Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində

 keçiriləcək «dəyirmi masa» rəhbərlərinin çıxışları dinlənilmişdir

 

Noyabrın 1-də Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçiriləcək "dəyirmi masa" rəhbərlərinin çıxışları dinlənilmişdir.

İclasa sədrlik edən təhsil naziri Mikayıl Cabbarov qonaqları salamlamış və forumun əhəmiyyətindən danışmışdır. Nazir bildirmişdir ki, forumun rəsmi hissəsində və plenar iclasında səslənən fikirlər noyabrın 1-də keçiriləcək "dəyirmi masa"ların əsasını təşkil edir. Elm və təhsil sahəsində son illərdə ölkəmizdə mühüm işlərin görüldüyünü bildirən nazir vacib islahatların həyata keçirildiyini, bu günlərdə təhsilin inkişafı ilə bağlı dövlət strategiyasının təsdiq olunduğunu vurğulamışdır. 

 

*  *  *

 

"Davamlı inkişafekoloji sivilizasiya" mövzusunda "dəyirmi masa"ya rəhbərlik edəcək Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün (IDEA) təsisçisi və direktoru Leyla Əliyeva bu gün Bakının dünyanın sürətlə dəyişən şəhərlərindən biri olduğunu, forumun keçirildiyi Heydər Əliyev Mərkəzinin bunu tam əks etdirdiyini bildirmişdir. Leyla Əliyeva tolerantlığın bizim üçün yeni ideya deyil, mədəniyyətimizin və həyatımızın bir hissəsi olduğunu qeyd etmiş, ekoloji məsələlərə diqqət yetirməyin vacibliyini vurğulamışdır.

 

IDEA-nın təsisçisi bildirmişdir ki, ekoloji sivilizasiyanın yaradılması bəşəriyyətin arzusudur. İnsanlar ətraf mühitə baxışlarını dəyişməsələr, gələcəkdə ekoloji fəlakətlər bəşəriyyətin həyatı üçün real təhlükəyə çevriləcəkdir. Leyla Əliyeva IDEA kampaniyası çərçivəsində ölkədə 14 milyon ağacın əkildiyini, dünyanın bir sıra ekoloji şirkətləri ilə əməkdaşlığın qurulduğunu, nəsli kəsilməkdə olan heyvanların qorunmasına yönələn bir çox təşəbbüslərin dəstəkləndiyini, 90 ölkədə 1400 uşağın iştirakı ilə ekologiya mövzularına həsr olunan müsabiqənin təşkil edildiyini diqqətə çatdırmışdır. Forumda müzakirələr zamanı yeni terminlərin - ekoloji mədəniyyət, ekoloji jurnalistika, ekoloji təhlükəsizlik, ekobiznes və digər anlayışların yarandığını qeyd edən Leyla Əliyeva əminliklə bildirmişdir ki, birgə səylərlə ətraf mühitin qorunmasında mühüm nailiyyətlər əldə olunacaqdır.

 

*  *  *

 

"Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları" adlı "dəyirmi masa"nın rəhbəri, ABŞ-ın Roçester Universiteti Optika İnstitutunun direktoru Si-Çenq Çjan Kvant kompyuterləri texnologiyasının müasir dövr üçün əhəmiyyətinə toxunaraq yenilənmiş enerji ilə bağlı tədqiqatların artırılmasının vacibliyini vurğulamışdır. O, humanitar forumun elm adamlarına təcrübə mübadiləsinin aparılması üçün geniş imkanlar  yaratdığını bildirmişdir.

 

*  *  *

 

Kanadanın Vaterloo Universitetinin rektoru, "Elmi innovasiyalar və onların təhsil mühitinə transferi" mövzusunda "dəyirmi masa"ya sədrlik edəcək professor Feridun Hamdullahpur müasir dövrdə elmin inkişafı ilə bağlı görülən işlərin diqqəti cəlb etdiyini,    dünyanın hər yerində təhsil imkanlarının genişləndirilməsinin vacibliyini vurğulamışdır. Bunun üçün dünyanın müxtəlif  ölkələrində işsizlik probleminin həll edilməsinin vacibliyini qeyd edən kanadalı alim məhz bu halda dünyada təhsil imkanlarının genişlənəcəyini və gələcəyin liderlərinin yetişəcəyini diqqətə çatdırmışdır.

 

*  *  *

 

Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy rəhbərlik edəcəyi "Multikulturalizmözgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında" adlı "dəyirmi masa"da  müzakirə olunacaq məsələlərdən danışmışdır. O, multikulturalizmin həyatda əksər proseslərə təsir etdiyini, bu sahədə yaranan böhranın isə son dərəcə mürəkkəb problemlərə səbəb olduğunu vurğulamışdır.

 

*  *  *

 

ABŞ-ın Şimal-Qərb Universitetinin immunoterapiya bölməsinin rəhbəri Riçard Bert sədrlik edəcəyi "Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə" mövzusunda "dəyirmi masa"da müasir tibb elminin problemlərinə  nəzər salınacağını bildirmiş, müasir tibbdə hüceyrə tədqiqatları sahəsində əldə edilən uğurlardan danışmışdır.

 

*  *  *

 

Avstraliyanın Sosial Texnologiyalar Konsaltinqinin rəhbəri Frank Kemp Salter "Postmodern dövründə milli özünüdərk"  mövzusunda "dəyirmi masa"da müzakirə olunacaq məsələlərdən söz açmışdır. O, modern dünyada milli özünəməxsusluğun əhəmiyyətinin getdikcə artdığını və postmodernizmin qloballaşma, internet və digər vasitələrlə ixrac edildiyini diqqətə çatdırmışdır.

 

*  *  *

 

"İqtisadi inkişafın humanitar aspektləri" mövzusunda "dəyirmi masa"ya rəhbərlik edəcək Böyük Britaniyanın Qlobal Tədqiqatlar Mərkəzinin direktoru, Uorvik Universitetinin fəxri professoru Robert Skidelski bu sahədə müasir yanaşmaların ciddi maraq doğurduğunu  söyləmiş, mövzu ilə bağlı fikirlərini bildirmişdir.

 

*  *  *

 

"Qloballaşan informasiya məkanında medianın aktual məsələləri" mövzusunda isə Türkiyənin Anadolu Xəbər  Agentliyinin baş direktoru və idarə heyətinin sədri Kamal Öztürk danışmışdır. Türkiyəli qonaq bildirmişdir ki, regionda davam edən qanlı toqquşmalar nəticəsində medianın fəaliyyət imkanları məhdudlaşmış, bunun qarşısının alınması üçün  dünyada sabit sülhün əldə edilməsi qaçılmaz fakta çevrilmişdir.

M.Cabbarov tədbirin iştirakçılarına təşəkkürünü bildirmiş, onlara uğurlar arzulamışdır.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-  1 noyabr.- S. 8.