İnkişafın davamlılığı təmin olunacaq

 

Gələn ilin dövlət büdcəsi qarşıda duran vəzifələrin uğurla

 həyata keçirilməsinə əsaslı şərait yaradacaq

 

 

Dövlət büdcəsi ölkənin xərcləri və onların ödənilməsi mənbələri üzrə illik maliyyə planıdır. Məqsəd ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının maliyyələşdirilməsini, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Büdcə həm də iqtisadi-sosial inkişaf proseslərini tənzimləyən maliyyə vasitəsidir.

Azərbaycanda da inkişafın strateji məqsədlərinin reallaşması istiqamətində əsas və mühüm rollardan birini dövlət büdcəsi oynayır. Bu baxımdan bir faktı xüsusilə qeyd etməliyik ki, ulu öndər Heydər Əliyevin ideyaları əsasında müəyyənləşdirilmiş və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən  iqtisadi kurs nəticəsində Azərbaycanın dövlət büdcəsinin gəlir və xərcləri 20-22 il əvvələ nisbətən müqayisəyə gəlməyəcək dərəcədə artıb. Bu artımın xüsusilə əsas ağırlığı son 10 ilin payına düşür. Bu dövrdə respublikamızın dövlət büdcəsi də iqtisadi inkişafla mütənasiblik təşkil edərək sürətlə artıb. Hazırda Qafqazda bütün məsələlərdə liderlik edən Azərbaycan dövlət büdcəsinin gəlir və xərclərinə görə də birincidir.

Ötən həftə Milli Məclisdə 2014-cü ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan digər məsələlər geniş müzakirə edildi. Ümumi fikir ondan ibarət oldu ki, gələn il üçün büdcə layihəsi "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq əsas makroiqtisadi proqnoz göstəricilər, mövcud sosial-iqtisadi vəziyyət və ortamüddətli inkişafa təsir göstərən daxilixarici amillər, o cümlədən 2013-cü ilin ötən dövrü iqtisadiyyatın inkişafının əsas meyilləri və nəticələri qiymətləndirilməklə tərtib edilib. Bütövlükdə 2014-cü ilin dövlət və icmal büdcə layihələri hazırlanarkən Prezident İlham Əliyevin dövlətimizin inkişafı üçün müəyyən etdiyi strateji xəttə və prioritet vəzifələrə uyğun olaraq sosial məsələlərin həllinə, əhalinin yaşayış və məşğulluq səviyyəsinin artırılmasına, ölkəmizin müdafiə potensialının möhkəmləndirilməsinə, regionların və sahibkarlığın inkişafına, digər dövlət əhəmiyyətli məsələlərə dair qəbul olunmuş məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə xüsusi diqqət yetirilib, tələb olunan məbləğdə vəsait nəzərdə tutulub. Bununla yanaşı, dövlət büdcəsinin layihəsinin tərtibi zamanı növbəti illər üzrə Azərbaycan Respublikasının ortamüddətli makroiqtisadi proqnoz göstəriciləri əsas götürülüb.

Ümumiyyətlə, Azərbaycanın 2014-cü il dövlət büdcəsi layihəsi ilə tanışlıq bu qənaətə gəlməyə əsas verir ki, ölkəmizdə iqtisadi sferada yaranan keyfiyyətcə yeni situasiya bütün sahələrdə inkişafın davamlı olmasına yol açır. Bir neçə il əvvələ qədər arzu kimi görünən məsələlər bu gün reallığa çevrilir. Bu baxımdan gələn ilin dövlət büdcəsinin bütün göstəriciləri ondan xəbər verir ki, 2014-cü il Azərbaycanın inkişafında növbəti uğurlu mərhələ olacaq.

