2014-cü ilin büdcəsi ölkə əhalisinin sosial rifahını daha da yaxşılaşdıracaq

 

Keçən həftə Milli Məclisdə gələn ilin dövlət büdcəsi zərfinə daxil olan məsələlərin müzakirəsi aparıldı. Müzakirələr zamanı bildirildi ki, qarşıdakı illərdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, əsas sosial-iqtisadi göstəricilərin yaxşılaşdırılması meyilləri qorunub saxlanacaq. Dövlət büdcəsi layihəsi və sonrakı 3 il üzrə Azərbaycanın iqtisadi inkişaf sürəti region, Avropa və dünya üzrə göstəricilərdən yüksək olacaq. Bu meylin davam etməsi ölkəmizə yaxın gələcəkdə iqtisadi inkişafına görə inkişaf etmiş ölkələr səviyyəsinə çıxmağa imkan verəcək.

Müzakirələr zamanı çıxış edən deputatların əksəriyyəti layihənin mükəmməl hazırlandığını və ölkədə qeyri-neft sektorunun inkişafını müsbət dəyərləndirdilər. Bununla yanaşı, bəzi deputatlar büdcədən elm, təhsil, səhiyyə, gənclər siyasəti ilə bağlı layihələrin həyata keçirilməsi üçün vəsaitin artırılmasını təklif ediblər.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu "Azərbaycan - 2020: gələcəyə baxış" Konsepsiyasında Azərbaycanın sosial cəhətdən inkişaf etmiş, dövlətlər sırasında olması göstərilib: "Gələn ilin büdcəsinin əsas xarakterik xüsusiyyətlərindən biri də dünyada gedən iqtisadi böhranın təsirlərini nəzərə alaraq büdcənin ehtiyatda saxlanmasıdır. Bu büdcə layihəsinin xarakterik cəhətlərindən biri də sosial sahələrə ayrılan vəsaitin artırılmasıdır. Demək olar gələn ilin büdcəsi Azərbaycanın sürətli sosial-iqtisadi inkişafını təmin edəcək".

Onun sözlərinə görə, büdcədə əsas istiqamət qeyri-neft sektoruna, xüsusilə də kənd təsərrüfatına, turizmə və aqrar emal sənayesinin inkişafına yönəlib. Növbəti ildə ixracyönümlü rəqabət qabiliyyətli məhsulların hazırlanmasına, sosial təminat, səhiyyə, mədəniyyət, gənclər siyasəti və digər sahələrə artımlar müəyyənləşdirilib. Deputat vurğulayıb ki, gələn ilin büdcəsi addımlara hesablanıb: "Hesab edirəm ki, 2014-cü ilin büdcəsi Azərbaycan vətəndaşlarının sosial rifahını daha da yaxşılaşdıracaq".

Milli Məclisin deputatı Musa Qasımlı hesab edir ki, elm sahəsində sağlam rəqabət olmasa, büdcədən nə qədər vəsait ayrılsa da, elm inkişaf etməyəcək. Onun fikrincə, bunun üçün qabaqcıl ölkələrin təcrübəsindən yararlanmaq lazımdır. Elm üçün nəzərdə tutulan xərclərin keçən illə müqayisədə 12,5 faiz artmasının müsbət addım olduğunu deyən deputat qeyd edib ki, elm təyinatlı infrastrukturların yaradılmasına vəsaitin ayrılması da önəmlidir: "Təhsilə ayrılan xərclərin artırılması müsbətdir. İstedadlı gənclər üçün vəsaitin ayrılması dövlətin istedadlı gənclərə qayğısının nəticəsidir. Ən ucqar dağ kəndlərində ən müasir avadanlıqlarla təchiz olunan məktəblər tikilir. Amma təhsilin keyfiyyətinə diqqət artırılmalıdır".

Deputat, həmçinin ölkədə uşaq televiziyasının yaradılmasının vacibliyini də vurğulayıb: "Mütləq şəkildə uşaq televiziya kanalı yaradılmalıdır. Bu telekanal özəl yox, yalnız AzTV-nin nəzdində olmalıdır. Uşaq televiziyasını özəl kanallar şəklinə salmaq olmaz".

