Abşeron-Bursa dostluğu qardaşlığın bənzərsiz nümunəsidir

 

Azərbaycan-Türkiyə münasibətləri qardaşlıq və dostluq əlaqələrinin unikal və bənzərsiz nümunəsidir. İnsanlar arasında qohumluq əlaqələri, yaxınlıq təbii və qəbul edilsə də, dövlətlər arasındakı münasibətlərin mahiyyətinə nəzər salanda əksər hallarda daimi maraqların bəzən dostluqdan üstün tutulmasını izləmək mümkündür. Hətta ingilislərdə belə bir atalar sözüvar: "İngiltərənin daimi dostları yox, daimi maraqları mövcuddur".

Özülü ulu öndər tərəfindən qoyulan Azərbaycan-Türkiyə münasibətləri bu gün cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə uğurla inkişaf etdirilir. Dövlət başçısı bu münasibətləri yüksək qiymətləndirir: "Türkiyə-Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimizbugünkü siyasi maraqlarımızdır".

 

 

 

Qadağalardan qardaşlığa uzanan yol

 

 

Keçmiş SSRİ dövründə Azərbaycanla Türkiyə arasındakı sədlər, tətbiq edilən məhdudiyyətlər, ürəyi Türkiyə eşqi ilə döyünən insanların pantürkist damğası ilə həbs edilib məhbəslərə atılması, sürgün edilməsi, cəmi 11 kilometrlik Türkiyə-Azərbaycan sərhədinin tikanlı məftillərlə hasara alınması və bu tipli saysız-hesabsız müxtəlif qadağaların heç biri iki xalqın qəlbindən qarşılıqlı rəğbəti və əsrlərin dərinliyindən bəhrələnən qardaşlıq sevgisini silmək gücünə qadir olmadı. Sərhəd bölgələrində əhali təhlükələrə məhəl qoymadan müxtəlif qurğularla gizli türk telekanallarına baxırdılar. O zaman türk poeziyasının, türk ədəbiyyatının hər bir nümunəsinin azərbaycanlı oxucunun qəlbində xüsusi yeri var idi.

Sovet hakimiyyəti illərində Azərbaycana ilk dəfə 1967-ci ildə Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəl səfər edib. Ondan iki il sonra Türkiyənin cümhurbaşkanı Cövdət Sunayın Bakıya gəlişi qardaş ölkə ilə əlaqələrdə canlanma yaratdı, onilliklər boyu bolşevik rejiminin qoyduğu qadağaların buzu Xruşşovun "siyasi baharı"ndan sonra ləng də olsa əriməyə başladı.

Ötən əsrin 80-ci illərinin sonunda erməni faşistləri baş qaldırıb azərbaycanlılara qarşı etnik təmizləmələr, soyqırımları aparanda heç kimə ümidi qalmayan Azərbaycan Türkiyədən imdad gözləyirdi. Bakıda 1990-cı ilin qanlı Yanvar hadisələrində Naxçıvanda sərhədboyu yanan həyəcan tonqallarına türkiyəli qardaşlarımız da tonqallarla cavab verdilər. O taylı, bu taylı onlarca tonqalın başına toplanan insanlar  min il bundan əvvəl olduğu kimi, bir-birlərini görməsələr də, eşitməsələr də  dərdlərini bir-birinə alovların dili ilə çatdırır,  tonqalların şöləsi ilə bir-birini eşidir, bir-birinə arxa dururdular.

Moskvada qanlı Yanvar hadisələrinə etiraz edərək bəyanat verib Vətənə dönən ulu öndər Heydər Əliyev Naxçıvan Ali Məclisinə sədr seçildiyi gündən Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına xüsusi diqqət yetirdi. Ölkədəki hərc-mərclik, mərkəzi hakimiyyətin siyasi hadisələrin qarşısındakı acizliyi Bakıya xaos, "siyasi qış" gətirmişdi. Heydər Əliyev kimi qüdrətli tarixi şəxsiyyət isə harada və hansı vəzifədə olmasına baxmayaraq, çevik siyasi təfəkkürü, iti ağılı və cəsarətli siyasi gedişləri ilə ölkənin əsas simasına, nüfuzlu söz sahibinə çevrilir. Naxçıvanın blokadada, düşmən mühasirəsində olmasına baxmayaraq, muxtar respublika Azərbaycanın taleyində taleyüklü qərarlar qəbul edən və onların icrasına rəvac verən siyasi mərkəzə çevrilmişdi. Ulu öndərin görüşünə Türkiyənin siyasi xadimləri, tanınmış insanları gəlir, Azərbaycan-Ermənistan, Rusiya-Türkiyə münasibətləri ilə bağlı məsləhətləşir, tövsiyələrini alırdılar. Artıq ulu öndərin oturduğu yer sanki Azərbaycanın siyasi mərkəzi idi. Azərbaycanın paytaxtı Bakıda isə siyasi hakimiyyətin ambisioztarixi reallıqlarla uzlaşmayan addımları ölkəni siyasi uçurumlara sürükləyirdi.

