Rəcəb Tayyib ƏRDOĞAN: «Prezident İlham Əliyevin

 Türkiyəyə rəsmi səfəri çox səmərəli olmuşdur»

 

Noyabrın 14-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiyanın İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana Ankarada müsahibə vermişdir. Söhbət zamanı Türkiyə hökumətinin başçısına bu il noyabrın 12-13-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfərinin yekunlarını, həmin səfərin Azərbaycan liderinin bu vəzifəyə yenidən seçilməsindən sonra ilk xarici səfəri olmasını nəzərə alaraq necə qiymətləndirməsi barədə sual verilmişdir.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan demişdir:

- Əlbəttə, İlham Əliyevin ölkəmizə səfərləri bizim üçün artıq ənənəyə çevrilmişdir. Bizdə də seçkilər başa çatandan sonra ilk xarici səfərimiz Azərbaycana olur. Onlar da belə edirlər. İlham Əliyevin budəfəki iki günlük səfəri həqiqətən, açıq və səmimi şəraitdə keçmişdir. Səfər çox səmərəli olmuşdur. Bildiyiniz kimi, bizdə həm Rusiya ilə, həm də Azərbaycanla Yüksək Səviyyəli Əməkdaşlıq Şurası yaradılmışdır və bu şura fəaliyyətdədir. Biz hərbi, siyasi, iqtisadi sahələrdə, ticarət və mədəniyyət sahələrində çoxsaylı ikitərəfli sazişlər bağlamışıq. Bilirəm ki, Azərbaycan-Rusiya münasibətləri də müsbət istiqamətdə inkişaf edir. Bununla əlaqədar bir məsələ mənim üçün xüsusilə əhəmiyyətlidir. Bu, həmsədri Rusiya, ABŞ və Fransa olan ATƏT-in Minsk qrupunun işi məsələsidir. Bu ölkələr Dağlıq Qarabağ problemi ilə əlaqədar onlara həvalə edilmiş öhdəlikləri yerinə yetirməlidirlər. Əgər münaqişə nizamlansa, yekunda Azərbaycan da qazanar, Ermənistan da, Türkiyə, Rusiyaİran da.

Mixail Qusman:

- Siz digər bir neçə ölkənin adını çəkmədiniz...

Rəcəb Tayyib Ərdoğan:

- Mən sərhədyanı dövlətlər barədə danışdım. Bəli, Əfqanıstan da daxil olmaqla bu dövlətlərin hamısı qazanar.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 16 noyabr.- S.4.