Dahi bəstəkarın tələbəsi

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkar, xalq artisti, professor Musa Mirzəyevin 80 illiyinə həsr olunmuş tədbir keçirildi. Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxışında bildirdi ki, Musa Mirzəyev musiqi tariximizə tanınmış bəstəkar, pianoçu, pedaqoq, ictimai xadim kimi daxil olub. Onun əsərləri Azərbaycanın hüdudlarını aşaraq dünyanın bir çox ölkələrində səslənməkdədir.

Çıxışlar zamanı vurğulandı ki, Musa Mirzəyev dahi bəstəkar Qara Qarayev məktəbinin istedadlı nümayəndələrindən biridir. Musiqisi ilə Azərbaycanı dünyada tanıdan 80 yaşlı mədəniyyət xadimi haqqında sənətşünaslıq namizədi, professor Şəhla Həsənovanın qələmə aldığı "Musa Mirzəyev" monoqrafiyası da oxucular tərəfindən maraqla qarşılandı.

Tədbirin sonunda Musa Mirzəyevin fortepianoda müşayiəti ilə Azərbaycan incəsənət ustaları bəstəkarın əsərlərini ifa etdilər.

 

Azərbaycan.-2013.-  9 noyabr.- S.11.