Büdcə zərfinə daxil olan bütün məsələlərin mükəmməl şəkildə hazırlandığını deyən Milli Məclisin deputatı Ceyhun Osmanlı isə bildirib ki, Azərbaycanın hərtərəfli inkişafı dünya azərbaycanlılarının nüfuzunun artmasına səbəb olur. İldən-ilə artan büdcə ildən-ilə yeni vəzifələrin həyata keçirilməsinə kömək edir. Deputat qeyd edib ki, hər il orta məktəbi 120 min gənc başa vurur. Amma onların yalnız 30 min nəfəri ali təhsil müəssisələrinə qəbul olunur. Yerdə qalan 90 min gənc isə "bayırda" qalır. Ceyhun Osmanlı düşünür ki, həmin gənclər peşə yönümlü təhsil almalıdırlar: "Təklif edirəm ki, Təhsil Nazirliyi 2014-cü və ya 2015-ci ili bütövlükdə müasir peşə təhsili ili elan etsin. Hansı rayonda hansı sahə (aqrar, turizm və.s.) inkişaf edibsə, orada həmin sahə ilə bağlı peşə təhsili müəssisəsi tikilməlidir".

Deputat, eyni zamanda, internat məktəbini bitirdikdən sonrakı həyatları qaranlıq olan gənclərlə bağlı məsələyə də toxunub. Onun fikrincə, bu gün Azərbaycanda 5 hərbi yönümlü ali təhsil müəssisəsi var. Yaxşı olardı ki, internat məktəblərini bitirən oğlanlar həmin məktəblərə yerləşdirilsinlər və onların gələcəkdəki yaşayış və iş yeri problemi həll olunsun. Bununla da dövlətdən heç bir vəsait tələb olunmur.

Ceyhun Osmanlının sözlərinə görə, gələn ilin dövlət büdcəsi layihəsinin ötən illərin müvafiq zərflərindən fərqi, özünəməxsusluğu ondan ibarətdir ki, yaxın illər üçün Azərbaycanın iqtisadi inkişafı proqnozları da cari büdcə layihəsinə daxil edilib. Bundan başqa, dövlət büdcəsi yenə də sosial və investisiya yönümlü olmasını qoruyub saxlayıb ki, bu da qlobal iqtisadi böhranın təzahürlərinin davam etməsi baxımından olduqca vacibdir.

Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də təkliflə çıxış edib. Deputatın fikrincə, hazırda Azərbaycan xalqı öz iradəsindən asılı olmayaraq, müharibə vəziyyətindədir: "Bu il Qarabag ili elan olunsaydı, daha məntiqli olardı. Bütün sahələrdən vəsaitlərin kəsilib Qarabag məqsədli təyinata verilməsini xalq sevə-sevə qarşılardı. Bir il hər kəs bütün məhdudiyyətləri qəbul edər, qələbədən sonra azad edilmiş 20 faiz torpaqların yeraltı və yerüstü sərvətləri  ilə yenidən vəsait artıqlaması ilə xalqa qaytarılar və bundan sonrakı bütün illərdə, büdcəmiz indikindən 20 faiz artıq formalaşdırılar, həm də bu, qeyri-neft sektoru hesabına olardı".

Fərəc Quliyev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev inauqurasiya mərasimində ciddi proqramla çıxış edib. Dövlət başçısı son müharibədə və tarixən itirilmiş torpaqların qaytarılması kimi yaxın və uzaq hədəfləri göstərib. Ona görə də hökumətin fəaliyyəti və büdcənin fəlsəfəsi bu konsepsiyadan qaynaqlanmalı idi: "Dövlətin siyasətinin reallaşması büdcə siyasətində əksini tapmalıdır. İşğal altında olan ərazilərimizin azad olunması istiqamətində büdcə siyasətini  formalaşdırmaq hökumətin fəaliyyət prioriteti olmalıdır. Biz problemi həll etmək üçün üzərinə getməliyik, onu daha sonraya saxlamaqla heç nəyə nail olmaq mümkün deyil. Belə bir büdcə mütləq formalaşdırılacaq. Bunun nə qədər tez olsa, bir o qədər Azərbaycanın xeyirinə olacağına inanıram".

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2013.-  21 noyabr.- S.8.