2014-cü ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 31,4 faizi həcmində olmaqla mütləq ifadədə 18 milyard 384 milyon manat nəzərdə tutulur. Büdcənin xərclərinin isə 20 milyard 63 milyon manat olması planlaşdırılır ki, bu da müstəqillik dövründə qeydə alınan ən yüksək göstəricidir. Funksional istiqamətlər üzrə bu ilə nisbətən 2014-cü ildə sosial müdafiə və sosial təminat xərcləri 14 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərcləri 13,9 faiz, elm xərcləri 12,5 faiz, səhiyyə xərcləri 8,4 faiz, təhsil xərcləri 8 faiz, mədəniyyət, incəsənət, informasiyaidman xərcləri 7,5 faiz, müdafiə xərcləri 7,1 faiz, iqtisadi fəaliyyət xərcləri 19 faiz, nəqliyyat və rabitə xərcləri 8,7 faiz, mənzil və kommunal təsərrüfatı xərcləri 14,6 faiz artımla proqnozlaşdırılır. Büdcənin kəsiri isə 1 milyard 679 milyon manat məbləğində (ÜDM-in 2,9 faizi həcmində) müəyyən edilib. Büdcə kəsirinin dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı, borclanmadan, özəlləşmədən daxilolmalarxarici qrantlar hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Gələn ilin büdcəsi ilə bağlı mühüm məqamlardan biri büdcə gəlirlərində qeyri-neft sektorunun çəkisinin artması və neft amilindən asılılığın azalmasıdır. Belə ki, 2014-cü il büdcəsinin qeyri-neft sektorundan gəlirləri 2013-cü ilin proqnozu ilə müqayisədə 20,8 faiz artımla nəzərdə tutulub. Bu isə respublikamızda son illər qeyri-neft sektorunda innovasiyalı və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşması ilə əlaqədardır. Qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olan regionların inkişafı sahəsində görülən işlər də öz bəhrəsini verir. 2014-cü ilin dövlət büdcəsində yerli büdcələrə dotasiyanın azalması, habelə gələn il Sumqayıt, ŞirvanAbşeron rayonları ilə yanaşı, Mingəçevir şəhəri və İmişli rayonunun da xərclərini özlərinin gəlirləri hesabına ödəmələri proqnozlaşdırılır. Bütün bunlar və dövlətin həyata keçirdiyi digər iqtisadi tədbirlər büdcə gəlirlərinin artıq neft gəlirləri hesabına deyil, büdcə-vergi siyasəti üzrə reallaşmasını və qeyri-neft gəlirlərinin ÜDM-də və büdcə gəlirlərində xüsusi çəkisinin artımına yönəldiyini göstərir. Dövlət büdcəsinin gəlirinin formalaşmasında 2013-cü ilə nisbətən gələn il Dövlət Neft Fondundan transfertin 2 milyard manatya 17,7 faiz azalmasının, Vergilər Nazirliyi üzrə daxilolmaların 702 milyon manatya 11 faiz, Gömrük Komitəsinin xətti ilə 130 milyon manatya 9,4 faiz artımla nəzərdə tutulması bunu təsdiq edir.

Azərbaycan Prezidenti İlham Əliyev növbəti on il ərzində ümumi daxili məhsulu qeyri-neft sektorunun inkişafı hesabına ən azı iki dəfə artırmağı qarşıya hədəf qoyub. Qeyri-neft sektorunun prioritet sahələrindən biri aqrar sahə olduğundan bu bölmənin kompleks inkişaf etdirilməsi üçün respublikamızda xeyli işlər görülüb. Bu günlərdə parlamentin Aqrar siyasət komitəsinin iclasında kənd təsərrüfatı məhsul istehsalçılarına vergi güzəştlərinin müddətinin yenidən 5 il uzadılması barədə Prezident İlham Əliyevin imzaladığı qanun layihəsi müzakirə olunaraq Milli Məclisin plenar iclasına tövsiyə olundu. Yalnız bu güzəştin hesabına 2001-2012-ci illər ərzində dövlət büdcəsinə ödənilməli olan 1 milyard 400 milyon vəsait fermerlərin sərəncamında qalaraq istehsalın genişlənməsinə sərf edilib. Vergi güzəştlərinin tətbiqi və 2007-ci ildən başlayaraq kənd təsərrüfatına ümumilikdə 600 milyona yaxın, yəni, hər il bir hektar əkin sahəsinə MDB məkanında ən yüksək məbləğdə - 70 dollar subsidiya ödənilməsi kənd təsərrüfatının ümumi həcmini 2000-ci ilə nisbətən 4,4 dəfə artırmağa imkan verib. Bu onu sübut edir ki, aqrar bölmə dövlətin iqtisadi siyasətinin əsas hədəflərindən biridir və ölkə rəhbərliyi bu sahəni həmişə diqqət mərkəzində saxlayır.

