BAYRAQ İŞIĞI
...Həmin gün hər kəsin çöhrəsində eyni bir ifadə işıq saçırdı. Ruhumuzu göylərə qaldıran sevincin müjdəsinə çox bənzəyirdi bu, amma tam o da deyildi.
Həmin gün çöhrələrdə güllər açan o ifadə sevinclə birgə qürurdan, uzun iztirablardan sonranın ruhi rahatlıq hissindən, sevgidən, inam və güvəndən möhtəşəm bir çələng hörmüşdü və həmin anlarda eyni məkana yönəlib, fərəhdən doluxsunmuş gözlərdə aram-aram ucalaraq səmada qanad açan üç rəngli, aylı ulduzlu Azərbaycan bayrağı bu çələngin düz mərkəzində dalğalanırdı.
Ölməz Cəfər Cabbarlının uzun onillikllər əvvəl qələmə aldığı sevgi dolu misraların gerçəyə çevrildiyi yerdəydik elə bil... Bakı səmasında parlayan Ay bayrağımızın hüzuruna gəlmişdi, göy üzü iki sevdalının görüş yerinə çevrilmişdi:
Kölgəsində Ay əyilib bir gözəli qucmada.
Qucuşaraq sevdiyilə yüksəklərə
uçmada,
Şu
görünüş bir ananın şəfqətinə
oxşayor.
Düşündükcə zövqlərimi, vicdanımı oxşayor...
***
Zaman - 1 sentyabr 2010-cu il...
Məkan - torpağın köksündə milli mövcudiyyətimizin əzəmətli möhürü kimi zərb edilmiş Bayraq Meydanı Kompleksi...
Azərbaycan Prezidenti İlham Əliyevin öz əlləri ilə uğurlayıb ucalara qaldırdığı bayrağımızın yüksəlişinin seyrində ikən dəniz tərəfdən əsən xəfif meh Xəzərin doğma ətri ilə birgə sanki keçmiş günlərin anılarını da özü ilə gətirirdi. Bu xatirələrin ardınca xəyal məni bir anlıq başqa zaman və məkana doğru çəkib aparmışdı...
17 noyabr 1990-cı il, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclas zalı...
Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cumhuriyyətinin binəsib taleyini bölüşüb, mavi səmalardan yaddaşlara, şanlı keçmişin ürkək xatirələrinə köçmüş üç rəngli bayrağımız 70 illik həsrətdən sonra həmin gün yenidən öz doğmasına qovuşmuşdu. İstiqlalının bərpasına doğru ilk əzablı addımlarını atıb çətin günlərini yaşayan Azərbaycanın boynuna sarılmışdı.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə üç rəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının rəsmi bayrağı kimi qəbul edilməsi barədə Muxtar Respublikanın Ali Məclisinin qərarı həmin an, həmin məkanda tarixin 70 ildən sonra Azərbaycan xalqı qarşısındakı üzrxahlığı kimi səslənirdi!
Müstəqil Azərbaycan dövləti həmin an müqəddəs təbərrik tək Muxtar Respublika Ali Məclisinin iclas zalına gətirilən, insanların alqışları, fərəh dolu göz yaşları içində ucalara qaldırılan üç rəngli bayrağımızın hündürlüyü boyda doğuldu!
Ucaldıqca ucaldı, tufanlara, qasırğalara sinə gərdi - rişələri sağlam idi deyə!
Gün gəldi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadəti ilə Azərbaycan Respublikasının Ali Soveti də üç rəngli bayrağımızın Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi barədə qərar qəbul etdi, zaman - 5 fevral 1991-ci il...
Cəmi bir neçə ay keçəcək, 1991-ci ilin 18 oktyabrında Azərbaycan öz müstəqilliyini yenidən bütün dünyaya bəyan edəcək və üçrəngli bayrağımız müstəqil dövlətimizin ilk müqəddəs nişanəsi kimi bütün yer üzündə görünəcəkdi.
Bu bayraq taleyimizə dönəcəkdi. Tariximizin ən unudulmaz məqamlarına şəhadət gətirəcəkdi.
Bayraqları bayraq yapan
üstündəki qandır
Torpaq, əgər uğrunda ölən
varsa vətəndir.
- Böyük türk şairi Mithat Cemal Kuntayın bu beytindəki an təkrar-təkrar yaşanacaqdı, Azərbaycanda...
