Azərbaycan Prezidenti İlham Əliyev Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı kardinal Canfranko Ravazinin ölkəmizə səfərinin uğurlu olacağına və Azərbaycan ilə Vatikan arasında əlaqələrin inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirdi. İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev həyata keçirilən birgə layihələrin önəmini qeyd etdi. Azərbaycan ilə bağlı sərgilərin Vatikan muzeylərində nümayişinə toxunan dövlət başçısı son illər əməkdaşlığımızın yeni formatda inkişafından məmnunluğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Vatikan Dövləti arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazinin Azərbaycanın ən yüksək mükafatlarından olan "Dostluq" ordeni ilə təltif olunduğunu dediordeni kardinal Canfranko Ravaziyə təqdim etdi.                  

Kardinal Canfranko Ravazi Azərbaycanın "Dostluq" ordeninə layiq görüldüyünə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək bunu Azərbaycan ilə Vatikan arasında uzun müddət ardıcıl inkişaf edən əlaqələrə verilən qiymət kimi dəyərləndirdi.  Canfranko Ravazi yenidən Prezident seçilməsi münasibətilə dövlət başçısını təbrik etdi. O, Azərbaycan ilə Vatikan arasında əlaqələrin inkişaf etdirilməsində göstərdiyi xidmətlərə görə Prezident İlham Əliyevin Müqəddəs Taxt-Tacın ən yüksək və nadir mükafatlarından biri olan "Medalla Sede Vacante" medalına layiq görüldüyünü dedi və Müqəddəs Taxt-Tacın adından medalı dövlət başçısına təqdim etdi. Kardinal Canfranko Ravazi ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərini xüsusi qeyd etdi.

Qonaq ikitərəfli münasibətlərin gələcəkdə də inkişaf etdiriləcəyinə əminliyini bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.

 

 

AzərTAc

Azərbaycan.-2013.- 5 noyabr.- S. 1.