Azərbaycan Prezidentinin Ukraynaya rəsmi

səfəri Ukrayna KİV-lərinin əsas mövzusudur

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kiyevə rəsmi səfəri Ukraynada həm dövlətə məxsus, həm də müstəqil elektron və mətbu  KİV-lərin əsas mövzusudur. Mərkəzi və regional telekanalları, informasiya agentliklərinin xəbər buraxılışları, radioefirlər, qəzetlər və jurnallar, internet-nəşrlər Ukrayna ictimaiyyətini Azərbaycan dövlətinin başçısı İlham Əliyevin noyabrın 18-də bu dost ölkədə olması barədə məlumatlandırmışdır.

Ukraynanın Milli İnformasiya Agentliyi (Ukrinform) "Yanukoviç: Ukrayna və Azərbaycan Avropaya karbohidrogenlər nəql edilməsi sahəsində səylərini birləşdirməlidirlər" sərlövhəli məqalədə yazır: "Prezident Viktor Yanukoviç əmindir ki, Ukrayna və Azərbaycan karbohidrogenlərin Avropa istiqamətində nəql edilməsi məsələlərində öz səylərini birləşdirmək üçün hər cür imkana malikdirlər. Bu barədə o, jurnalistlərə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfərinin gedişində məlumat vermişdir".

Ukrinform dövlət başçısının aşağıdakı sözlərini sitat gətirir: "Ukrayna enerji daşıyıcılarının nəql edilməsi üçün etibarlı tranzit ölkə, Azərbaycan isə onların etibarlı təchizatçısı kimi çıxış edir. Energetika sahəsində qarşılıqlı fəaliyyət prioritet məsələlərdən biridir və ölkələrimiz karbohidrogenlərin Avropa istiqamətində nəql edilməsi məsələlərində öz səylərini birləşdirmək üçün hər cür imkana malikdirlər".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə öz növbəsində qeyd etmişdir ki, yanacaq-energetika sektorunun məsələləri bizim münasibətlərin gündəliyində həmişə xüsusi yer tutmuşdur. "Bu gün biz gələcəkdə bu sahədə hansı yolla daha sıx kooperasiya qura biləcəyimizi müzakirə etdik. Çünki bizim fəal qarşılıqlı əlaqə saxlaya biləcəyimiz istiqamətlər çoxdur", - deyən Prezident İlham Əliyev daha sonra əlavə etmişdir ki, Azərbaycan və Ukrayna bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayırlar.

Azərbaycan Prezidenti onu da qeyd etmişdir ki, bu iki ölkə hərbi-texniki sahədə əməkdaşlıq və müştərək elmi araşdırmalar üçün yaxşı potensiala malikdir.

Ukrayna Müstəqil Xəbərlər İnformasiya Agentliyi "Yanukoviç və Azərbaycan Prezidenti bir-birinə orden vermişlər" sərlövhəli materialda yazır: "Ukrayna Prezidenti Azərbaycan Respublikasının Prezidentini Azadlıq ordeni ilə təltif etmişdir. Azərbaycan Respublikasının Prezidenti Ukrayna Prezidentinə Azərbaycanın ali dövlət təltifini - "Heydər Əliyev" ordenini təqdim etmişdir. Prezidentlərin iştirakı ilə bir sıra ikitərəfli sənədlər də imzalanmışdır. Agentlik sonda bildirir ki, Viktor Yanukoviçİlham Əliyev Ukrayna və Azərbaycan Respublikası Prezidentləri Şurasının dördüncü iclasının protokolunu imzalamışlar. Bu sənəddə Ukrayna-Azərbaycan ikitərəfli münasibətlərinin gündəliyində olan əsas məsələlərin, o cümlədən siyasi dialoqun, ticari-iqtisadi, yanacaq-energetika sahələrində əməkdaşlığın vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsinin nəticələri, habelə Prezidentlər Şurasının iclasının nəticələrinə əsasən əldə edilmiş razılaşmalar təsbit olunmuşdur.

