Azərbaycan Diplomatik Akademiyasında

 III Beynəlxalq Tələbə Festivalı keçirilmişdir

 

Noyabrın 15-də Azərbaycan Diplomatik Akademiyasında III Beynəlxalq Tələbə Festivalı keçirilmişdir. Festivalda Azərbaycanda akkreditə olunmuş səfirliklərin təmsilçiləri, beynəlxalq təşkilatların əməkdaşları və müxtəlif universitetlərdə, o cümlədən ADA-da təhsil alan tələbələr daxil olmaqla 350-dən artıq nümayəndə iştirak etmişdir.

Festivalda ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev demişdir ki, tədbirin keçirilməsində əsas məqsəd müxtəlif ölkələrin mədəniyyətləri ilə tanış olmaqdır. Rektor bildirmişdir ki, festival dünya ictimaiyyətinin diqqətinin zəngin mədəniyyəti olan Azərbaycana yönəldilməsində də mühüm rol oynayır. Həmçinin xalqlar və mədəniyyətlər arasında əlaqələrin qurulması və inkişafı bu tədbirdə öz təcəssümünü tapır.

Hafiz Paşayev vurğulamışdır ki, bu tədbirin keçirilməsi həm də Azərbaycanda mədəniyyətlərarası harmoniyanın və tolerantlığın mövcudluğunun bariz nümunəsidir.

Festivalda Azərbaycan ilə yanaşı, Argentina, Bolqarıstan, Çin, Almaniya, Yunanıstan, Əfqanıstan, İraq, İsrail, İordaniya, Koreya Respublikası, Latviya, Norveç, Pakistan, Fələstin, Qətər, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, İsveçrə, Tacikistan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, ABŞ və Özbəkistanın tarixi, mədəniyyəti, milli mətbəxi ilə bağlı nümunələr iştirakçıların marağına səbəb olmuşdur.

Tədbirdə ADA tələbələrinin Ümumdünya Diabetlə Mübarizə Günü ilə bağlı tədbirlərə töhfələri çərçivəsində müxtəlif oyunlar təşkil olunaraq ianələr toplanmışdır.

Festival konsert proqramı ilə davam etmişdir.

Konsertdə müxtəlif ölkələrin milli rəqsləri, musiqiləri ifa olunmuş, maraqlı səhnəciklər nümayiş etdirilmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 16 noyabr.- S.7.