Bu bayraqdan ötrü ölümə gedənlərimiz olacaqdı, onun rənglərinə şəhidlərimizin müqəddəs qanı qarışacaqdı!
Azərbaycan uğrunda şəhidlik şərbətini içib məzara bu bayrağın qucağında gömülmək ən böyük arzuya çevriləcəkdi!
Həm də
yüzlərin, minlərin arzusuna...
***
1992-ci ildə italiyalı fotomüxbir Enriko Sarzininin
Dağlıq Qarabağ döyüşləri zamanı
çəkdiyi bir şəkil "Oqonyok" jurnalında
işıq üzü görüb dünyanı heyrətə
gətirmişdi.
O şəkil
indi də internet portallarında, sosial şəbəkələrdə,
demək olar ki, hər gün dövr edir, bu günün gəncliyinə
vətən, bayraq sevgisinin nə demək olduğunu göstərir.
Enriko Sarzininin öz fotoobyektivi ilə zamandan tutub
saxladığı cəmi bircə saniyə əsrlərə
də, nəsillərə də dərs keçir. Şəkildəki idman
geyimli, sünbül kimi sarışın, ipək
saçları alnına dağılmış Azərbaycan gəncidir,
adı Natiq Qasımov, yaşı cəmi 21...
5 gün mühasirədə, ermənilərlə təkbətək
döyüşüb, çoxlu sayda düşmən məhv
edib, təkbaşına elə bir şücaət göstərib
ki, hətta ermənilər qarşılarında bir yox, 30-a qədər
Azərbaycan igidinin olduğunu zənn ediblər.
Fotoşəkildə bu qəhrəmanlığın son
anlarıdır, əli avtomatlı iki erməni
saqqallısı artıq gülləsi tükənmiş
Natiqi əsir aparır. Natiqsə bir anlıq italiyalı fotomüxbirin ona
tuşladığı fotokameranın obyektivinə baxır, 5
günlük təkbaşına çarpışmadan, ac-
susuzluqdan, yorğunluqdan solğun çöhrəsində əks
olunmuş əzab-əziyyətlərin o üzündən
tarixin gözünə məğrurca bir sakitliklə, mətanətlə
gülümsünür.
Doğma
vətəninə, xalqına bu son baxışının
ardınca başlanan itkinlik taleyində onu görmək istəyən
hər kəsin bu qəhrəman Azərbaycan oğlunu qəlblərə
asılmış son fotosunda tapacağına əminmiş
kimi...
O, iki
silahlı düşmənin əhatəsində addımlasa
da, əlində bərk-bərk tutduğu üç rəngli
Azərbaycan bayrağını buraxmır!..
Bu müqəddəs
əmanəti sonsuzluğa qədər daşımaq əzmində
olan Azərbaycan gəncliyinin simvolu kimi dünəndən bu
günə, bu gündən gələcəyə doğru irəliləyir!..
Baxdıqca düşünürəm, dünyada ilk
bayrağın qaldırıldığı anları, Adəm
övladını belə bir yeniliyə sövq etmiş zərurəti
xəyalımda şəkilləndirmək istəyirəm. Görəsən
insan dünyanın ilk bayrağını harada yaratdı, necə
yaratdı?! Necə oldu ki, insan
özünü başqalarından əlvan bir parça ilə
fərqləndirdi?! Onun altında
döyüşdü, onun yüksəlişi ilə
öyündü?!
Hazırlanması adi geyimlərin, toxuculuq məmulatlarının
istehsalından zərrəcə fərqlənməyən,
üzərindəki rənglər dünyadakı yeddi rəngin
müxtəlif çalarından ibarət olan bir parça
qumaşı, insan necə oldu özünün qeyrət
qalasına çevirdi, uğrunda qan tökdü, uğrunda
ölümə getdi?!
Etiraf edim ki, bu suallara tam cavab vermək insan xarakterinin
sirlərini açmaq qədər müşküldür. Amma xəyallarımı
məşğul edən bu suallar cavabsız da deyil.
Dünyada bir insan digərinin təkrarı
olmadığı kimi, xalqlar da konkret məkan daxilində
onları başqa toplumlardan fərqləndirən milli
xüsusiyyətləri, dili, dini mənəvi-əxlaqi keyfiyyətləri
ilə özünü tanıyır, fərqləndirir.