Bu diqqət və qayğının davamı olaraq 2014-cü ilin büdcəsində də kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya sahəsinə ümumilikdə 536 milyon manat (bu ilin icrasına nisbətən 15,9 faiz çox) vəsait ayrılması nəzərdə tutulur. Fermerlərə subsidiya verilməsi üçün cari ilə nisbətən 6,4 faiz çox - 131 milyon manat ayrılması planlaşdırılır.

Məlum olduğu kimi, aqrar sahə ərzaq təhlükəsizliyinin ən etibarlı təminatçısıdır. Qloballaşan dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsi hər bir ölkəni düşündürən aktual məsələdir. Fərəhlə qeyd etməliyik ki, respublikamız son illərdə böyük uğurlara imza atıb. Oktyabrın 19-da andiçmə mərasimində Prezident İlham Əliyev ərzaq təhlükəsizliyi məsələsinə toxunaraq bu istiqamətdə işlərin bundan sonra da yüksək templə davam etdiriləcəyini bəyan etdi: "Ərzaq təhlükəsizliyi tam şəkildə təmin edilməlidir. Biz son 10 il ərzində bu istiqamətdə böyük nailiyyətlərə imza atdıq. Bu gün bir çox əsas qida məhsulları Azərbaycanda istehsal olunur. Biz növbəti 5 il ərzində elə etməliyik ki, əsas ərzaq məhsulları 100 faiz Azərbaycanda istehsal olunsun. Bunu etmək üçün imkan da, konkret təkliflər də vardır və vəsait də nəzərdə tutulacaqdır".

Ərzaq təhlükəsizliyinin təminatı istiqamətində əsas yük aqrar bölmənin üzərinə düşdüyü üçün bu sahəyə dövlət büdcəsindən investisiya qoyuluşu artırılmalı və əsasən emal, kənd təsərrüfatı, maşınqayırma və qarışıq yem istehsalı sənayesi sahələrinin inkişafına yönəldilməlidir. Bu problemi qismən aradan qaldırmaq üçün dövlət büdcəsində respublikamızda aqrotexnoparkların tikintisinin nəzərdə tutulması effektiv nəticələr verər. Dövlət büdcəsi hesabına emal müəssisələrinin tikilməsinə, xüsusilə, meyvəçilik və tərəvəzçilik bölgələrində belə müəssisələrin sayının artırılmasına böyük ehtiyac var. Xüsusilə qeyd etməliyik ki, bu məhsulların istehsalında çox böyük potensial olmasına baxmayaraq emal müəssisələrinin az olması ucbatından fermerlər istehsal etdikləri məhsulu emal müəssisələrinə satmaqda böyük çətinliklərlə üzləşir və məhsullarını çox aşağı qiymətə satmağa məcbur olurlar. Digər tərəfdən, bu vəziyyət hər il xeyli məhsul itkisinə də səbəb olmaqla ərzaq təhlükəsizliyi riskini artırır. Bu mənada çoxsaylı emal müəssisələri həm məhsul itkisinin qarşısını alar, həm də fermerlərin xarici bazarlara çıxış imkanlarını artırar.

Bununla yanaşı, əsas strateji kənd təsərrüfatı məhsullarına - taxılçılığa, pambıqçılığa, quş ətinə və s. dövlət sifarişi artırılması qarşıya qoyulan hədəflərə çatmağımızda mühüm əhəmiyyət kəsb edər. Bununla istehsalçılar əmin olarlar ki, onların istehsal etdiyi məhsul satılacaq. Beləliklə, kənd təsərrüfatı istehsalı daha da stimullaşar, idxal azalar, ölkənin ərzaq təhlükəsizliyi ilə daxili imkanlar hesabına təminatı güclənər. Dövlət sifarişi ilə istehsal olunan kənd təsərrüfatı məhsulları ixrac edilə bilər ki, bu da ölkəyə əlavə valyutanın gəlməsi deməkdir. 2008-ci ildə Milli Məclisdə "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" qanun qəbul edilib. Bu istiqamətdə istehsalın stimullaşdırılması qeyd etdiyim məqsədlərə çatmaqda böyük rol oynayar.

