Bakıda Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə

 Bölmələri Başçıları Komitəsinin 10-cu iclası keçirilmişdir

 

Noyabrın 7-də Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 10-cu iclası keçirilmişdir. Tədbirdə MDB üzvləri ilə yanaşı, LatviyaEstoniya gömrük xidmətlərinin nümayəndələri də iştirak etmişlər.

MDB İcraiyyə Komitəsinin sədri - icra katibi Sergey Lebedyevin tədbir iştirakçılarına müraciəti oxunmuşdur.

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iclası açaraq demişdir ki, Azərbaycanda gömrük xidmətinin qədim tarixi vardır. Ölkəmizin qədim İpək Yolunun üzərində yerləşməsi onun qitələrarası ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini artırmışdır. Tarixi sənədlərdə göstərilir ki, karvan yollarının keçdiyi Azərbaycanda qədim və orta əsrlər  dövründə gömrük vergisi toplayan orqanlar mövcud olmuşdur.

Tədbirin keçirilməsini yüksək qiymətləndirən A.Əliyev bildirmişdir ki, gömrük xidməti orqanları dövlətin iqtisadi təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. MDB-yə üzv olan dövlətlərin gömrük xidmətlərinin qarşılıqlı əməkdaşlığı narkotikpsixotrop maddələrin, silahın, terror qruplaşmalarının qanunsuz yollarla bir ölkədən digərinin ərazisinə keçirilməsinin qarşısını alır.        

Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini, Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin sədri Aleksandr Vasilyev demişdir ki, qloballaşan dünyada cinayətkar ünsürlər də yeni metodlardan istifadə etməyə çalışırlar ki, bu da bütün dövlətlərin gömrük xidmətinin işini və məsuliyyətini artırır. Hər il transmilli cinayətkar şəbəkələr Asiyadan Avropaya narkotik maddə və silah keçirməyə can atırlar. Bu cür qanunsuz əməllərin qarşısının alınması üçün yeni texnologiyalardanmetodlardan istifadə etmək zəruridir. Tədbirin məqsədinin MDB-yə üzv ölkələrin gömrük xidmətlərinin bu sahədə təcrübə mübadiləsi aparmasından ibarət olduğunu diqqətə çatdıran A.Vasilyev bildirmişdir ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin qaçaqmalçılığa qarşı apardığı mübarizə digər dövlətlər üçün nümunə ola bilər.

İclasda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Gömrük hüquqpozmaları və qaçaqmalçılığa qarşı mübarizə sahəsində Azərbaycan gömrük xidmətinin işinin təşkili" mövzusunda təqdimat keçirilmişdir.

Təqdimatda qeyd olunmuşdur ki, Azərbaycanın dinamik iqtisadi inkişafı ilə əlaqədar olaraq müxtəlif dövlətlərlə ticarət dövriyyəsi və yüklərin daşınma həcmi artmışdır. Ona görə də Azərbaycan Respublikasının Gömrük Məcəlləsi avropalı mütəxəssislərin iştirakı ilə hazırlanmışdır. Gömrük-keçid məntəqələri tikilərək müasir standartlar səviyyəsinə gətirilmiş, yeni texniki avadanlıqlar quraşdırılmış, sənədləşmə işi tamamilə kompyuterləşdirilmişdir.

Bildirilmişdir ki, yeni texniki vasitələrin köməyi ilə cari ildə bir fakt üzrə 116, ikinci fakt üzrə isə 27 kiloqram heroinin gömrük nəzarətindən qanunsuz olaraq keçirilməsinin qarşısı alınmışdır. Bürokratik əngəllərin aradan qaldırılması və məntəqələrdə vaxt itkisinə yol verməmək məqsədilə "bir pəncərə" prinsipi tətbiq edilir ki, bunun da nəticəsində yüklərin gömrük nəzarətindən keçirilməsinin  sənədləşməsi, cərimələrin, rüsum və vergilərin ödənilməsi xeyli asanlaşmışdır. Vətəndaşların şikayətlərinə operativ şəkildə baxılması üçün "qaynar xətt" yaradılmışdır.

Qeyd olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə yüksək iybilmə qabiliyyətinə malik olan öyrədilmiş itlərdən geniş istifadə olunur. Bu məqsədlə kinoloji xidmət yaradılmışdır ki, burada da itlərə xüsusi təlim keçirilir. Hazırda xidmətdə 40 it vardır.

Diqqətə çatdırılmışdır ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi zəbt edilmiş və beynəlxalq təşkilatların nəzarətindən kənarda qalmışdır. Dəqiq faktlarla sübut olunmuşdur ki, işğalçılar nəzarətsiz ərazilərdən tranzit kimi istifadə edərək narkotik vasitələr və silah qaçaqmalçılığı ilə məşğul olur, əldə edilən pullar isə qanunsuz silahlı dəstələrin saxlanılmasına yönəldilir. Ermənistanın belə hallara bilərəkdən göz yumması region dövlətlərinin təhlükəsizliyini təhdid altına alır.

İclasda MDB-yə üzv dövlətlərin gömrük xidməti hüquq-mühafizə bölmələri əməkdaşlarının ixtisaslarının artırılması sahəsində əməkdaşlıq məsələlərinə dair Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 2013-cü il 23 may tarixli qərarının və komitənin 2012-2013-cü illər üçün planının icrası və perspektiv vəzifələrin müəyyən edilməsi barədə işçi qrupun hesabatı dinlənilmişdir.

Nahardan sonra gömrük sahəsində iqtisadi cinayətlər və hüquqpozmalara qarşı mübarizə üzrə işçi qrupunun əsasnaməsinin, tərkibinin və 2014-2015-ci illər üçün planının təsdiq edilməsi və digər məsələlərə baxılmışdır.

Bununla da MDB-yə üzv olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 10-cu iclası başa çatmışdır.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 8 noyabr.- S.2.