Tolerantlığın və çoxmədəniyyətliliyin inkişaf etdirilməsi

 Azərbaycan üçün həyat tərzi və prioritet siyasətdir

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 7-də İndoneziyada işə başlamış Demokratiya Forumunda çıxış etmişdir. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a məlumat verilmişdir.

Nazir tədbir iştirakçılarına Azərbaycan haqqında ətraflı məlumat vermişdir. E.Məmmədyarov Azərbaycanın hər zaman müxtəlif etnik qrupların və dinlərin nümayəndələrinin sülh şəraitində yaşadıqları tolerant bir ölkə olduğunu vurğulamışdır. Nazir bildirmişdir ki, Azərbaycan Şərq ilə Qərb arasında körpüSivilizasiyalar İttifaqının Dostluq Qrupunun fəal üzvü kimi xarici siyasətinin prioritetlərindən biri olan dinlər və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinə öz töhfəsini verməkdədir. Müntəzəm olaraq paytaxtımızda təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumları bəşəriyyətin üzləşdiyi qlobal problemlərin müzakirə edilməsi üçün bütün qitələrdən nümayəndələri bir araya toplayır. Tolerantlığın və çoxmədəniyyətliliyin inkişaf etdirilməsi Azərbaycan üçün həyat tərzi və prioritet siyasətdir.

Nazir bildirmişdir ki, bu gün Azərbaycan dünyanın ən islahatçı ölkələrindən biri kimi tanınır. Son 10 ildə Azərbaycanın iqtisadiyyatı 3,4 dəfə artmışdır. Azərbaycan BMT çərçivəsində razılaşdırılmış inkişaf məqsədlərinin və hədəflərinin həyata keçirilməsinə töhfə vermək əzmindədir. On il ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən 5,5 faizədək azaldılmışdır. İşsizliyin səviyyəsi 5 faizdir. Azərbaycan Afrika, Asiya və Latın Amerikasının ən az inkişaf etmiş ölkələrinin əsas ehtiyaclarının qarşılanması və çətinliklərinin aradan qaldırılmasına xüsusi diqqət yetirərək hər kəs üçün davamlı inkişafqlobal çiçəklənmənin təmin edilməsi məqsədi ilə tam dəstək və fasiləsiz səylər göstərməkdədir. Bu, Azərbaycanın tarixində tamamilə yeni bir səhifədir. Bu nəcib məqsədləri yerinə yetirmək üçün təsis edilmiş Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi 20-dən artıq ölkədə müxtəlif yardım proqramlarını həyata keçirmişdir. Bundan əlavə, Heydər Əliyev Fondu da öz növbəsində müxtəlif humanitarsosial proqramlar reallaşdırmışdır. Azərbaycan bu istiqamətdə səylərini davam etdirəcəkdir.

 E.Məmmədyarov diqqətə çatdırmışdır ki, 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycan öz fəaliyyətini tamamilə beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına həsr etmişdir. Rəsmi Bakı hesab edir ki, BMT Təhlükəsizlik Şurası müasir dünyanın üzləşdiyi bütün təhdidlərin qarşısını almaq və problemlərin öhdəsindən səmərəli şəkildə gəlmək üçün daha əhatəli, şəffaf və təsirli qurum olmalıdır. Azərbaycanın 2012-ci ilin mayında və 2013-cü ilin oktyabrında BMT Təhlükəsizlik Şurasında sədrliyi müddətində terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın, eləcə də münaqişələrin sülh yolu ilə həllində BMT və regional təşkilatlar arasında əlaqələrin təşviqi prioritetlər sırasında olmuşdur. Bu məqsədlə Azərbaycanın sədrliyi dövründə beynəlxalq səylərin optimallaşdırılması məqsədi ilə iki yüksək səviyyəli görüş təşkil olunmuşdur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir demişdir ki, dünya hələ də beynəlxalq hüququn norma və prinsiplərinin pozulması ilə üz-üzədir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində beynəlxalq səviyyədə tanınmış ərazilərimiz olan Dağlıq Qarabağona bitişik 7 ətraf rayon işğal edilmiş, bir milyondan artıq Azərbaycan vətəndaşı yaşayış yerlərindən məcburi çıxarılmışdır. Bu fakt Azərbaycanda insan hüquqlarının qorunması üçün problem yaratmaqla yanaşı, vətəndaşlarımızın rifahına da ciddi ziyan vurmaqda davam edir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşma təsdiqlənmiş, işğalçı qüvvələrin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilmişdir. Münaqişənin danışıqlar yolu ilə həllini asanlaşdırmaq üçün beynəlxalq ictimaiyyət tərəfindən həmin dörd qətnamənin yerinə yetirilməsinin tələb edilməsi çox vacibdir.

 

Azərbaycan.-2013.- 8 noyabr.- S.2.