Cavabsız qalan teleqramlar

 

Onun ölüm xəbərindən düz 21 il ötür. Onda Azərbaycan televiziyasının çəkiliş qrupu ilə Qubadlıya yollanmışdıq. Getmişdik ki, Milli Qəhrəman Əliyar Əliyevin vida mərasimindən reportaj hazırlayaq. Bir payız gününün hüznlü havası adamların çöhrəsinə hopan kədərə məlhəm ola bilmirdi. Bu xəbərin sorağına axışanlar təsəlli üçün söz axtarırdılar. Əliyarın 11 yaşlı oğlu Emin nərdivanda oturub gələnlərə mat-mat baxırdı. Elə bil hər kəsdən mərhəmət umurdu. Birumurdu ki, atamın tökülən qanını əvəzsiz qoymayın. Bu gileyli baxışlar hələ çox sonralara hesablanan oğul intiqamı idi. Bir də Əliyarın yarımçıq arzularının, istəklərinin göyərən ümidləri idi. Onda hər kəs bu ailəyə ehtiramını bildirmək üçün balaca Eminlə vidalaşırdı. Hələ ailə yükünün çəkisini, atasız böyüməyin ağırlığını qədərincə anlamayan bu şəhid balası uşaq marağı ilə pilləsində oturduğu nərdivanın enişindən-yoxuşundan xəbərsiz idi.

Əliyar tanınmış güləşçi idi. Dəfələrlə güləş üzrə SSRİ çempionu olmuşdu. Keçmiş ittifaqın müxtəlif şəhərlərindən dəvətlər alardı. Nə qədər ki atası Yusif kişi doğma ocağının sahibiydi, Əliyar da onun xeyir-duası ilə idman arenasında gücünü sınayırdı, səsi-sorağı dünyanın çox yerindən gəlirdi. Amma atasının ölümündən sonra doğma kəndinə - Qəzyana qayıtdı. Kənd məktəbində idman müəllimi kimi işə başladı. Onun cəngavərliyi, güləşçi imkanları məhdud çərçivəyə sığmırdı. Əliyarı ən mötəbər güləş yarışlarına dəvət edir, onun gücünün, enerjisinin nəyə qadir olduğunu yaxşı bilirdilər. Elə ki müharibə başladı, ermənilər torpaqlarımıza göz dikdilər, onda Əliyar idman karyerası ilə vidalaşıb könüllü orduya getdi. Getdi ki, torpaqlarımızı, elimizi-obamızı qorusun, Vətənə dayaq olsun. Əliyar döyüşçü keyfiyyətləri ilə də fərqlənirdi. Ən çətin məqamlarda düşmənə sarsıdıcı zərbələr endirir, mövqe seçimində əsl idmançı çevikliyi göstərirdi. Onu komandir kimi də yüksək dəyərləndirirdilər. Sonuncu döyüşlərin birində xəbər gəlmişdi ki, Laçın dərəsində düşmən böyük qüvvə ilə hücuma keçib. Əliyar yaxşı bilirdi ki, belə məqamda bizim əlavə köməyimiz yoxdur. Elə bir vaxt idi ki, Bakıda vəzifə bölgüsü aparılır, kreslo davası gedirdi. Ona görə də paytaxtın köməyinə göz dikmək mənasız görünürdü. Onda çevik bir komandir kimi Əliyar qəti qərar verdi ki, döyüşçüləri tək qoymaq olmaz. Gərək nə qədər gücümüz var, Laçın dərəsində cəmləşək. Bu yerlər həm də ona görə müqəddəsdir ki, Sultan bəyin sorağı dolaşır o dağlarda. Əliyar deyirdi ki, bizo kişinin övladlarıyıq. Düşmən nə qədər güclü olsa da, axıradək müqavimət göstərməliyik. Hələ onda Eyvazlıya, Seyitaza, Çardaxlıya, elə Əliyarın boya-başa çatdığı doğma kəndinə - Qəzyana od vurmamışdılar. Hələ bu yerlərə düşmən ayağı dəyməmişdi. Ermənilər Əliyarın fiziki gücünə, çevikliyinə bələd idilər. Ona görə də arxadan açılan atəşlə onu susdurdular. Döyüş yoldaşları çətinliklə də olsa Əliyarın nəşini düşmənə təslim etmədilər. Sonuncu müqaviməti güclü atəşlə qıra bildilər. Heç olmasa ona cəhd etdilər ki, öz komandirlərini - Əliyarı doğma torpağında dəfn etsinlər. Onun öz istəyi belə idi...

