Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

 

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri

 

Prezident Aleksandr Lukaşenkonun bəyanatı

 

 

 

- Sağ olun, İlham Heydər oğlu. Fürsətdən istifadə edib, bizim nümayəndə heyətini, ümumiyyətlə, bizim adamları, bizim belarusları burada həmişə səmimi və diqqətlə qarşıladığınıza görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Sizinlə tam razıyam və bunu təsdiq edirəm ki, beynəlxalq əməkdaşlıq baxımından Azərbaycan ilə Belarus arasında heç bir problem yoxdur. Dünya nizamına, bu gün dünyada mövcud olan problemlərə baxışlarımız eynidir. Bununla əlaqədar, beynəlxalq təşkilatlarda problemli məsələlərin bütün spektri üzrə həmişə bir-birimizi dəstəkləmişik və dəstəkləyəcəyik.

Həqiqətən, bizim əmtəə dövriyyəmizin həcmini daha da artırmaq, daha da yaxşılaşdırmaq lazımdır. Ona görə ki, iki dövlətin imkanları bu il olmasa da, gələn il nail ola biləcəyimiz 300 milyon dollardan xeyli artıqdır. Mən əminəm, bu səfərin xüsusiyyəti ondan ibarətdir ki, biz öz həmkarlarımızla, hökumətlərarası komissiya ilə birlikdə əməkdaşlığın yeni istiqamətini tapdıq. Bu gün biz Azərbaycan biznesmenlərini və Azərbaycan dövlətini Belarus ərazisində maraqlandıra biləcək layihələrə daha geniş sərmayə qoyulması məsələsində Prezidentdən də dəstək aldıq. Bizim kooperasiya əlaqələrimiz necə əməkdaşlıq etmək lazım olduğunu göstərir. Bu gün biz bu haqda da danışdıq. Razılaşdıq ki, bu istiqaməti gücləndirəcəyik. Biz əvvəlcə Azərbaycan ərazisində adi texnikanın yığılmasından başlamışdıq. Bu gün artıq bir sıra istehsalatlar - traktorların, avtomobillərin, avtobusların yığılması istehsalatları artıq 40-60 faiz lokallaşdırılmışdır. Bu, Azərbaycan Respublikasının çox yüksək potensialına dəlalət edir. Ona görə biz yığma əməliyyatlarından müştərək müəssisələrə keçdik. Bu gün artıq müştərək müəssisələrdə minlərlə vahid texnika istehsal edirik. Prezidentlə biz belə bir faktı da qeyd etdik ki, bizim Azərbaycanda artıq istehsal etdiyimiz bütün məhsullar Azərbaycana sığmır, beləliklə, qarşımızda bir məsələ yaranmışdır - üçüncü ölkələrin bazarlarına çıxmaq və birgə istehsal etdiyimiz məhsulları birgə satmaq. Yəni, biz artıq xeyli yol keçmişik, birgə məhsul yaratmışıq, sabah həmin məhsulu İranda, başqa respublikalarda satacağıq.

Sizin biznesmenlər və Sizin dövlət tərəfindən Belarusa fəal sərmayə qoyulması əməkdaşlığın yeni istiqamətidir. Əgər biz gənclərə və təhsilə böyük diqqət ayırmasaydıq, bu, mümkün olmazdı. Mən həmişə deyirəm ki, İlham Heydər oğlu bizim aramızda ən ziyalı və savadlı Prezidentdiro, bu məsələyə böyük diqqət yetirir. Görünür, bu səbəbdən o, bütün dünyada normal təhsil olan yerlərə Azərbaycan gənclərini göndərməyə çalışır. Gənclər də əlbəttə, yeni texnologiyaları buraya, öz vətənlərinə gətirəcəklər, onlar yüksək bilikli adamlar olacaqlar. Bu gün bizdə yüz əlli azərbaycanlı tələbə təhsil alır. Onlar bizim üçün heç bir problem yaratmırlar. Ağıllı, sakit gənclərdir, normal təhsil almağa çalışırlar. Bax bu mütəxəssislər hər il Azərbaycanın iqtisadiyyatına cəlb edilir və sanballı nəticə verirlər. Bunlar olmasa, təhsil olmasa - bilirəm ki, texniki peşə təhsili üzrə də yeni layihələr vardır, - normal əməkdaşlıq mümkün deyildir.

