«Dəyirmi masa»da «Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları» mövzusunda maraqlı müzakirələr aparılmışdır

 

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu başa çatmışdır

 

Noyabrın 1-də Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Four Season" hotelində "Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilən "dəyirmi masa"da kvant hesablamaları, materiyanın tədqiqində nailiyyətlər, yaşıl enerji mövzularında müzakirələr aparılmışdır. "Dəyirmi masa"da Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Almaniya, Belçika, İsrail, Böyük BritaniyaYaponiyadan alimlər, Nobel mükafatı laureatları iştirak etmişlər.

Çıxışında forumun əhəmiyyətindən danışan AMEA prezidenti Akif Əlizadə Bakıda keçirilən III Beynəlxalq Humanitar Forumunun dünyanın müxtəlif ölkələrindən olan alimlər, ictimai-siyasi xadimlər və ziyalıların müzakirə aparmaları üçün önəmli platforma olduğunu vurğulamışdır. "Dəyirmi masa"nın mövzusundan danışan AMEA-nın prezidenti bildirmişdir ki, gələcəyi qurmaq üçün kompyuter texnologiyalarının təkmilləşdirilməsi zərurəti bu gün prioritet məsələdir. Alim demişdir ki, yeni texnologiyaların inkişafı kvant fizikası kimi elmin nailiyyətlərindən çox asılıdır. "Fizikabiologiya, fizikatibb elmlərinin təmasında aparılan müasir araşdırmalar həmişə yeni nailiyyətlərin əldə edilməsinə gətirib çıxarır", - deyə A.Əlizadə bildirmişdir.

"Dəyirmi masa"nın "Kvant hesablamaları" adlı işçi bölməsində Cənubi Koreyadan Yayevan Kim, Rusiyadan Sergey Aldoşin, Belçikadan Yoris Van der Yuxt, Almaniyadan Ənvər Nəhmədov, Yaponiyadan Naotaka təqdimatlarla çıxış etmişlər. Bölmənin iclasında kvant hesablamaları və kvant informasiyası üzrə elmi tədqiqat və texnologiyaları, paramaqnit nitrosil dəmir komplekslərinin qarışıq elektron səviyyələri və onların tətbiq perspektivləri və digər elmi problemlər müzakirə olunmuşdur.

Digər işçi bölmə "Materiyanın tədqiqində nailiyyətlər" mövzusuna həsr olunmuşdur. ABŞ-dan Fizika üzrə Nobel mükafatçısı David Qross, İsveçrədən Tadeuş Kurtika, Azərbaycandan Mais Süleymanov, İsraildən Kimya üzrə Nobel mükafatçısı Dan Şextman və digərləri məruzələr etmişlər. Alimlər materiyanın tədqiqi problemləri, zərrəcik fizikası üzrə təcrübələrdə beynəlxalq əməkdaşlığın rolu, materialşünaslıq üzrə elmi tədqiqatlarda və texnologiyalarda müasir problemlərlə bağlı fikirlərini bölüşmüşlər. Tədqiqatçılar qeyd etmişlər ki, müasir inkişaf tempi yeni materialların hazırlanmasını, artıq məlum maddələrin isə yeni funksiyalarının üzə çıxarılmasını vacib edir. İştirakçıların sözlərinə görə, daha davamlı materiallar aviasiya, tibb, avtomobil istehsalı sahələrində istifadə oluna bilər. Məhz yeni materialların üzə çıxarılması aviasiyada qəzaların sayını dəfələrlə aşağı salmışdır.

"Yaşıl enerji" işçi bölməsi "dəyirmi masa"nın maraq doğuran mövzusu olmuşdur. Bölmənin iclasında ABŞ-dan Kimya üzrə Nobel mükafatçısı Rudolf Markus, tədqiqatçı alimlər Su-Huai Vei, Almaniyadan Lutz Mez, Türkiyədən Kamal Öksüz, Böyük Britaniyadan  Yorq Fridrix məruzələrini təqdim etmişlər. Alimlər bildirmişlər ki, artıq aydın şəkildə özünü büruzə verən iqlim dəyişikliyi daha zərərsiz enerji mənbələrindən istifadə etməyi şərtləndirir. Tədqiqatçılar günəş enerjisinin saxlanması üçün yeni materialların, xüsusən də nanomaterialların istifadəsindən danışmışlar. Bundan əlavə, iştirakçılar yaşıl enerji texnologiyaları və kollektiv enerji təhlükəsizliyi, Avropada yaşıl enerji sisteminə keçid məsələlərini müzakirə etmişlər.

Sonda III Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi qəbul olunmuşdur.

 

Azərbaycan.-2013.-  2 noyabr.- S. 5.