"Kapital" internet nəşrində bu səfər haqda məlumat "Yanukoviç və Əliyev bir sıra ikitərəfli müqavilələr imzalamışlar" sərlövhəsi ilə dərc edilmişdir. Materialda iki dost ölkənin dövlət başçıları tərəfindən Ukrayna və Azərbaycan Respublikası Prezidentləri Şurasının dördüncü iclasının protokolunun imzalanmasından bəhs olunurqeyd edilir ki, həmin protokolda Ukrayna-Azərbaycan ikitərəfli münasibətləri gündəliyindəki əsas məsələlərin müzakirəsinin nəticələri təsbit olunmuşdur.

"Komsomolskaya pravda v Ukraine" nəşrinin "Prezident: Ukrayna və Azərbaycan iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar" sərlövhəli redaksiya materialında Viktor Yanukoviçin Kiyevdə aparılmış danışıqları necə şərh etməsindən bəhs olunur.

Viktor Yanukoviçin sözlərinə görə, etimada əsaslanan konstruktiv dialoq Kiyev ilə Bakı arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına və dərinləşməsinə şərait yaradır. O demişdir: "Bizim görüşlərin keçdiyi ənənəvi qarşılıqlı anlaşma şəraitini qeyd etmək mənə xüsusilə xoşdur".

Viktor Yanukoviç qeyd etmişdir ki, Şuranın bugünkü (noyabrın 18-də keçirilmiş - AzərTAc) iclasında əvvəlki dövr ərzində görülmüş işlərə yekun vurulmuş, əsas istiqamətlər üzrə gələcək ikitərəfli əməkdaşlıq planları ətraflı müzakirə edilmişdir.

Viktor Yanukoviç İlham Əliyevi prezident seçkilərində layiqli qələbə münasibətilə təbrik edərək vurğulamışdır: "Bu, sabitlik əlaməti, Azərbaycan xalqının öz liderinə ən yüksək etimadının əlamətidir". Azərbaycan prezidenti isə öz növbəsində qeyd etmişdir ki, Ukrayna və Azərbaycan praktiki olaraq bütün istiqamətlər üzrə əməkdaşlıq edirlər.

İlham Əliyev vurğulamışdır: "Ukrayna Azərbaycan üçün yaxın tərəfdaş, etibarlı tərəfdaş, dost ölkə və strateji tərəfdaşdır".

Azərbaycan Respublikasının Prezidenti demişdir: "Viktor Fyodoroviçin qeyd etdiyi kimi, baxışlarımız üst-üstə düşür. Biz dostuq, tərəfdaşıq və güman edirəm ki, bu səfərin yekunlarına əsasən tərəfdaşlığımız daha yüksək səviyyəyə çatacaqdır".

RBK - Ukraina informasiya agentliyi "Əliyev: Ukrayna Azərbaycanın enerji resurslarının nəqlini təmin edən etibarlı tranzit ölkədir" sərlövhəli materiala sərlövhə kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Viktor Yanukoviçlə görüşündən sonra dediyi sözləri vurğulayır.

Prezident İlham Əliyev demişdir: "Yanacaq-energetika sektorunun məsələləri bizim münasibətlərin gündəliyində həmişə xüsusi yer tutmuşlar. Bu gün biz gələcəkdə bu sahədə hansı yolla daha sıx kooperasiya qura biləcəyimizi müzakirə etdik. Çünki bizim fəal qarşılıqlı əlaqə saxlaya biləcəyimiz istiqamətlər çoxdur. Azərbaycan enerji ehtiyatlarının istehsalçısı kimi, Ukrayna isə istehlakçısı və tranzit ölkə kimi bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayırlar. Buna görə də Xəzər və Qara dəniz regionlarının əməkdaşlığı, o cümlədən energetika sahəsində əməkdaşlıq məhz bizim birgə fəaliyyətimizin nəticəsidir. Azərbaycan uzun illərdir ki, öz enerji ehtiyatlarının Qara dəniz, Aralıq dənizi bazarlarına və dünya bazarlarına etibarlı nəql olunmasını və çatdırılmasını təmin edir".

Viktor Yanukoviç də öz növbəsində, İlham Əliyevi əmin etmişdir ki, Ukrayna bundan sonra da Azərbaycan üçün etibarlı tranzit ölkə olacaqdır.

 

 

Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Kiyev

Azərbaycan.-2013.- 20 noyabr.- S.7.