Bunu qeyd etmək bizim üçün çox xoşdur ki, lap yaxın vaxtlarda burada, Azərbaycan torpağında Belarus Mədəniyyəti Günləri keçirilmişdir. Hətta mənə verilən məlumata görə, yaxın vaxtlarda bizim artistlər Qara Qarayevin "Yeddi gözəl" baletini tamaşaya qoyacaqlar. Bu, çox mühüm hadisə olacaqdır. Buna görə də biz həm səfiri, həm də Azərbaycandan olan qardaşlarımızı bu tamaşaya dəvət edirik. Əgər hər normal getsə, biz burada bir neçə tamaşa göstərməyə hazırıq. Görürsünüzmü, biz təhsil, mədəniyyət sahəsində və digər humanitar istiqamətlər üzrə bir-birimizlə nə qədər sıx bağlıyıq. Biz əməkdaşlığa hazırıq və sizdən yeni təkliflər gözləyirik. Əgər sizin üçün maraqlıdırsa, siz bizim neft-kimya sahəsinə, kənd təsərrüfatına, xüsusən sizin Prezidentin diqqət yetirdiyi istiqamətə - əczaçılıq sənayesinə sərmayə qoya bilərsiniz. Mən bu təklifləri tamamilə dəstəkləyirəm. Vaxtilə bizim də qarşımızda belə bir məsələ yaranmışdı, bu məsələ hələ də aradan qalxmayıb - ölkənin əczaçılıq baxımından müstəqilliyini, dərman təhlükəsizliyini təmin etmək məsələsi. Buna biz də hazırıq, İlham Heydər oğlu da bu gün təsdiq etdi ki, o, burada tibbi preparatlar buraxılışı üzrə obyektlər tikintisi layihəsini dəstəkləməyə hazırdır. Biz öz texnologiyalarımızı təklif etməyə və ən qısa müddətdə təbii ki, Azərbaycan Prezidentinin nüfuzundan və təsirindən istifadə etməklə üçüncü ölkələrdə də satacağımız dərman preparatlarının qablaşdırılmasından başlanmış onların istehsalına qədər bütün yolu keçməyə hazırıq.

Hörmətli İlham Heydər oğlu, mənim Sizi ənənəvi olaraq Minskə dəvət etməyim qalır. Bizim yaxşı təcrübəmiz vardır. Hər il gah Minskdə, gah burada - Bakıda görüşürük. Bu, həm bizi müvafiq formada saxlayır, lakin daha çox həmkarlarımızı səfərbər edir ki, onlar da yaxşı formada olsunlar. Ona görə ki, bizim görüşlərdən əvvəl işlərin sürətini artırmaq lazımdır. Bizim qrafikimizin belə tərtib edilməsinə görə, çox təşəkkür edirəm, düşünürəm ki, bu, bizim üçün çox faydalı olacaqdır.

Bir daha təsdiq etmək istəyirəm ki, dövlətlərimiz arasında əməkdaşlıqda qapalı mövzular yoxdur. Biz heç kəsdən gizlətmirik ki, qida məhsulları istehsalından başlamış müdafiə nazirliklərini maraqlandıran, Azərbaycan Respublikasının və Belarusun müdafiə qabiliyyətinin tələb etdiyi məsələlərə qədər hər sahədə əməkdaşlıq edirik. Bir daha vurğulayıram ki, biz heç kəsdən gizlətmirik və gizlətməyəcəyik. Azərbaycan Prezidenti ilə bizim çox etimadlı münasibətlərimiz var və mən əminəm ki, dövlətlərimiz arasında münasibətlər də eynilə bu cür olacaqdır. Xüsusən ona görə ki, bizim başqa çarəmiz yoxdur, bu münasibətlərin əsasını biz yaratmışıq, buna görə də qarşımızda bir vəzifə durur - dinamika, dinamika və yalnız irəli. Biz buna hazırıq və görürəm ki, Azərbaycan tərəfindən olan həmkarlarımız da buna hazırdırlar.

Səmimiyyətə, qarşımızda duran problemli məsələlərin həllinə görə çox sağ olun.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-  22 noyabr.- S. 2.