Azərbaycanla Gürcüstan dost ölkələrdir

 

Azərbaycan və gürcü xalqları arasındakı sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin tarixi çox qədimdir. Yaşca tarixin özü qədər qoca olsa da, günbəgün möhkəmlənən bu dostluq zamanın çarpaşıq, kələ-kötür yollarında böyük sınaqlardan keçib. Fərəhlidir ki, xalqlarımız arasında heç vaxt anlaşılmazlıq olmaylb. İstər Azərbaycan torpaqlarında məskunlaşmış gürcülər, istərsə də Gürcüstanda yaşayan azərbaycanlılar tarix boyu özlərini doğma vətənlərindəki kimi hiss etmişbu dostluğun əbədiyaşarlığına öz layiqli töhfələrini vermişlər.

Bu yaxınlarda ulu öndərin Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən Azərbaycan, gürcüingilis dillərində nəşr edilmiş "Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir" kitabı iki xalqın bir-birinə məhəbbətini dəyərləndirən qiymətli əsərdir. İki dövlətin uzaq əsrlərin əlcatmaz, ünyetməz nöqtələrindən dövrümüzə qədər davam edən və heç bir xarici qüvvənin sarsıda bilmədiyi siyasi, iqtisadi, mədəni, humanitar əlaqələri barədə əsl sədaqət dastanıdır. 

Müdriklərimiz çox haqlı olaraq ədəbiyyatı xalqlar arasında "mənəvi körpü" adlandırırlar. Məhz həmin mənəvi körpüdür bugünkü qardaşlıq əlaqələrimizin kök sütunları. Diqqət yetirin, 1400 yaşlı "Dədə Qorqud" dastanımıza. Görün Başıaçıq adlandırılan Gürcüstanın əzəmətli TatianiTuman qalalarından, azərbaycanlılarla birgə düşmənə qarşı qətiyyətlə mübarizə aparan gürcü döyüşçülərinin hünər və cəsarətindən necə məhəbbətlə söhbət açılır. Azərbaycanlı yazarların qələmindən pöhrələnmiş "Şeyx Sənan", "Aşıq Qərib", "Şəhriyar", "Aşıq Məhəmməd və gürcü qızı" əsərlərində olayların cərəyan etdiyi ərazilər Gürcüstanın cənnətməkan torpaqlarıdır. Hələ XII əsrdə Tbilisidə keçirilən saray ədəbi məclislərində yaxından iştirak edən böyük Azərbaycan şairi Xaqani öz qəzəl və məsnəvilərində dost ölkənin əsrarəngiz təbiətini, gürcü xalqının mərdanəliyini, hünər və rəşadətini, dosta sədaqətin, "saflıq və gözəllik rəmzi olan ay üzlü, qıvrımsaç gürcü qızları"nın mənəvi büllurluğunu ilhamla tərənnüm etmişdir. Haqq və ədalət keşikçisi adlandırılan gürcü hökmdarı Demetrenin vaxtsız vəfatı həmin dövrdə yaşayıb-yaratmiş məşhur Azərbaycan şairi Fələki Şirvanini elə sarsıtmışdı ki, hətta ona kədərli bir qəsidə də həsr etmişdi. Dahi Nizami Gəncəvi də öz "Xəmsə"sində bu dost diyarı Tanrının Yer kürəsinə ən qiymətli töhfəsi, dünyanın cənnəti, onun sakinlərini isə mələk simalı insanlar adlandırmışdı. Onun "Leyli və Məcnun", "XosrovŞirin" əsərləri gürcü dilinə tərcüolunaraq xalqa ərməğan edilmişdi. Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərilə yanaşı, Nizami Gəncəvinin dünyanın ən böyük məhəbbət dastanı olan "Leyli və Məcnun" əsəri də toy günü gürcü gəlinlərinə bağışlanılan ən qiymətli cehizlər sırasında olardı. Məşhur "Koroğlu" eposundakı Gürcüoğlu obrazı da xalqlarımız arasındakı tarixi dostluq əlaqələrinin sarsılmazlığından xəbər verir. Maraqlıdır ki, bu qəhrəmanlıq dastanını XVI əsrdə ilk dəfə tərcümə edib öz xalqları arasında yayan da məhz gürcü yazıçıları olub. IX əsrdə  yaşayıb-yaratmış məşhur gürcü şairi İoane Şabanisdzenin Babək hərəkatının tərənnümünə həsr etdiyi poema ömrü azadlıq və müstəqillik uğrunda mübarizə meydanlarında keçmiş dost ölkənin oxucuları tərəfindən bu günböyük maraqla qarşılanmaqdadır. XVIII əsr Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri olan Molla Vəli Vidadi uzun müddət Tbilisidə vali sarayında yaşamış və dost ölkənin əsrarəngiz gözəllikləri, qardaş xalqın yüksək mənəvi aləmi haqqında bir sıra qiymətli əsərlər yaratmışdır. Molla Pənah VaqifGürcüstanla sıx bağlı olmuş, "Mərhəba, Tiflis imiş cənnəti dünya yerinin" - deyə onu məhəbbətlə vəsf etmişdir.

