Türkiyə və Azərbaycanın iştirakı olmadan bölgədə

 hər hansı layihəni gerçəkləşdirmək mümkün deyil

 

Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri bunu bir daha sübuta yetirdi

 

 

Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra Türkiyə ilə münasibətləri tarixi təməl üzərində sürətlə inkişaf etmiş, qısa müddətdə analoqu olmayan müttəfiqlik zirvəsinə yüksəlmişdir. İki ölkə arasında münasibətlərin əlahiddə xarakteri həm də onunla şərtlənir ki, qardaş Türkiyə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan, kifayət qədər çətin və mürəkkəb şəraitdə belə bir qərar qəbul edən ölkə olmuşdur. İki dost ölkə arasında strateji müttəfiqlik münasibətləri ötən müddətdə ən yüksək pilləyə yüksəlmiş, əbədi və dönməz xarakter almışdır.

Xalqlarımızın dil, din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda, ortaq tarixə malik olması rəsmi Ankara ilə Bakının əlaqələrinə təsir göstərən mühüm amillərdən biridir. İki ölkə arasında bütün sahələrdə əlaqələr uğurla inkişaf edir, ikitərəfli münasibətlərdə qarşılıqlı inametimad çalarları getdikcə güclənir. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərmişdir. Bu səfərlər ölkələrarası əlaqələrin inkişafına yeni imkanlar açır. Qarşılıqlı səfərlər zamanı hər iki ölkə arasında ən müxtəlif sahələri əhatə edən birgə sazişlərin imzalanması dövlətlərimiz arasında perspektiv əməkdaşlığın inkişafına böyük töhfə vermişdir.

Prezident İlham Əliyevin bu günlərdə Türkiyəyə rəsmi səfəri də iki ölkə arasında əməkdaşlığın bütün sahələr üzrə uğurla inkişaf etdiyini bir daha təsdiq etdi. Dövlət başçısı İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Abdullah Gül arasında keçirilən görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq bir daha ifadə edilmişdir. Yüksək səviyyədə təşkil olunan qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunulmuş, regional, beynəlxalq məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılmışdır. Qeyd edək ki, Prezident Abdullah Gül Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə, Azərbaycan Prezidenti İlham Əliyev isə Türkiyə Respublikasının ən yüksək ordeni olan "Dövlət nişanı" ilə təltif edildilər. Bu, bir daha iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini göstərdi.

Dövlət başçısı İlham Əliyev Azərbaycan və Türkiyə arasındakı mövcud münasibətləri belə xarakterizə edib: "Mən Türkiyədə dəfələrlə olmuşam. Bu, Prezident kimi mənim 16-cı səfərimdir. Ancaq Ankarada sonuncu dəfə 5 il bundan öncə olmuşam. Səmimi qəlbdən sizi Ankarada görülən işlərlə bağlı təbrik etmək istəyirəm. Ankara müasir gözəl şəhərə çevrilmişdir, gözəl binalar tikilmişdir. Ankara böyük sənaye mərkəzinə çevrilmişdir. Ankarada gedən işlər Türkiyədə gedən işlərin təzahürüdür. Bizi sevindirən odur ki, bu gün Türkiyə dünya çapında güc mərkəzidir, cəlbedici güc mərkəzidir. Türkiyə öz siyasəti, diplomatiyası ilə dünyada çoxlu dostlar qazanmışdır. Bu, o qədər də asan məsələ deyildir. Türkiyə məhz xoş niyyəti ilə, düşünülmüş siyasətlə, qarşılıqlı anlaşma ilə böyük hörmət qazana bilmişdir. Bu gün dünya miqyasında Türkiyənin çox böyük nüfuzu, hörməti vardır. Hətta böhranlı illərdə Türkiyə iqtisadiyyatı inkişaf etmişdir. Dünyada hökm sürən maliyyə və iqtisadi böhran Türkiyəyə heç bir təsir etməmişdir. Çünki Türkiyə hökumətinin düşünülmüş, müdrik siyasəti vardır. Bu siyasət nəticəsində bu gün Türkiyə dünya birliyinin aparıcı ölkələrindən biridir, "Böyük iyirmiliyin" üzvüdür. Türkiyə iqtisadiyyatı getdikcə artır, əhalisi artır və artacaqdır. Türkiyənin gücü bizim gücümüzdür. Biz bir-birimizi daim dəstəkləmişik, dəstəkləyirik. Bizim gücümüz bizim birliyimizdədir. Bu gün əziz qardaşım Prezident Abdullah Gülün dediyi kimi, Türkiyə-Azərbaycan birliyi, eyni zamanda, türkdilli dövlətlərin birliyini də şərtləndirir. Mən çox şadam ki, biz artıq türkdilli dövlətlər formatı çərçivəsində çox önəmli qərarlar qəbul edirik. O qərarlar ki, bizim xalqlarımızı gələcəkdə daha da birləşdirəcəkdir. Əlbəttə, bizi birləşdirən tarixsiyasi maraqlar çox güclü amillərdir. Eyni zamanda, qarşılıqlı sərmayə qoyuluşu, enerji, nəqliyyat layihələrimiz, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi və "Marmaray" layihəsinin başa çatması tarixi hadisələrdir. Fürsət düşmüşkən, "Marmaray" layihəsinin icrası münasibətilə sizi ürəkdən təbrik etmək istəyirəm".

