Bakıda «Azərbaycanın müəllif-hüquq sistemi 20 ildə» mövzusunda Beynəlxalq konfrans keçirilmişdir

 

Mayın 29-da Bakıda "Azərbaycanın müəllif-hüquq sistemi 20 ildə" mövzusunda Beynəlxalq konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki,  Müəllif Hüquqları Agentliyinin (MHA) müstəqillik dövründəki fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbirdə hökumət və dövlət qurumlarının rəsmi şəxsləri, Milli Məclisin deputatları, ziyalılar, ictimaiyyətin nümayəndələri,  yerli və  xarici ölkə mütəxəssisləri, KİV təmsilçiləri iştirak etmişlər.

Konfransda MHA-nın sədri Kamran İmanovun "Azərbaycanın müəllif-hüquq sistemi 20 ildə" mövzusunda  məruzəsi dinlənilmişdir.

K.İmanov bildirmişdir ki, cari ildə Müəllif Hüquqları Agentliyinin müstəqillik dövründə fəaliyyətinin 20 ili tamam olur. MHA keçmiş SSRİ dövründə Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan şöbəsi kimi fəaliyyət göstərmişdir. Müəllif Hüquqları Agentliyi Azərbaycan müəllif-hüquq sisteminin yaradıcısı  ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1993-cü ildə  respublikanın  ilk ixtisaslaşmış mərkəzi icra hakimiyyəti orqanı statusunda yaradılmışdır.  1996-cı ildə müstəqil Azərbaycanın əqli mülkiyyət sahəsində "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" ilk qanunu qəbul edilmişdir.

Sonrakı illərdə Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında ölkəmizdə müəllif-hüquq sisteminin dinamik inkişafı davam etdirilmiş, yeni yanaşmalarla zənginləşdirilmiş, müasir tələblər əsasında beynəlxalq standartlara uyğunlaşdırılmış, qanunvericilik bazası müasir informasiya-kommunikasiya texnologiyalarının tələbləri və inkişaf meyilləri nəzərə alınmaqla daha da təkmilləşdirilmişdir. Geniş beynəlxalq əlaqələrə malik olan Azərbaycan 1995-ci ildə  Dünya Əqli Mülkiyyət Təşkilatına (DƏMT) üzv olmuş, sonrakı illərdə müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində bütün beynəlxalq konvensiya və müqavilələrə qoşularaq fəal mübadiləyə başlamışdır. Bütün bunların nəticəsi olaraq DƏMT və Avropa İttifaqı (Aİ) mütəxəssislərinin, əqli mülkiyyət üzrə beynəlxalq ekspertlərin rəyinə əsasən, bu gün Azərbaycan MDB və Şərqi Avropa məkanında əqli mülkiyyət üzrə təkmil milli idarəetmə sisteminə və zəngin qanunvericilik bazasına malik olan ölkələrdəndir. Azərbaycanın müəllif-hüquq sistemi MDB məkanında ən inkişaf etmiş və nümunəvi sistemlərdən biri hesab olunur.

Hazırda Azərbaycanda inzibati idarəçiliyi Müəllif Hüquqları Agentliyi tərəfindən  həyata keçirilən və bilavasitə müəllif-hüquq sahəsini tənzimləyən beş qanun qüvvədədir. Bunlar "Müəllif hüququ və əlaqəli hüquqlar haqqında" (1996), "İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında" (2002), "Azərbaycan folklor nümunələrinin qorunması haqqında" (2003), "Məlumat toplularının hüquqi qorunması haqqında" (2004) və "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" (2012) qanunlardır.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci ildə təsdiq etdiyi Əsasnaməyə görə, Müəllif Hüquqları Agentliyi müəlliflik hüququ, digər əqli mülkiyyət hüquqları və qeyri-maddi mədəni irsin qorunması sahəsində mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərir. Hazırda agentlik müəllif-hüquq sahəsində 70-dən çox vəzifə və funksiyanı yerinə yetirir.

Qeyd olunmuşdur ki, dövlət başçısının göstərdiyi qayğı və dəstək sayəsində son illərdə  bənzərsiz "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Qanun qəbul edilmiş, Azərbaycan 2006-cı ildə ABŞ hökumətinin müəllif hüquqlarını pozan ölkələr siyahısından çıxarılmış, DƏMT-in Akademiyası tərkibində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi fəaliyyətə başlamışdır. Eyni zamanda, rəqəmli hüquqların idarə edilməsi sistemi və elektron xidmətlər yaradılmış, əqli mülkiyyət sahəsinin müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqlarının inkişafına aid Uzunmüddətli Milli Strategiya hazırlanmışdır. Aİ ilə birgə bənzəri olmayan Tvinninq layihəsi həyata keçirilmiş, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları prioritet istiqamət kimi qəbul edilmişdir.

MHA-nın sədri vurğulamışdır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində son 10 ildə ölkəmizin ümumi daxili məhsulunda kreativ sənayenin payı iki dəfədən çox artaraq 4,5 faizə yüksəlmiş, piratçılığın səviyyəsi müxtəlif seqmentlər üzrə 9-28 faiz aşağı düşmüş, kadrların peşəkarlığı sahəsində işlər gücləndirilmiş, 40-dək   mütəxəssis bu və ya digər formada ixtisasını artırmışdır.

