İzmirdə keçirilən XI Beynəlxalq Türk Dili Olimpiadası başa çatdı

 

İzmirdə keçirilən XI Beynəlxalq Türk Dili Olimpiadası bu dəfə də öz füsunkarlığı, müxtəlif xalqların təmsilçilərinin birgə iştirakçılığı ilə yaddaşlarda qaldı. Ənənə halını alan tədbir İzmir Sərgi, Açıq Hava Teatrında təşkil edilmişdi.

İzmir şəhər sakinlərinin  böyük izdihamla izlədiyi tədbirə qatılan xarici ölkə nümayəndələrinin sayı da çox idi. Türkiyənin Çatdırılma, Dənizçilik və Xəbərləşmə Nazirliyinin rəhbəri Binəli Yıldırım əvvəlcə dünyanın müxtəlif ölkələrində açılan Türkiyə məktəblərindən bəhs etdi. Tədbirə 140 ölkədən 2 min şagirdin qatıldığını vurğulayan nazir İzmirin qonaqpərvərliyindən də geniş bəhs etdi: "Dünyanın dörd bir tərəfindən ölkəmizə, İzmirə gələn sevimli gəncləri, hamınızı sevgi və hörmətlə salamlayıram. İzmir kraliçaya bənzədilmiş bir şəhərdir. Bu şəhərə gəlməklə, bizim qonağımız olmaqla İzmirə gözəllik qatdınız. Ölkəmiz və millətimiz adından sizləri görməkdən böyük bir məmnunluq duyuruq. Sizlərin timsalında bütün dost və qardaş ölkə xalqlarını sevgi və hörmətlə salamlayırıq. Hər il bu tarixdə ölkəmizin fərqli şəhərlərində təşkil edilən bu bayram həyatımıza nüfuz edir, ürəklərimizi yumşaldır, bizə tolerantlıq və qardaşlığı, cihan mərdliyini xatırladan bir iqlim meydana gətirməyə kömək edir. Bu fəaliyyətlərlə birlikdə fərqli coğrafiya, bölgə və mədəniyyətlərdən ölkəmizə gələn, yurdun dörd bir yanında məltəm küləyi əsdirən bu qardaşlarımızdan sarı çox darıxmışdıq. Türkcə könüllər arasındakı gizli körpülərin təməlini atan, insanlığa barışı, sevgini, xoşgörüşü izah edən bir dildir. Bir ölkənin dilini bilmək o ölkənin mədəniyyəti ilə qardaş olmaq deməkdir. Daha dərindən o ölkəni anlamaq deməkdir. Bunun digər mənası da dünya ilə ünsiyyət qurmaqdır. Qlobal sülhü və qardaşlığı inkişaf etdirməkdir. Dünyanın hər tərəfindəki türk məktəbləri sayəsində dünya ölkələri arasında Türkiyə getdikcə əhəmiyyətini artırır. Bu nöqtəyə gəlməyimizin arxasında minlərlə, dünyanın hər yerində çalışan türk sevgisi, vətən sevgisi ürəklərinə naxış-naxış işləmiş türk müəllimlərimiz var. Anadolunun fədakar gənc ana-atalarına, müəllimlərinə, onların yoldaşlarına buradan salam olsun. Bu vəsiləylə onları müvəffəqiyyətləri münasibətilə təbrik edirəm".

Tədbirdə çıxış edən təşkilatçılar isə bayram tədbirinin "Expo 2020" namizədi İzmirdə keçirilməsinin böyük önəmindən danışdılar. Mədəniyyət şöləsinin açılışı "Yeni bir dünya" mahnısının səsləndirilməsi ilə sona çatdı. Stendlərin təşkil olunduğu ərazidə isə ən çox diqqət və tamaşaçı marağı cəlb edən Azərbaycana məxsus stend oldu. Qız qalasının, Qoşa qala qapısının və digər tarixi abidələrin hazırlandığı stendə baxanlara Azərbaycan şirniyyatları da təqdim edildi. Müxtəlif ölkələrdən gələn iştirakçıların mahnı və rəqslərindən sonra Azərbaycan təmsilçilərinin hazırladığı özəl proqram türk mədəniyyətinə öz möhürünü vurdu. Açıq Hava Teatrını bəzəyən Azərbaycan bayraqları isə tədbirə bir ayrıca ab-hava qatırdı. Möhtəşəmliyi ilə seçilən proqram izmirlilərin də böyük maraq və sevincinə səbəb oldu.

 

 Elnur HACALIYEV

 

Azərbaycan.-2013.- 30 may.- S.9.