Heydər Əliyev Türkiyə ilə Naxçıvan arasında avtomobil yolunun açılması üçün Araz çayının üstündən körpünün tikilməsinə qərar vermişdi. Blokadaya alınan muxtar respublikada sürətlə gedən tikinti işləri son mərhələyə yaxınlaşdıqca, ermənilər azğınlaşır, hücumlar sərtləşirdi. Bir tərəfdə qanlı və amansız savaşlar, digər tərəfdə isə bir an belə fasilə verilmədən körpünün tikintisi gedirdi. Erməni faşistləri Türkiyə ilə Azərbaycan arasındakı 11 kilometrlik sərhəd zolağını ələ keçirmək, körpünün tikintisinə mane olmaq üçün bütün hərbi qüvvələrini cəlb etmişdilər. Belə ağır zamanda hər tərəfdən blokadaya alınmış Naxçıvanda Heydər Əliyevin necə qərar tutmasına heyrətlənən jurnalistlərdən birinin "Siz nəhənglikdə şəxsiyyət bu balaca Naxçıvana necə sığışır" sualına ulu öndər gülümsəyərək məğrur bir cavab verimişdi: "Naxçıvanı qucaqlamağa məndən də nəhəng şəxsiyyət lazımdır! Bura düşündüyünüz qədər də balaca yer deyil".

 

 

 

Dönüş nöqtəsi

 

 

 

1992-ci il may ayının 28-də açılan körpüyə Naxçıvanda "Həyat körpüsü" adı verildi. Türkiyənin Baş naziri Süleyman Dəmirəl Naxçıvana gələrək ulu öndərlə birlikdə körpünün açılışında iştirak etdi. Bu qardaşlığa, körpünün açılışına sevinən insanlar muxtar respublikanın paytaxtından "Həyat körpüsü"nə kimi uzanan yolda yüzlərlə qurban kəsdilər.  Bu körpü ilə ulu öndər iki qardaş xalqın dostluğunun  yeni təməlini qoydu, iki qardaş xalqın münasibətlərində yeni eraya start verdi.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Bakıda iki qardaş dövlətin hərtərəfli əlaqələrinin genişlənməsi üçün çox işlər gördü.  Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir" və Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" fikirləri Türkiyə-Azərbaycan əlaqələrinin dünənini, bu gününü və gələcəyini dəyərləndirən düstur - isbata ehtiyacı olmayan aksiomadır. Beynəlxalq münasibətlərin ən çətin və mürəkkəb anları da Türkiyənin Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabərhüquqlu iqtisadi tərəfdaşı olduğunu təsdiq etdi. Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi Türkiyəyə 3 rəsmi, 2 qeyri-rəsmi, 15 işgüzar səfər etməsi dövlətimizin xarici siyasətində Türkiyənin hansı çəkiyə malik olmasını göstərir. 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi"ndə türk şirkəti təmsil olundu, Azərbaycanın neft-qaz sektoru ilə bağlı 5 müqavilədə Türkiyənin payı nəzərə alındı. 2001-ci il martın 12-də ulu öndər Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı "Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan və Türkiyə respublikaları arasında təbii qazın satışı və  alışı haqqında müqavilə" imzalandı.

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev də Türkiyə ilə münasibətlərin inkişafına müstəsna diqqət ayırdı, ulu öndərin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirdi. 2007-ci ilin əvvəlindən Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verildi. 2010-cu ildə  Azərbaycan Dövlət Neft Şirkəti ilə Türkiyənin BOTAŞ şirkəti arasında imzalanmış müqavilə Azərbaycan qazının Türkiyəyə və Avropanın digər ölkələrinə satışını reallaşdırdı. Türkiyə və Azərbaycanın təşəbbüsü ilə ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli sayılan Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisiuğurla davam edir. Çox keçməyəcək, Azərbaycan Türkiyə və bütün Avropa ilə dəmiryolu vasitəsilə birləşəcək.