Azərbaycan MDB məkanında əsərlərin könüllü qeydiyyat sistemini tətbiq edən ilk ölkələrdən biridir. Əsərlərin qeydiyyat sisteminin tətbiqinə 1996-cı ilin mart ayından başlanılmışdır. Həmin vaxtdan indiyədək MHA-da doqquz minə yaxın əsər qeydiyyatdan keçirilmişdir. Qeydiyyat, eyni zamanda, elektron qaydada da  aparılır. Bununla əlaqədar xüsusi "Elektron xidmət" bölməsi yaradılmışdır. Müəllif agentliyin www.copag.gov.az saytında həmin bölməyə daxil olaraq əsərini qeydiyyatdan keçirə bilər.

Hazırda Müəllif Hüquqları Agentliyi "960" qaynar xəttə, ictimai-hüquqi məsləhətxanaya, Smart tipli treninq xidmətinə, Hüquqların Təminatı Mərkəzinə, Rəqəmli Hüquqların İdarəçilik Sisteminə malik olan, müəllif hüququ, digər oxşar hüquqlar və qeyri-maddi mədəni irsin qorunması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

K.İmanov demişdir ki, MHA-nın 20 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin 2013-cü il 7 may tarixli sərəncamı ilə agentliyin  dörd əməkdaşının səmərəli fəaliyyətinə görə orden və medallarla təltif edilməsi kollektivdə böyük qürur hissi doğurmuş və minnətdarlıqla qarşılanmışdır. Xalqımızı və dövlətimizin başçısını bir daha əmin edirəm ki, kollektivimiz səmərəli fəaliyyəti istiqamətində  bundan sonra da səyini, bilik və bacarığını əsirgəməyəcəkdir.

Sonra mükafatlar sahiblərinə təqdim olunmuşdur.

Milli Təhlükəsizlik Nazirliyi Aparatının rəhbəri Fərhad Vahabov tədbirdə çıxış edərək  bildirmişdir ki, Azərbaycanın regionda artan nüfuzu, transmilli iqtisadi layihələrin reallaşdırılmasında həlledici rolu, xalqımızın milli maraqlarına və milli təhlükəsizliyinin təminatına istiqamətləndirilmiş müstəqil siyasəti Ermənistanın Azərbaycan xalqının maddi-mədəni irsinə qarşı yönəltdiyi davamlı mədəni ekspansiyasının əsas səbəblərindəndir. Azərbaycan xalqının maddi-mədəni irsinin, intellektual mülkiyyətinin erməni mənimsəmələrinə qarşı mübarizə günümüzün əsas tələblərindəndir. Bu istiqamətdə fəaliyyətlərin daha da genişləndirilməsi və gücləndirilməsi vacib məsələlərdəndir.

Nazirliyin rəsmisi milli mənafeyimizin və dövlətçilik ənənələrimizin qorunması sahəsində təmsil etdiyi qurum ilə MHA arasında əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini bildirmiş, agentliyin kollektivini yubiley münasibətilə təbrik etmişdir.

Ədliyyə nazirinin müavini Toğrul Musayev bildirmişdir ki, Müəllif Hüquqları Agentliyi ötən 20 ildə əqli mülkiyyətin qorunması sahəsində dövlət siyasətini uğurla həyata keçirmiş, Azərbaycanın müəllif-hüquq sisteminin möhkəmləndirilməsində səmərəli fəaliyyət göstərmişdir. Ədliyyə Nazirliyi bir sıra məsələlərdə MHA ilə əməkdaşlıq edir. Agentliyin təşkil etdiyi seminarlarda nazirliyin əməkdaşları da iştirak etmişlər. T.Musayev MHA-nın kollektivini yubiley münasibətilə təbrik etmiş, onlara daha böyük uğurlar arzulamışdır.

Sonra Dünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Fransis Qarrinin Azərbaycanın əqli mülkiyyət sisteminin 20 illiyi ilə əlaqədar videotəbriki nümayiş olunmuşdur.

Azərbaycanın müəllif-hüquq sisteminin 20 illik fəaliyyətini əks etdirən qısametrajlı film göstərilmişdir.

Tədbirdə Nazirlər Kabinetinin sektor müdiri Elxan Bağırzadə, DƏMT-in Avropa və Asiyanın müəyyən ölkələri üzrə departamentinin direktoru Mixal Svantner, Avropa İttifaqının nümayəndəsi Federiko Berna, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun direktoru Elçin Babayev, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Aİ-nin Tvinninq layihəsinin rezident-müşaviri İoannis Kikkis, beynəlxalq ekspert Mihali Fiçer, Yunanıstanın Azərbaycandakı səfiri İoannis Metaksas və başqaları çıxış edərək Müəllif Hüquqları Agentliyinin 20 illik fəaliyyətini yüksək qiymətləndirmiş, qurumun kollektivinə uğurlar arzulamışlar.

Tədbirdə agentliyin bir qrup əməkdaşına MHA-nın fəxri fərmanları, xarici ölkə mütəxəssislərinə diplomlar təqdim olunmuşdur.

 

Azərbaycan.-2013.- 30 may.- S.10.