Azərbaycanda həm dövlət büdcəsinin hər il uğurlu icrası, həm də ünvanlı şəkildə həyata keçirilən dövlət proqramları davamlı və sürətli sosial-iqtisadi inkişafı təmin edib. Bu inkişaf ölkənin bütün regionları kimi Sabunçu rayonunda da yaxından hiss olunur. Təkcə bu il bir neçə dəfə Sabunçu rayonuna gələn Prezident İlham Əliyev görülən işlərlə yaxından tanış olub, sosial infrastruktur obyektlərin açılış mərasimlərində iştirak edib.

Sabunçu rayonunun Maştağa, Nardaran, Bilgəh, Zabrat qəsəbələri də diqqət mərkəzindədir. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində bu qəsəbələrdə mühüm işlər görülüb. Qədim tarixi olan bu qəsəbələrdə həm də onlarla tarixi abidə var. Lakin bu abidələrin bir çoxu uzun müddət baxımsız qaldıqlarından əsaslı şəkildə təmir və yenidənqurma işlərinə ehtiyac yaranıb. Düşünürəm ki, hazırda dövlətin mədəniyyət sahəsinə ayırdığı vəsait hesabına baxımsız vəziyyətdə olan tarixi abidələrin restavrasiyasının həyata keçirilməsi tariximizə ehtiram olmaqla yanaşı, paytaxt Bakının turizm imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edər.

Bu qəsəbələrin digər problemi mövcud mədəniyyət evlərinin müasir standartlara cavab verməməsidir. Sovet dövründə inşa olunan bu mədəniyyət evlərində sonradan nə təmir işləri aparılıb, nə də maddi-texniki bazası yenilənib. Buna görə onların qapısı bu gün bağlıdır və təmsil etdiyim qəsəbələrdə mədəni-kütləvi tədbirlərin keçirilməsi zamanı bu sarıdan problemlər yaranır. Düşünürəm ki, bu sahəyə məsul olan aidiyyəti qurumların Maştağa, Nardaran, Bilgəh, Zabrat qəsəbələrində mədəniyyət evlərinin təmir və bərpasına diqqət göstərməsi sakinlərin mədəni istirahətinin təşkilinə, o cümlədən gənclərin asudə vaxtlarını mənalı keçirmələrinə mühüm töhfələr verər.

Ölkəmizdə son illərin ən böyük sosial uğurlarından biri qazlaşdırma işlərinin sürətlə həyata keçirilməsidir. Bakı kəndlərində də bu sarıdan vəziyyət ürəkaçandır. Lakin təmsil etdiyim Maştağa, Nardaran, Bilgəh, Zabrat qəsəbələrinin bəzi istiqamətlərində sakinləri narahat edən məsələlərdən biri təbii qazın təzyiqinin bir qədər aşağı olmasıdır. Qarşıdan soyuq havaların gəldiyini nəzərə alsaq, aidiyyəti qurumların bu məsələyə də diqqətlə yanaşmaları vacibdir.

Büdcə paketlərinin parlamentlərdə müzakirəsi dünyanın bütün sivil ölkələrində geniş müzakirələrə səbəb olur, təklif və arzularla müşayiət edilir. Azərbaycanın Milli Məclisi də bu ənənələrdən və meyillərdən xali deyildir. Lakin diqqəti çəkən məqam ondan ibarətdir ki, ölkəmizdə büdcə layihələrinin müzakirəsi zamanı deputatların fikir və mülahizələri diqqətsiz qalmır, nəzərə alınır. Hazırda Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan digər sənədlərin Milli Məclisdə geniş müzakirə zamanı deputatların qaldırdıqları məsələlər, irəli sürdükləri təkliflər hökumət tərəfindən öyrənilir. Əminliklə deyə bilərik ki, dövlət büdcəsi gələn il respublikamızın iqtisadi gücünün artması, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsi istiqamətində qarşıda duran vəzifələrin həyata keçirilməsinə tam təminat yaradacaq.

 

 

Eldar QULİYEV,

Milli Məclisin Aqrar siyasət komitəsinin

 sədr müavini, iqtisad elmləri doktoru

Azərbaycan.-2013.- 20 noyabr.- S.3.