Məşhur gürcü yazıçılarından Qomelinin, Haziranın, İvane Mcedlişvilinin, Aleksandre Kazbeqinin Azərbaycanın igid oğlu Qaçaq Kərəmə həsr etdikləri dram əsərlərini, şeir və poemaları qardaş xalqın zəngin tariximizə və milli qəhrəmanlarımıza olan tükənməz məhəbbətinin bariz nümunəsi kimi dəyərləndirmək gərəkdir. Azərbaycanın iqtisadi, ictimai  sosial durumu ilə bağlı da gürcü ədəbiyyatında bir sıra qiymətli əsərlər meydana çıxmışdır. Mixeil Cavaxişvilinin hekayə və romanlarında Borçalı türklərinin yaşam tərzi, məişəti, milli adət və ənənələri, arasında yaşadıqları millətlə sıx dostluq və qardaşlıq əlaqələri öz dolğun bədii ifadəsini tapmışdır. Onun "Suçsuz Abdulla" hekayəsi bu gün gürcü ədəbiyyatının ən şah əsərlərindən biri kimi dəyərləndirilir. XIX yüzilliyin əvvəllərindən başlayaraq Tbilisi Cənubi Qafqazın inzibati mədəniyyət mərkəzi olmaqla yanaşı, həm də Azərbaycan və gürcü xalqlarının dostluq və qardaşlıq məbədinə çevrilmişdi. Milli ədəbiyyatımızın, dramaturgiyamızın, teatrımızın, bədii nəsrimizin, eləcə də milli dünyəvi təhsilimizin və mətbuatımızın ilk doğuluş dövrü məhz Tbilisinin ictimai-mədəniyyət mühitiylə bağlı olmuşdur. Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh kimi qüdrətli sənət fədailərimiz bir yandan Tbilisi mühitinin təsirilə püxtələşmış, digər tərəfdən bu mühitə öz qiymətli töhfələrini vermişlər. 66 illik ömrünün 44 ilini Tbilisidə keçirmiş Mirzə Fətəli Axundzadə dünya şöhrətli komediyalarını məhz orada qələmə almış, ədəbi əlaqələr xəzinəmizi öz qiymətli əsərlərilə daha da zənginləşdirmişdir. Onun "Lənkəran xanının vəziri" komediyasının ilk dəfə Akaki Seretelinin tərcüməsində Gürcüstanda tamaşaya qoyulması mədəni əlaqələrimizin diqqətəlayiq nümunələrindəndir. XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadənin məşhur "Molla Nəsrəddin" jurnalı ilk dəfə Tbilisidə yayımlanmağa başlamış, qüdrətli sənətkarın bütün Şərq aləmini və Avropanı titrədən kəskin çıxışlarının ünvanı məhz Tbilisi olmuşdur. Həmin dövrdə yaşamış məşhur gürcü şairi Nikoloz Barataşviliömrünün ən gözəl illərini Naxçıvanda və Gəncədə keçirmiş, məmləkətimizin əsrarəngiz təbiəti, xalqımızın hünər və rəşadəti, düşmənə nifrəti, dosta sədaqəti barədə bir sıra qiymətli əsərlər yazmışdır. Gürcü dilində nəşr olunmuş "Azərbaycan folkloru", "Azərbaycan ədəbiyyatı antologiyası", "Azərbaycan hekayələri", "Azərbaycan şairləri", "Dostluq təranələri", həmçinin Azərbaycan dilində nəşr edilmiş "Gürcü ədəbiyyatı nümunələri", "Qardaşlıq", "Dost nəğmələr", "Sevdim Azərbaycanı", "Bir sinədə iki ürək", "Kür Xəzərə qovuşur", "Ərməğan" və digər toplular milli ədəbiyyatlarımızın qardaşlaşmasının əyani sübutudur.