Bayraq, insanların konkret sərhədlər çevrəsində
qurduqları milli dövlət qədər, bu dövlətdə
yaşayan vətəndaşların yer üzündəki
saysız-hesabsız insan qrupları arasındakı
özünüifadəsinin, fərqləndirici xüsusiyyətlərinin
ortaq rəmzidir.
Bayraq vətən
düşüncəsini maddiləşdirən, qaraca
torpağı coğrafi, geoloji mənziləsinədən
çıxarıb, vətənləşdirib ruh faktına
çevirən mənəvi dəyərdir, unudulmaz
şairimiz Bəxtiyar Vahabzadənin bu şah misralarından
üstümüzə düşən kölgədir,
işıqdır:
Üçrəngli
bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər
güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir,
bayraq kimliyim,
Bayraq -
öz yurduma öz hakimliyim...
Bayraq elə bir rəmzdir ki, millətin keçmişi də,
gələcəyi də onun rənglərində, nişanələrində
danışır. Bayraq xalqın arzularıdır, ümidləridir,
namusudur, qeyrətidir. O hər şeydən ən uca
tutduğumuz dəyərlərin cəmi olması ilə
müqəddəsdir, boyalarındakı, simvollarındakı
mənəvi-ideoloji mənası ilə qudsaldır.
***
Bayraq xalqların taleyidir, amma bayrağın və onun
aid olduğu milli dövlətin taleyini müəyyənləşdirənlər
də xalqın yetirdiyi fikir adamlardır, tarixi şəxsiyyətlərdir,
liderlərdir.
Bayraqların taleyi onun simvollarında əks
olunmuş ideoloji xəttin düzgünlüyündən,
xalqın, xalqa rəhbərlik edən liderlərin həmin xəttə
sadiqliyindən və bu ideoloji düşüncənin
qarşıya qoyduğu məqsədlər uğrunda
aparılan mübarizənin dönməzliyindən
asılıdır.
Üçrəngli bayraq ideyasını ilk dəfə
Azərbaycan istiqlaliyyətinin ideoloqlarından olan Əli bəy
Hüseynzadə gündəmə gətirmişdi. İlk dəfə 1918-ci ildə
yüksələn bayrağımızın rəngləri Cəfər
Cabbarlının misralarında belə incələnirdi:
Bu ay,
yıldız, boyaların
qurultayı
nə demək?
Bizcə
böylə söyləmək!
Bu göy
boya Göy Moğoldan
qalmış
bir türk nişanı,
Bir
türk oğlu olmalı!
Yaşıl
boya islamlığın
sarsılmyan
imanı,
Ürəklərə
dolmalı!
Şu al
boya azadlığın,
təcəddüdün
fərmanı,
Mədəniyyət bulmalı.
Səkkiz
uclu şu yulduz da səkkiz
hərli
OD YURDU!
Əsarətin
gecəsindən fürsət
bulmuş
quş kibi,
Səhərlərə uçmuşdur.
Şu
hilal da türk bilgisi,
düzgün
sevgi nişanı,
Yurdumuzu
qucmuşdur!
O illərdə
bayrağımızın üzərindəki rənglərin
mənəvi mənaları barədə fikirlər tək bu
misralardakı poetik yozumlardan ibarət deyildi. Mətbuatda bu
xüsusda çıxış edən görkəmli
aydınlarımız bayrağımızın rənglərinə
o dövrdə kifayət qədər aktual olan Qərb yoxsa
Şərq, dil, yoxsa din birliyi, mədəniyyət və
müasirlik və s. kimi məsələlər prizmasından
yanaşır, öz mövqelərini
bayrağımızın rənglərinə münasibətdə
də əsaslandırmağa çalışırdılar.
Dövrün
xarakterini nəzərə alaraq bu cür yanaşmalar təbii
sayılmalı idi, əslində: Azərbaycan cəmiyyəti
müsəlman Şərqində ilk dəfə demokratik bir
respublika bina etmişdi, indi də bu cür polemikalarla dövlətin
gələcəyə doğru ən düzgün
yollarını arayırdı.
Əfsus ki, sovet inqilabı bu istiqamətdə
aparılan müzakirələrin normal məcrada davam edərək
cəmiyyətin bütün qütbləri tərəfindən
məqbul sayılan yekun nəticələrlə
tamamlanmasına imkan vermədi. Azərbaycanda sovet
hakimiyyətinin qurulması, bu polemikaları, ümumiyyətlə,
gündəmdən çıxardı. 70 il
sonra üç rəngli bayrağımız yenidən öz
statusuna qovuşduqda isə məlum oldu ki, bu istiqamətdə
hələ də ətraflı müzakirələrin
aparılmasına, bir sıra sualların
aydınlaşdırılmasına, siyasi iradəyə
söykənən düzgün qərarların qəbuluna
ehtiyac var.