Prezident İlham Əliyevin Türkiyəyə gerçəkləşmiş növbəti səfəri bir daha təsdiqlədi ki, ölkələrimiz arasında əlaqələr tarixi-siyasi zəmin üzərində inkişaf etməklə bütövlükdə regionun siyasi taleyinin və gələcək inkişaf perspektivlərinin müəyyənləşməsində mühüm rol oynayır. Birmənalı demək olar ki, bu gün bölgədə Türkiyə və Azərbaycanın iştirakı olmadan hər hansı layihəni gerçəkləşdirmək mümkün deyildir. Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda təhlükəsizlik problemlərinin birgə həlli, sülh, sabitlikiqtisadi inkişafın təmin olunması zərurəti iki türkdilli dövləti daha da sıx birləşməyə sövq edir. Azərbaycanın regiondakı rolunun artması, eyni zamanda, Türkiyənin dünya iqtisadiyyatında mühüm mövqelərə çıxması iki dövlət arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsini zəruri edir. Azərbaycanın artan iqtisadi qüdrəti ölkəmizin xaricə böyük həcmdə investisiya yatırmasına da əlverişli imkan yaradıb.

Ölkə başçısı İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Baş nazir Rəcəb Tayyib Ərdoğan ilə də görüşü olub. Görüşdə ikitərəfli əlaqələrimizin, dostluq və qardaşlıq münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Ölkələrimizin qlobal layihələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığının genişləndirilməsinin, münasibətlərimizin möhkəmlənməsinin regional əməkdaşlıq baxımından önəmi vurğulandı və əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu. Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 2013-cü il 13 noyabr tarixli iclasının nəticələrinə dair Birgə Bəyanat imzalayıblar. Səfər çərçivəsində Azərbaycan və Türkiyə hökumətləri arasında sənədlərin imzalanması mərasimi də keçirilib.

Bu sırada "Azərbaycan və Türkiyə hökumətləri arasında elmtexnologiya sahəsində əməkdaşlıq haqqında protokol", "Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyi arasında elm, texnologiya, sənaye və sahibkarlığın gücləndirilməsinə dair Anlaşma Memorandumu", "Azərbaycan və Türkiyə hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Saziş və Azərbaycan və Türkiyə hökumətləri arasında təhlükəsizlik üzrə əməkdaşlıq  haqqında Saziş", "Azərbaycan və Türkiyə hökumətləri arasında  işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair Saziş", həmçinin "Azərbaycan və Türkiyə hökumətləri arasında əmək, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlığa dair Saziş"i misal göstərmək olar. Hökumətlərarası sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib mətbuata bəyanatlarla çıxış ediblər.