Ulu öndər Heydər Əliyev 1993-cü ildə qədirbilən xalqımızın arzusu və təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra Gürcüstanla münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişaf etdirilməsini mühüm vəzifə kimi qarşıya qoydu və həmin dövrdən başlayaraq Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olan qardaş Gürcüstanla ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı. 1995-ci ilin fevralında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin martında isə Tbilisdə Azərbaycan səfirliyinin  açılışı ikitərəfli əlaqələrin möhkəmlənməsinə əlavə stimul verdi. Gürcüstanla Azərbaycanı bir-birlərinə daha sıx tellərlə bağlayan hər şeydən öncə qlobal enerji və nəqliyyat kommunikasiya layihələridir. 1998-ci il sentyabrın 7-8-də 400 ildən bəri unudulub, yaddaşların o tayında qalmış, Azərbaycandan Çinədək uzanan 33 ölkəni yenidən vahid bir ideya mərkəzində birləşdirəcək tarixi Böyük İpək Yolunun bərpası ilə əlaqədar paytaxtımızda keçirilən beynəlxalq konfrans, həmin ilin oktyabrında iki ölkə arasında məhəbbət və sədaqət rəmzinə çevrilmiş yeni dostluq körpüsünün açılışı, 1999-cu il aprelin 17-də Bakı-Supsa neft kəmərinin işə salınması, Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin 2005-ci ildə istifadəyə verilməsi ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin daha da qranitləşib əbədiyaşarlıq hüququ qazanmasında mühüm rol oynadı. Azərbaycan ən çətin vaxtlarda belə, Gürcüstana qardaşlıq yardımı göstərən dövlət olub. Azərbaycanın qışın qarlı-şaxtalı günlərində qardaş ölkəni qazla təmənnasız təmin etməsini Gürcüstan rəhbərliyi və gürcü xalqı bu gün də minnərdarlıqla xatırlayır. Bu, təkcə strateji tərəfdaşlığın nəticəsi deyil, həm də əsl qardaşlıq rəmzi idi. Bu gün Gürcüstanın təbii qaza olan tələbatının 70 faizini məhz Azərbaycan ödəyir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: "Gürcüstan-Azərbaycan əlaqələri artıq regional çərçivədən çıxıbdır və bu gün bizim birgə təşəbbüslərimiz beynəlxalq əhəmiyyətə malikdir. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Qarşılıqlı səfərlər mütəmadi qaydada həyata keçirilir. Çox şadam ki, Azərbaycan şirkətləri Gürcüstana iqtisadi sahədə böyük həcmdə investisiyalar qoyurlar. Bu investisiyaların böyük gələcəyi var. Aramızda olan mal dövriyyəsi sürətlə artır və gələcəkdə də artacaq". Həqiqətən də, bu gün Azərbaycan Gürcüstanda əsas investorkreditor ölkələrdən biridir. Son beş il ərzində Azərbaycan Gürcüstan iqtisadiyyatına 800 milyon dollardan çox sərmayə qoyub. ARDNŞ-nin törəmə şirkəti, "Socar Georqia Petrolium" 2010 və 2011-ci illərdə Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkət olub. Şirkət təkcə 2011-ci ildə dost ölkəyə 32 milyon sərmayə qoyaraq regionda ən iri sərmayəçi statusu qazanıb.

ARDNŞ-nin bütünlükdə Gürcüstan iqtisadiyyatına qoyduğu sərmayənin həcmi 700 milyonu ötüb. Gürcüstanda çalışan Azərbaycan şirkətləri son beş il ərzində 7 mindən artıq yeni yerinin açılmasına yardımçı olublar. Bu gün Azərbaycanda 106 gürcü, Gürcüstanda isə 272 Azərbaycan şirkəti öz fəaliyyətini uğurla davam etdirir. 2012-ci ildə Azərbaycanla Gürcüstan arasında mal dövriyyəsinin həcmi təxminən 36 faiz artıb. İki dost ölkə arasında hökumətlərarası komissiyaların, ayrı-ayrı qurumların qarşılıqlı fəaliyyəti, vaxtaşırı biznes forumlarının, sərgilərin və digər tədbirlərin keçirilməsi adamları arasında dostluq əlaqələrinin daha da genişlənməsinə və son nəticədə ticarət dövriyyəsinin və investisiya qoyuluşunun artmasına əlverişli zəmin yaradıb. Təkcə 2012-ci ilın 4 ayı ərzində Azərbaycanın Gürcüstanla xarici ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə 15 faiz artması bunun sübutudur. Qardaş ölkələr arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün mövcud potensial hələ kifayət qədərdir. Üç il bundan öncə əvvəlcə Buxarestdə, sonra isə Bakıda Rumıniya, Azərbaycan və Gürcüstan arasında neftqaz kəmərlərinin şaxələndirilməsi ilə əlaqədar AGRİ layihəsi çərçivəsində birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumunun imzalanması bu sahədə atılan ən uğurlu addım kimi dəyərləndirilməlidir. Həmin layihəyə əsasən Azərbaycanın təbii qazı əvvəlcə Qara dəniz sahillərinə nəql olunacaq, orada xüsusi terminalda sıxıldıqdan sonra tankerlərlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılacaq, oradan da Avropa ölkələrinə yönəldiləcək.

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi və Bakı-Batumi hava reysinin inşaat layihəsinin icrası da uğurla davam etməkdədir. Fərəhlidir ki, Azərbaycan və Gürcüstan arasındakı bu əməkdaşlıq iki ölkəyə böyük uğurlar gətirəcək,  aralarında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə yardımçı olacaq konkret planlara və qərarlara əsaslanır. Bu əməkdaşlıq qarşıdakı illərdə də eynilə bu cür fəallıq və dostluq ruhunda davam etdiriləcək və bölgədə sülhün, sabitliyin, dinclik və əmin-amanlığın əsas təminatçısı olacaq.

 

 

 

Zeynal VƏFA,

Azərbaycan.-2013.- 17 noyabr.- S.5.