyyata malik olduğumuzu, musiqimizin ümumqafqaz millətlərinə zövq və ləzzəti-ruhani verən bir musiqi olduğunu bildirməliyik...".

Azərbaycan nümayəndə heyətinin konfrans ərəfəsində Fransanın paytaxtında çap etdirdiyi kitablar, bülletenlər və s. materiallar o dövrdə böyük əhəmiyyətə malik idi. Fransız və ingilis dillərində çap olunmuş "Qafqaz Azərbaycan Respublikası", "Qafqaz Azərbaycan Respublikasının sülh konfransına memorrandumu" da çox maraqlıdır. Burada həmçinin Azərbaycan nümayəndəliyinin aylıq bülleteniçap olunurdu.

Ceyhun bəyin Azərbaycan həyatının müxtəlif sahələrinə dair ayrı-ayrı mətbu orqanlarında dərc olunmuş yüzlərlə yazısı xalqın maariflənib tərəqqisi işinə yardım etmişdir. Publisistin zəngin irsi dövrün doğru-düzgün mənzərəsini yaratmaq mənasında bu gün də faydalıdır. Qeyd edək ki, Azərbaycan mətbuatı tarixinə dair ilk mükəmməl, sistemli, əhatəli tədqiqat işi də məhz Ceyhun Hacıbəyliyə məxsusdur.

Konfrans dövründə Ceyhun bəy Parisdə nəşr olunmuş "Rövyü Monde müzülman" jurnalında "Birinci müsəlman respublikası - Azərbaycan" adlı məqalələr toplumunu dərc etdirmişdi. Sonra isə o, bu məqalələri kitab halında çap etdirmişdi. Avropa oxucularını mədəniyyətimizlə tanış edən Ceyhun bəy Üzeyir bəyin "Arşın mal alan" operettasını fransız dilinə tərcümə etmiş və səhnəyə qoymuşdur. O, tez-tez qəzet səhifələrində çıxış edərək, rus və ermənilərin Azərbaycandakı qeyri-normal hərəkətlərindən də yazırdı. Mühacirət illərində Ceyhun bəy digər qəzet və jurnallarla, radio ilə də əməkdaşlıq etmiş, Azərbaycanla bağlı külli miqdarda məqalələr yazmış, tədqiqatlar aparmışdır. O, fransız dilində çıxan "Qafqaz", Münhendə Azərbaycan dilində nəşr olunan "Azərbaycan" jurnalına redaktorluq etmiş, Azadlıq radiosunun yaradıcılarından biri olmuşdur.

Ceyhun Hacıbəyli 1920-ci il 28 aprel bolşevik çevrilişindən sonra vətənə qayıda bilməmiş, Fransada yaşayaraq 1962-ci il oktyabrın 22-də 71 yaşında Parisdə vəfat etmişorada da dəfn olunmuşdur.

AXC-nin süquta uğraması Azərbaycanın siyasi və mədəni həyatına çox böyük zərbə vurmuşdur. Belə ki, Cümhuriyyət dövründə əldə edilmiş bir çox uğurların üstündən xətt çəkilmişdi. O cümlədən ÜzeyirCeyhun Hacıbəyov qardaşları tərəfindən hələ 1914-cü ildə "Nicat" cəmiyyəti nəzdində yaradılan müstəqil opera-operetta artistləri truppası da 1920-ci il aprelin 28-də (ADR süqut edən gün) çağırılan iclas zamanı "mövqeyi etibarını itirdiyi" üçün ləğv edilmişdir.

71 ildən sonra Azərbaycan mayın 28-ni Azərbaycan dövlətinin yaranma günü elan etdi. Bu isə o demək idi ki, xalqımız ikinci dəfə azad və müstəqil yaşamaq hüququnu qazandı.

 

 

Təranə HƏSƏNOVA,

Üzeyir Hacibəylinin ev muzeyinin kiçik elmi işçisi

 

Azərbaycan.-2013.- 31 may.- S.11.