Əliyardan yazmaq, ondan danışmaq o qədər də asan deyil. O özü asanhamar yolu seçməzdi. Ən ciddi mübahisələrin sonunda düzgün mövqeyin tərəfində dayanardı, naşı seçimlə barışmazdı. Onu tanıyanlar deyir ki, erməni tərəfi bəzən görüşlər təklif edərdi. Onda Əliyar cəsarətli cavabı ilə hamını susdurardı: "İddiası böyük olanlarla, bizdən torpaq umanlarla danışığa, barışığa getməzlər. Böyüklüyü sübut edərlər. Sağlıq olsun, gec-tez hər şey sübut olunacaq..."

Düşmən arxadan vurduğu zərbə ilə macal vermədi ki, hər şeyi axıra qədər sübut olunsun. Sübut olunsun ki, biz məğlub olmağa layiq deyilik. Erməniləri lərzəyə salan Sultan bəyin varisləriyik. Əliyarın bir sözü də vardı: "Sultan bəyin at oynatdığı yerdə ermənilər duruş gətirə bilməz. Elə təkcə o kişinin xofu ən güclü silahlardan da kəsərlidir".

Nə yaxşı ki, bu yurdun Sultan bəyə layiq varisləri böyüyür. O varislərin sırasında Əliyarın öz övladları da var. Bir vaxtlar atasının ölüm gününü uşaq marağı ilə izləyən Emin bu gün boylu-buxunlu, cüssəli bir hərbçidir. Uşaq yaddaşı ilə Qubadlını xatırlayır, o yerlərdən ötrü qəribsəyir. İnamla, ümidlə deyir ki, gec-tez o doğma yurdumuza bir də dönəcəyik. Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimində dediyi kimi: "Bizim əzəli torpaqlarımız olan Dağlıq Qarabağ bu gün siyasihüquqi cəhətdən də Azərbaycanın ayrılmaz hissəsidir. Ərazi bütövlüyü məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz. Heç vaxt Azərbaycan öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək..." Ali Baş Komandanın ən mötəbər məclislərdə belə prinsipial mövqedən çıxış etməsi hər birimizdə doğma torpaqlarımıza qayıdışa ümidi və inamı artırır.

Milli Qəhrəman Əliyar Əliyevin böyük oğlu Emin deyir ki, ürəyimdə bir arzum da var: Qubadlıda Əliyar Əliyevin adını daşıyan bir meydan yarada bilək - idman meydanı! Bu, atamın arzularından biri idi. İstəyirdi ki, yeni güləşçilər nəsli yetişsin, onların sorağı dünyanı dolaşsın... Həkərinin, Bərgüşadın nəğmələrini də sevərdi. Elə bizdupduru, aydın su səsi üçün darıxmışıq və inanırıq ki, bu aydınlıq bizi alın yazısı kimi gözləyir...

Əliyarın yarımçıq qırılan ömrü övladlarının halal yaşamaq haqqına böyük zəmanətdir. Atası Yusif kişi uşaqlıqdan onu belə böyütmüşdü: haqsızlığa güzəşt etməzdi, böyük adamın yox, bütöv sözün tərəfində dayanardı. Əliyarın gördüyü işlər, qazandığı uğurlar 34 yaşın çərçivəsinə sığmırdı. Dünyanın ən tanınmış idmançıları Əliyarı layiqli rəqib sayır, onun güləşçilik ənənələrindən qədərincə faydalanırdılar.

Oğlu Eminin daha bir etirafı: 1992-ci ildə atam qəhrəmancasına həlak olandan sonra Rusiyanın Saransk Dövlət Universitetindən bir teleqram aldıq. Axı, hərbi xidmətdən sonra Əliyar Əliyev həmin universitetdə tanınmış mütəxəssis kimi müəllim işləmişdi, yeni güləşçilər nəsli yetişdirmişdi. Əliyar Əliyevə ünvanlanan həmin teleqramda onu Saransk şəhərindəki yetirmələri ilə görüşə dəvət edirdilər. Əliyarın ölümündən xəbərsiz olanlar tez-tez onun ünvanına xoş soraqlı məktublar yazırdılar. Amma belə məktublara cavab yazmağa əlimiz gəlmirdi. O yaşında Əliyarın qəfil gələn ölüm xəbəri çox şeyləri dəyişmişdi. Hələ dünyanın nə qədər güləş yarışları, fəxri kürsülərin təltifləri, böyük mükafatları gözləyirdi onu! Bütün bu arzuların həqiqətə çevrilməsi Əliyardan qalan ənənələrin layiqincə davam etdirilməsi onun övladlarının, dostlarının ümidinə qaldı. Biz inanırıq ki, bu arzular, ümidlər gec-tez göyərəcək...

 

 

 

Bəşir ŞƏRİFLİ,

Azərbaycan.-2013.- 7 noyabr.- S. 6.