Türkiyənin nüfuzlu «Ekovitrin» jurnalında «İlham Əliyevin

 inamlı qələbəsi» sərlövhəli məqalə dərc olunmuşdur

 

Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalında "İlham Əliyevin inamlı qələbəsi" sərlövhəli məqalə dərc olunmuşdur.  AzərTAc xəbər verir ki, məqalədə cari ilin oktyabrında Azərbaycanda keçirilən prezident seçkilərində İlham Əliyevin seçicilərin 84.55 faizinin səsini qazanaraq inamlı qələbəyə nail olduğu vurğulanır.

Seçkilər başa çatandan dərhal sonra Türkiyə Respublikasının Prezidenti Abdullah GülünBaş nazir Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etdiyini bildirən müəllif iki ölkə arasındakı yüksək səviyyəli əlaqələrin dostluq və qardaşlıq münasibətlərinə əsaslandığını vurğulayır.

Məqalədə həmçinin Prezident İlham Əliyevin seçkiləri izləmək üçün Bakıda səfərdə olan türkiyəli müşahidəçiləri qəbul etdiyi bildirilir. Görüşdə qardaş ölkələrimiz arasındakı əlaqələrə toxunan Prezident İlham Əliyev yüksək səviyyəli ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırmışdır. Prezident İlham Əliyev demişdir ki, Türkiyə və Azərbaycan arasındakı möhkəm dostluq və qardaşlıq əlaqələri digər ölkələr üçün nümunə ola bilər.

Müəllif vurğulayır ki, prezident seçkilərinin nəticəsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu siyasətə, son illər ərzində görülən işlərə xalqın verdiyi dəyərin, eyni zamanda gələcəklə bağlı ümidlərinin göstəricisidir.

 

Azərbaycan.-2013.- 17 noyabr.- S.4.