Qədim Gəncə möhtəşəm yubiley ərəfəsindədir

 

Azərbaycanın İntibah tarixində xüsusi yeri olan, qədim və zəngin milli-mədəni dəyərlərə malik Gəncə şəhərinin dünyaya bəxş etdiyi Şeyx Nizami Gəncəvi, Əbül-Üla Gəncəvi, Ömər Gənci, Qivami Gəncəvi, Əbubəkr Gəncəvi, Rəziyyə Gəncəvi, Siti Gəncəvi kimi dahilər sırasında ilk məşhur Şərq şairi, mütəfəkkiri, ilk şahmatçı qadın, ilk görkəmli musiqiçi qadın və ilk bəstəkar Məhsəti Gəncəvinin özünəməxsus yeri vardır. Təsadüfi deyildir ki, bir sıra klassiklərimizin əvəzsiz elmi, ədəbi irsinin tədqiqi və təbliği sahəsində çoxsaylı qərarlar vermiş ulu öndər Heydər Əliyev dahi Azərbaycan şairi və mütəfəkkiri Məhsəti Gəncəvinin irsinə böyük qiymət vermiş, əsərlərinin öyrənilməsi, nəşri, təbliği, yubileylərinin keçirilməsi, adının əbədiləşdirilməsi sahəsində böyük işlər görmüşdür.

Ulu öndər Heydər Əliyevin söylədiyi "Nizami və Məhsəti kimi böyük mütəfəkkir, dühaları dünyaya bəxş edən Gəncəyə eşq olsun" sözləri dahi rəhbərimizin maddi-mədəni irsimizə ehtiramının göstəricisidir.

Bir məqamı xüsusi olaraq qeyd etmək lazımdır ki, ulu öndər hələ sovetlər dönəmində ölkəyə rəhbərlik etdiyi illərdən etibarən görkəmli şəxsiyyətlərimizin, ədiblərimizin irsinin öyrənilməsi və yaşadılması sahəsində dəyərli tədbirlər həyata keçirmişdir. 1979-cu ildə "Böyük Azərbaycan şairi Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsi, nəşri və təbliğini yaxşılaşdırmaq tədbirləri haqqında", 1981-ci ildə "Nizami Gəncəvinin anadan olmasının 840 illik yubileyi" haqqında, eləcə də görkəmli şairlər Mirzə Şəfi Vazeh, Məhəmməd Hadi haqqındakı sərəncamlar Gəncədə maddi-mədəni dəyərlərin inkişafı sahəsində görülən ən vacib işlərdən olmuşdur.

Gəncənin tarixi abidələrinə yüksək qiymət vermiş ümummilli lider Heydər Əliyev 1969-cu ildən etibarən şəhərdə olan məqbərələri, sarayları, məbədləri, məscidləri, qəbiristanlıqları, körpüləri, kəhrizləri, ovdanları, günbəzləri, minarələri və tarixi keçmişimizin digər maddi yadigarlarını bərpa etdirmişdir. Milli-mənəvi dəyərlərimizin təbliğatçısı və qoruyucusu olan Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın qloballaşan dünya üçün nümunə olan fəaliyyəti məhz bu ülvi ideyalardan qaynaqlanmışdır. Comərd Qəssab, Cavad xan türbələri, qədim Gəncə qapıları, Fatimeyi-Zəhra məscidi kimi çoxsaylı abidələrin tikilməsi və bərpası buna örnəkdir.

Təsadüfi deyildir ki, tarixi keçmişimizə xüsusi ehtiram və qayğı ilə yanaşmış ulu öndər demişdir: "Şərqin qədim elm, mədəniyyət və qəhrəmanlıq mərkəzlərindən biri olan Gəncə  şəhəri milli və ümumbəşəri səciyyə kəsb edən tarixi-memarlıq abidələri ilə zəngindir. Gəncə şəhərinin günümüzə gəlib çatmış tarixi-memarlıq abidələri xalqımızın və bütövlükdə ümumbəşəri dəyərlərin, ənənələrin yüksək göstəriciləridir".