Azərbaycanın müstəqilliyinin ilk illərində
ölkəyə guya rəhbərlik edən, əslində isə
öz səriştəsiz, korafəhm, küçə-meydan
eyforiyasından qalma emosional addımları ilə ölkəni
əsl fəlakətə sürükləyən təsadüfi
insanlardan hər hansı düzgün qərar gözləməyə
dəyməzdi. Bu, onların xörəyi deyildi.
Belə
taleyüklü məsələlərin həllini ancaq o
bayrağa ilk dəfə siyasi status qazandıran, onun əsl dəyərini,
nişanələrinin mənasını, mahiyyətini dərindən
bilən, milli mənsubiyyətindən, dilindən, dinindən
asılı olmayaraq bu bayrağı bütün dünya azərbaycanlılarının
dövlətçilik simvoluna çevirmək gücünə
qabil böyük dövlət adamı - Heydər Əliyev
bacarardı!
Heydər Əliyev ölkəni bürümüş
xaos və özbaşınalıq mühitindən
çıxış yolu axtaran Azərbaycan xalqının təkidli
tələbi ilə yenidən dövlətçilik
sükanı arxasına keçdi. 1993-cü ilin 15 iyun
tarixinə - Qurtuluş gününə qədər ətrafı
sarmış burulğanlar içində faktiki batmaqda olan gəmimizi
xilas etdi. Müstəqilliyin fidan illərini
yaşayan Azərbaycan dövlətini 1920-ci ildəki acı
taleyin təkrarlanması təhlükəsindən qorudu.
Azərbaycanı xırda-xırda hissələrə
parçalamağa qalxmış tək-tək xainlərin bu
nankor cinayətlərini necə önləyəcəyini bilməyən
xalqı yenidən bir bayraq altında toparladı. Üç rəngli, aylı ulduzlu
bayrağımızın işığında, ona dəstək
olan Azərbaycan xalqı ilə çiyin-çiyinə,
ürək-ürəyə zülmətin, qaranlıqların
üzərinə yeridi. Xalqı aydın bir yola
çıxardı...
***
Heydər Əliyevin birbaşa müəllifliyi ilə
hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq referendumu ilə
qəbul edilmiş Azərbaycan Respublikası
Konstitusiyasının 23-cü maddəsinin II bəndində
dövlət bayrağımızla bağlı müddəalar
dəqiqliklə əks olunmuşdur.
Azərbaycan
Respublikasının dövlət bayrağı bərabər
enli üç üfqi zolaqdan ibarətdir.Yuxarı zolaq mavi,
orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir
və qırmızı zolağın ortasında
bayrağın hər iki üzündə ağ
rəngli aypara ilə səkkizguşəli ulduz təsvir
edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti
1:2-dir.
Bayrağımız üzərindəki mavi rəng -
türkçülük ideyası ilə bağlıdır.
Qırmızı rəng - müasirliyi, demokratik
inkişafı ifadə edir.
Yaşıl rəng - İslam sivilizasiyasına işarədir.
Azərbaycan
bayrağının üç rəngi: türkçülük
ənənələri üzərində bərqərar
olmuş milli mədəniyyətimizi, müsəlman
sivilizasiyasını və müasir Avropa demokratik əsaslarını
simvollaşdırır.
Bayrağımız üzərində əksini
tapmış hilal və səkkizguşəli ulduz da
türkçülüyün, islamın,
çağdaşlığın, dövlətçiliyin,
demokratik inkişafın, bərabərliyin, bu bayraq altında
bir araya gələn insanların ortaq mədəniyyətinin
nişanəsidir.
Heydər
Əliyev dövlət bayrağımızın öz rəmzi
mənaları ilə Azərbaycan qarşısında müəyyən
etdiyi istiqamətləri, qloballaşan dünyanın
çağırışları mühitində təkcə
dəqiqləşdirmədi, bu üç rəng
zolağının hər birini ölkəmizi sabitliyə,
inkişafa, müasirliyə, insanlar arasında birliyə, bərabərliyə
doğru aparan aydın işıqlı yola çevirdi. Elə
bir yola ki, indi təkcə Azərbaycan xalqına deyil,
qloballaşan dünyamızdakı mənasız
toqquşmalardan cana doymuş hər bir
xalqa, dövlətə arzularındakı sülh və
firavanlıq dolu gələcəyə doğru aydın istiqamət
verir.
