Gənclər və idman naziri Azad Rəhimov Mingəçevirdə vətəndaşları qəbul etmişdir

 

Gənclər və idman naziri Azad Rəhimov noyabrın 15-də Mingəçevir şəhərində vətəndaşları qəbul etmişdir. Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Göyçay, Kürdəmir, Ucar, Zərdab, YevlaxAğsu  rayonundan 50-yə yaxın vətəndaş iştirak etmişdir.

Nazirə yazılı və şifahi formada müraciət edən vətəndaşlar daha çox rayonlarda idman bölmələrinin açılması, kəndlərdə idman zallarının və futbol meydançalarının tikintisi, mənzil şəraitinin yaxşılaşdırılması, güzəştli ipoteka krediti, işlə təmin olunmaq, işə düzəlmə, gənclər təşkilatının yaradılması və qeydiyyata alınması, gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün gənclər mərkəzinin inşası və digər məsələlərlə bağlı olmuşdur. Bir neçə idman müəllimi isə dərs saatının artırılması üçün nazirə müraciət etmişdir.

Qəbul zamanı vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapmış, Gənclər və İdman Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır. Qəbuldan sonra nazir Azad Rəhimov Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Göyçay, Kürdəmir, Ucar, Zərdab, Yevlax  Ağsu  rayonlarının gənclər və idman idarələrinin rəisləri ilə görüşərək onlara qəbulun yekunları ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Xatırladaq ki, vətəndaşlar əvvəlcədən kütləvi informasiya vasitələrində elan olunmuş qayda üzrə, müvafiq rayonların yerli gənclər və idman idarələri ilə əlaqə saxlayaraq qəbula yazılmışdılar.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 16 noyabr.- S.7.