Bakıda gənc qadın liderlərin beynəlxalq konfransı keçirilmişdir

 

"Demokratik İslahatçı Gənclər" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər FondununBMT-nin yaşayış məntəqələri üzrə Proqramının (UN-Habitat) dəstəyi ilə noyabrın 20-də Bakıda gənc qadın liderlərin beynəlxalq konfransını təşkil etmişdir.

AzərTAc xəbər verir ki, konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq qadın ekspertlər, ayrı-ayrı ölkələrin qadın və gənclər təşkilatlarının təmsilçiləri iştirak etmişlər.

Konfransı açan "Demokratik İslahatçı Gənclər" İctimai Birliyinin sədri Vüsalə Qasımlı demişdir ki, layihənin həyata keçirilməsində məqsəd gənc xanımların ictimai-siyasi proseslərdə fəal iştirakını təmin etməkdir.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüsal Quliyev bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışmışdır. O demişdir ki, belə maarifləndirici tədbirlərin keçirilməsi qadınların öz hüquqları barədə daha çox məlumat əldə etmələrinə imkan yaradır.

V.Quliyev bildirmişdir ki, Azərbaycanda gənclərin liderlik bacarıqlarının artırılması ilə bağlı müxtəlif proqramlar, layihələr həyata keçirilir. Gənc qadın liderlərin beynəlxalq konfransında bu məsələnin gündəmə gəlməsi, müxtəlif ölkələrdən olan gənc xanımların öz təcrübələrini bölüşmələri, eyni zamanda, Azərbaycan təcrübəsi ilə tanış olmalarına şərait yaradılması onların fəaliyyətini stimullaşdıracaqdır.

Milli Məclisin deputatı Qənirə Paşayeva bu cür tədbirlərin Azərbaycanın ayrı-ayrı regionlarında, hətta kəndlərində daha çox təşkil edilməsinin zəruriliyini bildirmişdir. O qeyd etmişdir ki, qızların təhsili məsələsinə daha çox diqqət yetirilməlidir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da bu məsələni daim diqqət mərkəzində saxlayır. Q.Paşayeva demişdir: "Biz qadınların cəmiyyətin müxtəlif sahələrində rolunun artırılması, onların zorakılığın və ayrı-seçkiliyin bütün təzahürlərindən qorunması, gənc qadınların hüquqlarının müdafiəsi, onlarda özünə inam hissi yaradılması məsələlərinə dəstək olmalıyıq. Bu məsələ ilə bağlı təkcə dövlət qurumları, parlament deyil, hər bir vətəndaş üzərinə düşən vəzifəni yerinə yetirməlidir".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycanda aparılan qadın siyasəti, ölkəmizdə qadın probleminin həlli, cəmiyyətdə qadınların rolunun artırılması, onların siyasi proseslərə fəal qoşulması, biznes fəaliyyəti ilə məşğul olmaları üçün yaradılmış şərait barədə danışmışdır.

Ölkəmizdə qadınların hüquqlarının qorunması, ümumiyyətlə, onların vəziyyətinin yaxşılaşdırılması məsələlərinə böyük önəm verildiyini deyən S.Qəhrəmanova bu cür konfransların keçirilməsinin qadınların ictimai-siyasi proseslərə, biznes həyatına daha çox cəlb olunmaları baxımından əhəmiyyətini vurğulamışdır.

Tədbirdə digər çıxış edənlər, o cümlədən Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç, Litvanın müvəqqəti işlər vəkili Sarune Kubiliute, müxtəlif ölkələrin qadın təşkilatlarının nümayəndələri beynəlxalq konfransın qadınların ictimai-siyasi həyatda fəallığının daha da artırılması baxımından əhəmiyyətli olacağını bildirmişlər.

Konfransda bir sıra Avropa ölkələrinin qadın liderlərinin fəaliyyət təcrübəsi barədə təqdimatlar olmuşdur.

 

Azərbaycan.-2013.-  21 noyabr.- S.9.