***
Heydər Əliyev Azərbaycanın dövlət
bayrağı üzərindəki mavi rəngə
türkçülük ideyaları işığında, həm
də azərbaycançılıq məzmunu gətirdi. Dünyanın siyasi tarixinin
ən qüdrətli isimlərindən olan Otto fon
Bismark hələ 1871-ci ildə yazırdı ki, hər bir
dövlətin dünyanın siyasi səhnəsində
uzunömürlü olması, ilk növbədə ərazisində
yaşayan xalqları öz ətrafında birləşdirməyi
bacaran liderdən və millətin gələcəyinə xidmət
edən vahid məfkurənin olmasından asılıdır.
Heydər
Əliyev özünəməxsus fəhmlə gündəmə
gətirdiyi azərbaycançılıq ideologiyası ilə
belə bir məfkurəni formalaşdırmağa nail oldu. Malik olduğu etnik əlvanlığı tarixin qiymətli
bir bəxşişi kimi qəbullanan, müxtəlif
xalqların nümayəndələrini öz dövlətçilik
dəyərləri ətrafında bir araya gətirmiş Azərbaycan
üçün bu ideologiyanın əhəmiyyəti barədə
geniş söhbət açmaq olar. Amma fikrimcə, Heydər
Əliyevin bu nailiyyətinə, zamanında öz
düşüncələri ilə dünyanın siyasi mənzərəsini
dəyişmiş görkəmli siyasi xadim Zbiqnev Bizejinskidən
dəqiq qiymət vermək mümkün deyil: "Heydər
Əliyev mahir bir strateq və siyasətçi kimi azərbaycançılıq
məfkurəsini gündəmə gətirərək, onu yeni,
gənc müstəqil dövlətin təməl
daşlarından birinə çevirdi. Bununla da
o, Azərbaycanı etnik ərazilərə bölərək
parçalamaq və məhv etmək istəyən güclərin
niyyətlərinin qarşısını aldı. Heydər Əliyevin azərbaycançılıq məfkurəsi
Azərbaycanı məhv olmaqdan xilas edərək,
dünyanın siyasi səhnəsinə güclü və
inkişaf etməkdə olan bir Azərbaycan
çıxardı".
Heydər Əliyevin azərbaycançılıq məfkurəsi
Azərbaycan dilinə söykənir. Bu məfkurəni Azərbaycan
dili faktorundan kənarda təsəvvür etmək
mümkün deyil. Azərbaycançılıq
məfkurəsi dünyanın hansı səmtində
yaşamasından asılı olmayaraq bu dildə
danışan, həyatı ana dilinin qəlibləri ilə
qavrayan insanların birliyi deməkdir. Bu
dildə yaradılmış ədəbi nümunələrimizin,
Azərbaycanın tarixinin, mədəniyyətinin dünyada təbliğidir.
Azərbaycançılıq məfkurəsi həm də
sağlam vətənpərvərlik ideologiyasıdır və
onun təməlində başqa xalqlarla sülh içində
yaşamaq, milli və dini dözümlülük fəlsəfəsi
dayanır. Bu baxımdan mütərəqqi ümumbəşəri
dəyərlərin təcəssümü olan azərbaycançılıq
məfkurəsi qonşu xalqlara düşmənçilik,
milli nifrət aşılayan ermənilik ideyası ilə tam
ziddiyyət təşkil edir.
Müstəqil Azərbaycanın dövlət siyasətinin
əsasında həmişəyaşar azərbaycançılıq
məfkurəsinin dayanmasının müəyyən edilməsi
bugünkü sürətli inkişafımızda da
aparıcı rol oynayır.
Heydər Əliyevin mənəvi irsinin layiqli varisi, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev ulu
öndər digər müqəddəs əmanətləri
kimi azərbaycançılıq məfkurəsinin
ardıcıl siyasi xətt kimi qorunmasına da xüsusi həssaslıqla
yanaşır.