Ulu öndər Heydər Əliyevin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev siyasi kursu uğurla davam etdirərək Məhsəti Gəncəvi irsinin tədqiqi və təbliğinə böyük həssaslıqla yanaşmış, 2004-cü ildə Azərbaycanın görkəmli klassiklərinin yaratdıqları möhtəşəm əsərlərlə yanaşı, Məhsəti Gəncəvinin  rübailəri də latın qrafikası ilə nəfis şəkildə yenidən nəşr edilmiş, şairin poeziya günləri keçirilmişdir.

Ölkə rəhbərinin Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında 16 yanvar 2013-cü il tarixli sərəncamı da milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində respublikamızda həyata keçirilən məqsədyönlü siyasətin tərkib hissəsi kimi qədirbilən gəncəlilər tərəfindən minnətdarlıqla qarşılanmışdır.

Gəncə sakinləri ulu öndərin bu müdrik kəlamını daim ehtiramla xatırlayırlar: "Məhsəti xanım Azərbaycan xalqının mənəvi aləminin bəşəriliyini, böyüklüyünü və insanpərvərliyini tərənnüm etdirən görkəmli söz sərrafıdır".

UNESCO-nun 29 oktyabr 2012-ci ildə keçirilən Baş Konfransının 36-cı sessiyasında Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin qeyd olunmasına dair qərarın qəbul olunmasının bəyan edilməsi isə bütün dünya azərbaycanlıları üçün tarixi hadisəyə çevrilmişdir.

Şairin doğma yurdu Gəncədə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 yanvar 2013-cü il tarixli sərəncamına uyğun olaraq ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyi çərçivəsində beynəlxalq miqyaslı möhtəşəm tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Yubiley tədbirləri çərçivəsində ziyalılar və alimlərdən ibarət geniştərkibli Məhsəti Gəncəvi Komissiyası yaradılmış, tədbirlər planı hazırlanmışdır.

Qeyd olunan möhtəşəm tədbirlərin ən mühüm göstəricilərindən biri də, heç şübhəsiz, ölkəmizdə bərabəri olmayan, geniş bir sahəni əhatə edəcək Məhsəti Gəncəvi Mərkəzinin inşa edilməsidir. Dahi şairin abidəsi ilə yanaşı, onun yaşayıb-yaratdığı tarixi mərhələyə aid çoxsaylı dəyərli nümunənin də toplanaraq mühafizə ediləcəyi bu mərkəz həm də Gəncənin əvəzsiz elmi və ədəbi irsinin təbliğ olunacağı müqəddəs tarixi ocaq kimi fəaliyyət göstərəcəkdir.

Gəncə Şəhər İcra Hakimiyyətinin tövsiyə və təşəbbüsü  ilə Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin alim və tədqiqatçıları tərəfindən Məhsəti Gəncəvi haqqında elektron ensiklopediyalarda olan məqalələr araşdırılmış, şairin yaradıcılığının 900 illik  yubileyi elmi monoqrafiyalarda qeyd edilmişdir. Dahi şairin doğma vətənində təntənəli şəkildə yubileyinin qeyd edilməsi elektron resurslar vasitəsilə dünya ictimaiyyətinə çatdırılmışdır. Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi  tərəfindən Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyi münasibətilə beynəlxalq elmi-praktik konfransın keçirilməsinə hazırlıq işləri görülmüş, konfransda Azərbaycanla yanaşı, dünyanın bir sıra görkəmli alimlərinin iştirakı nəzərdə tutulmuşdur.

Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubiley tədbirləri sırasında Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə İsgəndəriyyə, Bruklin kitabxanalarında, Böyük Britaniya Milli Kitabxanasında, ABŞ-ın MetropolitenSmitsoniya Milli Təbiət Tarixi Muzeyində, Yeli Universitetində Məhsəti Gəncəvi rübailərinə çəkilmiş illüstrasiya və miniatürlərın qorunan nadir nüsxələrinin şairin doğma yurduna gətirilməsi də qeyd edilməlidir. Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Böyük Britaniyanın Milli Kitabxanasında qorunan görkəmli ingilis şərqşünası Pol Smitsin Məhsəti Gəncəviyə həsr etdiyi dörd monoqrafiya şairin doğma yurduna gətirilmiş və tərcümə edilərək çap olunmuşdur.

Ümumilikdə Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubiley tədbirləri sırasında Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə şairin doğma yurduna 110 illüstrasiyaminiatürün qorunan nadir nüsxələri gətirilmişdir. İlk dəfə olaraq bu dəyərli sənət əsərləri toplu şəklində hazırlanmış və nəşr edilmişdir. Qeyd olunan illüstrasiya və miniatürlərin nadir nüsxələrinin çoxsaylı beynəlxalq nümayəndələrin iştirakı ilə  keçiriləcək ümumşəhər sərgisində nümayiş etdirilməsi də Gəncənin mədəni tarixində əlamətdar hadisə kimi yaşayacaqdır.

Bütün bu işlər ölkə rəhbərliyinin diqqət və dəstəyi sayəsində Gəncə Şəhər İcra Hakimiyyəti rəhbərliyinin UNESCO qərargahına Şeyx Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə hazırlanmış sənədli film, eləcə də Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr olunmuş elmi monoqrafiyalar, Gəncə xalçaları, tarixi sənədlər kimi mühüm materialları təqdim etməsi və UNESCO səviyyəsində bu yubileyin ilkin tədbirlərinin qeyd olunması nəticəsində mümkün olmuşdur.

Eyni zamanda, Gəncənin ziyalı və alimlərinin Məhsəti Gəncəvi yaradıcılığının ayrı-ayrı cəhətlərinin elmi əsaslarla tədqiqinə həsr olunmuş 15 monoqrafiyası çap olunmuşdur. Bu dəyərli tədqiqat əsərlərində ilk dəfə olaraq Məhsəti Gəncəvinin yaşayıb-yaratdığı tarixi mərhələdə elmin inkişafı, ədəbi tərəqqinin səciyyəvi xüsusiyyətləri elmi cəhətdən araşdırılmışdır. Həmçinin qeyd olunan monoqrafiyalarda bu dahi mütəfəkkir və şairin rübailəri elmi əsaslarla tədqiqata cəlb edilmiş, toplu şəklində hazırlanmışdır.

Gəncə alimləri tərəfindən dəyərli tarixi mənbələrin təfsilatlı surətdə araşdırılması, orta əsrlər mərhələsinə aid müxtəlif arxeolojietnoqrafik nümunələrin toplanaraq elmi əsaslarla tədqiq edilməsi sayəsində Məhsəti Gəncəvi dövrünün musiqi və incəsənət ənənələri, yerli geyimümumi sayı 20-dən çox olan qədim sənətkarlıq sahələrinə aid nümunələrin ilk dəfə olaraq geniş surətdə elmi təsviri ilə səciyyələndirilərək hazırlanan bu monoqrafiyalar həm də tariximizin, minilliklərə istinad edən maddi və mənəvi dəyərlərimizin gələcək nəsillərə çatdırılmasına xidmət edəcək.

Bu möhtəşəm yubiley münasibətilə çoxsaylı sərgilərin, konsert və tamaşaların beynəlxalq nümayəndələrin iştirakı ilə keçirilməsi də, əminik ki, son iki ildə böyük inkişafa imza atmış şəhərimizin tərəqqisinə növbəti dəyərli töhfə olacaqdır.

 

 

Fuad ƏLİYEV,

AMEA Gəncə Bölməsinin rəhbəri, əməkdar elm xadimi, Gəncə Şəhər  Ziyalılar Cəmiyyətinin sədri, professor

 

Azərbaycan.-2013.- 30 may.- S.10.