Baş nazir Rəcəb Tayyib Ərdoğan bildirib: "Azərbaycan ilə siyasi əlaqələrimiz mükəmməl və problemsiz şəkildə davam edir. Cənab İlham Əliyevlə görüşümüzdə ticarət əlaqələrimizlə yanaşı, siyasət və mədəniyyət sahələrində münasibətlərimizin genişləndirilməsinin əhəmiyyətini xüsusilə vurğuladıq. Avrasiyanın gələcəyi üçün böyük əhəmiyyət kəsb edən enerji layihələrindən danışdıq. Azərbaycanın təbii qazının veriləcəyi Balkanlarda, xüsusilə də bölgədəki ölkələrdə birgə hansı işləri görə biləcəyimizi nəzərdən keçirdik.

Türkiyə və Azərbaycan olaraq Trans-Anadolu və "Cənub" dəhlizi layihələrinin həyata keçirilməsi məsələsində ciddi mövqe nümayiş etdirməklə fikirlərimizi bildirdik. Təbii ki, strateji əməkdaşlığımızın mühüm layihələrindən biri olan bu məsələnin diqqətdə saxlanılması barədə fikirlərimizi bölüşdük. "Marmaray" layihəsi ilə birgə Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi Qərbi Avropadan çıxan bir qatarın birbaşa Xəzər sahillərinə, oradan isə Aktau və Türkmənbaşı limanlarından Pekinə çatmasını da mümkün edəcəkdir. Bu da, təbii ki, mühüm bir addımdır".

Strateji müttəfiq ölkələr müxtəlif beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir, ortaq maraqlardan çıxış edirlər. BMT, Avropa Birliyi, ATƏT və Avropa Şurasında ölkələrimiz vahid mövqedən çıxış edirlər. Rəsmi Ankara bütün beynəlxalq toplantılarda Azərbaycanın haqlı mövqeyində dayanaraq Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz azad etməsi tələbini irəli sürür. Rəsmi Bakı 2010-cu ildə qondarma "erməni soyqırımı"nın ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində tanınması, habelə İsrail hərbi dəniz qüvvələrinin "Azadlıq" donanmasına hücumu məsələlərində Türkiyənin haqlı mövqeyini müdafiə etmişdir.

Türkiyə regionda güvənməli həqiqi müttəfiqinin məhz Azərbaycan olduğunu yaxşı bilir. Ölkələrimiz arasında əlaqələr tarixi-siyasi zəmin üzərində inkişaf etməklə bütövlükdə regionun siyasi taleyinin və gələcək inkişaf perspektivlərinin müəyyənləşməsində mühüm rol oynayır. Birmənalı demək olar ki, bu gün bölgədə Türkiyə və Azərbaycanın iştirakı olmadan hər hansı layihəni gerçəkləşdirmək mümkün deyildir. Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda təhlükəsizlik problemlərinin birgə həlli, sülh, sabitlikiqtisadi inkişafın təmin olunması zərurəti iki türkdilli dövləti daha da sıx birləşməyə sövq edir. Azərbaycanın regiondakı rolunun artması, eyni zamanda, Türkiyənin dünya iqtisadiyyatında mühüm mövqelərə çıxması iki dövlət arasında əlaqələrin daha da genişləndirilməsini zəruri edir.

Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfərinin yekunları ölkələrimiz arasında əlaqələrin dinamik inkişaf etdiyini bir daha təsdiqlədi. Bu səfər iki ölkə arasında münasibətlərin daha da inkişafına mühüm təkan verəcək, xalqlarımız arasında tarixən mövcud olmuş əlaqələrin bundan sonra da genişlənəcəyinə imkan yaradacaqdır.

 

 

 

Elnur HACALIYEV,

Azərbaycan.-2013.- 16 noyabr.- S.6.