Dövlətçiliyimizin və ideoloji
düşüncəmizin tarixi ənənələrindən
bəhrələnərək bu məfkurəni yeni şəraitdə
daha da inkişaf etdirir. Bütün
dünya azərbaycanlılarını vahid ideya ətrafında
birləşdirir, qəlbi bu yurda bağlı hər kəsi
uğurlu bir gələcəyə, güclü və
inkişaf etmiz Azərbaycan dövlətçiliyinə
aparır.
Cənab İlham Əliyev ana qayəsi müqəddəs
bayrağımızda öz əksini tapmış
türkçülük düşüncəsinin təkcə
Azərbaycanda deyil, türk dünyasında məhz bu məcrada
inkişafını arzulayır. Milliyyətindən, dilindən,
dinindən asılı olmayaraq bütün insanların
qarşılıqlı hörmət, yurda sevgi mühitində
yaşamaq haqqının qorunduğu bir türk
dünyasını bu gün sivilizasiyaların
toqquşmasından zillət çəkən
dünyamızın yeganə nicat yeri kimi görür:
"Dünyanın müxtəlif yerlərində, əfsuslar
olsun ki islam dünyasında vəziyyət fərqli istiqamətdə
gedir. Qarışıqlıqlar, vətəndaş
müharibələri, xoşagəlməz hallar baş verir.
Bizim türkdilli coğrafiyada isə inkişaf
prosesi gedir. Bu, böyük sərvətdir.
XXI əsr türk dünyası əsri
olmalıdır. Biz bütün müsbət
meyilləri gücləndirməliyik".
***
Bayrağımız üzərindəki
qırmızı rəng - müasirliyin, demokratik
inkişafın ifadəsidir. Heydər Əliyev bu məzmunu
da rəmzdən reallığa çevirdi. Azərbaycanda sivil dünyaya inteqrasiya yolu tutmuş
hüquqi dövlət quruldu. Cəmiyyətimizdə
demokratik dəyərlər bərqərar oldu. Vətəndaşlara hüquq və azadlıqlar
verildi. Söz azadlığı təmin
edildi. Demokratik islahatlar ardıcıl
xarakter daşımağa başladı. Bazar
iqtisadiyyatı yolunu tutmuş müstəqil Azərbaycan
dövləti bu istiqamətdə misilsiz nailiyyətlər əldə
edərək öz təcrübəsi ilə eyni mərhələni
yaşayan bütün gənc dövlətlər
üçün uğur modelinə çevrildi.
Ulu öndərin ölkəmizin müasir inkişafı
ilə bağlı irəli sürdüyü prinsiplər Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
yeni dövrün reallıqlarına uyğun şəkildə
yüksək dinamizmlə yerinə yetirildi. Bütün
ölkə boyu aparılan tikinti-quruculuq tədbirləri ilə
Azərbaycanın qiyafəsi dəyişdi. Vətəndaşlarımızın təkcə
geyim-kecimi, evlərinin cəlalı, istifadə etdikləri əşyaların
keyfiyyəti yenilənmədi.
İnsanlarımızın təfəkküründə də
böyük dəyişikliklər baş verdi.
Cəmiyyətimiz çox sürətlə
sivil dünyanın bir parçasına çevrildi.
Azərbaycanda
informasiyalı cəmiyyətin qurulması,
informasiya-kommunikasiya texnologiyalarının inkişafı,
elektron hökumətin yaradılması, insanların
savadlanmasının, təhsilinin bir nömrəli amala
çevrilməsi və bunun əsasında insan
kapitalının formalaşdırılması və digər
bu kimi addımlar Azərbaycan Prezidentinin dövlət
bayrağımızın daha bir rəmzinin müəyyən
etdiyi müasirlik, inkişaf ideyalarına sadiqliyinin təntənəsidir.
***
Azərbaycan
bayrağı üzərində islam
sivilizasiyası anlayışını əks etdirən
yaşıl rəng də Heydər Əliyev müdrikliyi sayəsində
yeni məzmun qazandı. Bu rəng türkçülük
düşçüncəsi, azərbaycançılıq məfkurəsi,
müasirlik prinsipləri və islam mədəniyyəti
mühitində qorunub inkişaf etdirilən milli-mənəvi
dəyərlərimizin, Azərbaycanda mövcud olan
tolerantlıq ənənələrinin ümumi ifadəsinə
çevrildi.
Heydər Əliyev islamı milli-mənəvi kimliyimizin
ayrılmaz bir parçası kimi götürür, xüsusilə
gənc nəslin milli-mənəvi dəyərlər, vətənpərvərlik
ruhunda tərbiyəsində dinimizin ilahi əxlaqi rolunu
yüksək dəyərləndirirdi.
