Heydər Əliyev Fondu Ştutqardda «Azərbaycan gecəsi» təşkil etmişdir

 

Noyabrın 14-də Heydər Əliyev Fondu Almaniyada "Azərbaycanı tanıdım" layihəsi çərçivəsində daha bir möhtəşəm tədbir keçirmişdir.

Heydər Əliyev Fondu Azərbaycanın Ştutqarddakı fəxri konsulluğunun dəstəyi ilə bu şəhərdə "Azərbaycan gecəsi" təşkil etmişdir. Gecədə Azərbaycanın tarixi, adət-ənənələri, mədəniyyəti qonaqlarda dərin təəssürat yaradıb.

"Azərbaycan gecəsi"ndə Qara Qarayevin, Fikrət Əmirovun, Cövdət Hacıyevin musiqiləri, xalq artistləri Fərhad Bədəlbəyli və Murad Hüseynovun pianoda ifaları, Köln şəhərinin "Minguet Quartett"inin çıxışı tamaşaçıların zövqünü oxşamışdır. Fikrət Əmirovun "Miniatürlər"i, Cövdət Hacıyevin "Ballada"sı, Tofiq Quliyevin "Qaytağısı"  alqışlarla qarşılanıb.

Azərbaycan Respublikasının Ştutqarddakı fəxri konsulu Otto Hauzer çıxış edərək Azərbaycanın musiqimilli adət-ənənəsinin bir xəzinə olduğunu vurğulamışdır. Azərbaycanın tarixən tolerantlıq diyarı kimi tanındığını bildirmişdir.

Otto Hauzer belə bir tədbirin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkür etmişdir. Bildirilmişdir ki, Heydər Əliyev Fondu bu cür layihələrlə Azərbaycanı dünyada tanıtmaqla yanaşı, ölkələrin bir-biri ilə əlaqələrinin genişlənməsinə xidmət edir. "Azərbaycan dünyada öz tolerantlığı ilə fərqlənir. Heydər Əliyev Fondu ölkədə tolerantlığın mövcud olmasında önəmli rol oynayır" - deyə Otto Hauzer bildirmişdir. Onun sözlərinə görə, Ştutqarddakı bu tədbir Azərbaycan mədəniyyətini təkcə musiqi ilə deyil, digər tərəfləri ilə də göstərəcəkdir. Bunlardan biri də Azərbaycan mətbəxidir. Belə ki, tədbir çərçivəsində Azərbaycan mətbəxi, süfrə mədəniyyəti qonaqlara təqdim olunur.

Tədbir çərçivəsində "Almanlar Azərbaycanda" adlı fotosərgi təşkil olunmuş, Azərbaycanın tarixi və mədəni irsini tərənnüm edən nəşrlər təqdim edilmişdir.

Qeyd edək ki, Heydər Əliyev Fondu bu günədək Almaniyada silsilə tədbirlər çərçivəsində Azərbaycanın tarixi və mədəni irsini tanıdan, iki ölkə arasında əlaqələrin genişlənməsinə xidmət edən müxtəlif layihələr həyata keçirmişdir.

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Ştutqard

Azərbaycan.-2013.- 16 noyabr.- S.9.