Səhiyyə naziri Şamaxıda vətəndaşları qəbul etmişdir

 

Səhiyyə naziri Oqtay Şirəliyev noyabrın 15-də Şamaxıda vətəndaşları qəbul etmişdir.

Mərkəzi rayon xəstəxanasında keçirilən və nazirliyin müvafiq struktur rəhbərlərinin  də qatıldığı qəbulda Şamaxı, Qobustan, Ağsu, İsmayıllı və Göyçay rayonlarından gəlmiş vətəndaşlar iştirak etmişlər.  

Qəbula gələn hər bir vətəndaş nazir Oqtay Şirəliyev tərəfindən diqqətlə dinlənilmişdir. Vətəndaşlar əsasən regionlarda mümkün olmayan ağır cərrahi əməliyyatlarla, xüsusilə ürək, böyrək əməliyyatları ilə, ixtisaslaşdırılmış klinikalarda müayinə və müalicə ilə, işə qəbul, diplomların təsdiqi və sair məsələlərlə bağlı müraciət etmişlər. Onların istək və təkliflərinin həlli ilə bağlı konkret tapşırıqlarını vermişdir.

Bir çox müraciətlər operativ olaraq həllini tapmışdır. Bəzilərinin isə  həll edilməsi ilə bağlı nazirliyin müvafiq qurumlarının rəhbərlərinə göstərişlər verilmişdir. Qəbula gələnlər nazirlə görüş üçün yaradılmış şəraitdən, onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildirmişlər.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 16 noyabr.- S.7.