Nüfuzlu «Əl-Rəy» qəzetində «İordaniya Qlobal Humanitar

 Forumda» sərlövhəli məqalə dərc edilmişdir

 

İordaniyanın nüfuzlu "Əl-Rəy" qəzetində Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş tanınmış yazıçı-publisist Sultan Həttabın "İordaniya Qlobal Humanitar Forumda" sərlövhəli məqaləsi dərc edilmişdir.

Məqalədə forumun dünya dövlətlərindən çoxsaylı nüfuzlu insanları bir araya gətirdiyi bildirilir. İordaniyanın builki forumda daha çox nümayəndə ilə təmsil olunduğu diqqətə çatdırılır.

Yazıda forumun açılışında Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi nitqin böyük marağa səbəb olduğu qeyd edilir.

Azərbaycanda bütün sahələrdə gedən inkişaf prosesləri haqqında yazan müəllif ölkənin tərəqqisində və çiçəklənməsində Prezident İlham Əliyevin rolundan, bunun nəticəsində xalqın yüksək etimadını qazanaraq yenidən dövlət başçısı seçilməsindən bəhs edir. Forumun "dəyirmi masa"larında olduqca vacib məsələlərin müzakirə edildiyini vurğulayan Sultan Həttab bu mötəbər tədbiri "Humanitar Davos" adlandırır.

Müəllif, həmçinin Azərbaycan ilə İordaniya arasında münasibətlərdən bəhs edir, bu əlaqələrin inkişafında hər iki ölkənin rəhbərlərinin rolunu xüsusi vurğulayır.

 

 

Asya HACIZADƏ,

AzərTAc-in xüsusi müxbiri

Azərbaycan.-2013.- 19 noyabr.- S.8.