Heydər Əliyevin ölkəmizə rəhbərliyi
dövründə yüzlərcə ibadətgah inşa, yaxud
bərpa edildi, dini dəyərlərimiz yenidən canlandı,
cəmiyyətdə vicdan azadlığı təmin olundu. Dünyəvi dövlətçilik
yolu seçmiş Azərbaycanda din dövlət münasibətlərindəki
qeyri-müəyyənlik də məhz Heydər Əliyevin
hakimiyyət rəhbərliyinə qayıdışından
sonra bütün dünyaya örnək olası bir tərzdə
nizamlandı. "Bizim dövlətimiz dünyəvi
dövlətdir. Ancaq biz dindən ayrı
deyilik" prinsipini irəli sürən ulu öndər Azərbaycanda
müəyyənləşən dünyəvilik modelini din və
dövlət işlərinin bir-birindən
ayrıldığı, lakin dövləti təşkil edən
xalqın təməl dəyərlərindən biri kimi dini dəyərlərin
hörmətlə qarşılandığı və
qorunduğu bir model kimi dünyaya təqdim etdi.
Bu modelin uğurları, ölkə rəhbəri cənab
İlham Əliyevin bu sahədə həyata keçirdiyi məqsədyönlü
siyasət sayəsində Azərbaycan bu gün bütün
dünyada tolerantlıq, mədəniyyətlərarası
dialoq məkanı kimi tanınır. Zaman keçdikcə daha şiddətlə
toqquşan Şərq və Qərb sivilizasiyalarının gərginliyindən
bəşəriyyət məhz bu məkanda aram
olur, rahatlıq tapır. Son illər
tolerantlıq, mədəniyyətlərarası dialoq,
multikulturalizm mövzularının müzakirə yeri, Qərb
və Şərq bilginlərinin mükalimə məkanı
kimi məhz Azərbaycanın seçilməsinin bir rəmzi səbəbi
də budur.
Milli
düşüncəmizdə bayraq qədər müqəddəs
sayılan daha bir rəmzi - Azərbaycan qadını
adını öz fədakar əməyi ilə ucalara yüksəltmiş
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun
xoş məramlar səfiri Mehriban xanım Əliyevanın bu
istiqamətin inkişafına verdiyi bənzərsiz töhfələri
də tarix həmişə
şükranlıq duyğuları ilə
xatırlayacaqdır.
"Bir kərə yüksələn bayraq bir daha enməz!"
...On illər
əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun
acıları içində Azərbaycanın gələcək
gəncliyinə kövrək bir ümid kimi
ünvanlanmışdı, bu kəlam.
AXC-in
süqutundan cəmi üç bahar keçdi...
Üç bahar sonra - 1923-cü ildə qədim
Naxçıvan torpağında bir Azərbaycan övladı
dünyaya gəldi.
70 il ürəklərdə qövr edən
ümidi göyərtmək Ona qismət oldu - Heydər
Əlirza oğluna...
Və
gün gəldi bu bayrağı bir də heç bir zaman enməyəcəyinin
təsdiqi kimi göy üzünün ənginliklərinə
də o kişinin yadigarı - İlham Heydər oğlu
uğurladı...
2010-cu ilin 1 sentyabr günü Xəzərin sahilində
göylərə yüksəlmiş - dünyanın ən
uca bayrağını azad səmalarda cilvələndirən
nur seli ilə Azərbaycan adlı ATA yurdunda əbədi
işıq yandırdı.
Elə bir işıq ki, zəfər gülləri onun şəfəqlərində boy atıb qönçələnəcək.
Elə
bir işıq ki, zərrələrini hər duyduğumuzda
böyük Cəfər Cabbarlının misraları müqəddəs
dua kimi qəlbimizdən qopub Tanrıya ünvanlanacaq:
Allah, əməllərim edib şu bayrağı intiqal,
Birər-birər
doğru olmuş, bir ad almış: İSTİQLAL!
Yürəyində
bir dilək var, o da doğru kəsilsin,
O gün
olsun bir göy bayraq Turan üstə açılsın...
Hüseynbala
MİRƏLƏMOV,
Milli Məclisin deputatı,
yazıçı-publisist
Azərbaycan.-2013.- 8 noyabr.- S.3.