Bu gün Türkiyə Azərbaycanın əsas ticarət və investisiya tərəfdaşlarından biridir. Türkiyə və Azərbaycan arasında əlaqələrin geniş spektrdə inkişaf etməsi Qafqaz bölgəsində ölkəmizin nüfuzunun, siyasiiqtisadi gücünün  artmasında ciddi rol oynayır. İki dövlətin qarşılıqlı əlaqələrində diqqəti çəkən məqamlardan biriodur ki, bu münasibətlər iki istiqamətdə inkişaf edir. Birincisi, dövlət, ikincisi isə təşkilatlar və bölgələr arasında birbaşa əlaqələr qurulub. Şaquliüfüqi istiqamətlərdə qurulan bu əlaqələr getdikcə genişlənir, Türkiyə-Azərbaycan dostluğunu daha da möhkəmlədir.

 

 

 

Qardaşlaşan AbşeronBursa

 

 

Bu baxımdan Azərbaycanın ən böyük rayonlarından biri sayılan Abşeronla Türkiyənin Bursa şəhəri arasındakı əlaqələrin qurulması və inkişafı xüsusi əhəmiyyət kəsb edir. Birinci dəfə 2008-ci ilin iyun ayında Bursa Bələdiyyəsi ilə Bakının Abşeron Rayon İcra Hakimiyyəti arasında "Qardaş şəhərlər"in elan olunması haqqında razılaşma əldə edildi.

Əvvəlcə onu qeyd edək ki, Prezident İlham Əliyevin böyük əməyi sayəsində regionda liderə çevrilmiş Azərbaycanın qazandığı uğurlara Abşeron rayonu da öz töhfəsini verir. Abşeron rayonu eyniadlı yarımadanın ən böyük inzibati ərazi vahididir. Rayonun iqtisadiyyatında neft və qazçıxarma, neft kimyası və kimya, ağır sənaye, qara və əlvan metallurgiya, energetika, maşınqayırma, elektrotexnika, yüngülyeyinti sənayesi üstünlük təşkil edir. Rayon güclü yanacaq-energetika bazasına malikdir. Ölkədə hasil edilən neftin və qazın, elektrik enerjisinin xeyli hissəsi məhz bu rayonun payına düşür. Son zamanlarda yeni neft-qaz yataqlarının istismarı bu regionun strateji mövqeyini daha da gücləndirib. Xatırlatmaq yerinə düşərdi ki, bu günlər Xəzərdə kəşf edilən yeni böyük qaz yatağı da "Abşeron" adını daşıyır. Rayon həm də geniş tikinti kompleksinə, nəqliyyat və xidmət sahələrinə malikdir. Bütün bunlar Bursa ilə  Abşeron rayonunun "qardaşlaşan şəhərlər" elan edilməsində rol oynayan ciddi iqtisadi amillərdir.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Bursa ilə Abşeronun qardaşlığının  artıq 5-ci ilə qədəm qoyduğunu vurğulayaraq bir neçə vacib məqama toxundu:

- Bizim üçün Türkiyənin tarixi bir şəhəri ilə qardaşlaşmaq qürur doğuran faktdır. Bursa Türkiyənin ən qədim şəhərlərindəndir, Osmanlı imperiyasının ilk paytaxtıdır. Burada Osmanlı imperiyasının banisi Birinci Osman Qazinin mavzoleyi yerləşir. Şəhər unikal memarlıq abidələri, qədim binalar və məscidlər ilə zəngindir. Eyni zamanda, Türkiyənin iri müasir sənaye şəhəri kimi məşhurdur. Burada "Reno" və "Fiat" avtomobil zavodları və digər sənaye müəssisələri yerləşir, geniş turizm şəbəkəsi mövcuddur. Eyni zamanda, bu şəhərin Türkiyədə "Yaşıl Bursa" kimi bir adı var. Dağlara söykənən Bursa həqiqətən də əsrarəngiz yaşıl mənzərələri ilə hamını valeh edir. Zənn edirəm ki, Abşeron rayonu ilə Bursanın qardaşlığı hər iki tərəf üçün ciddi siyasiiqtisadi məzmun daşıyır, qarşılıqlı faydalanmağımız, inkişaf etməyimiz xalqlarımız  arasında əsrlər boyu davam edən dostluq əlaqələrini daha da sıx, qırılmaz tellərlə bağlamağa zəmin yaradır.

Bursa şəhərinin "Qapalı Qaya" massivində salınan Heydər Əliyev Parkı ildən-ilə genişlənir, böyüyür. Parkın mərkəzində ulu öndər Heydər Əliyevin  abidəsi ucaldılmışdır. Ulu öndərə Bursada ucaldılan abidə Türkiyənin XX əsrın türk dünyasının ən güclü siyasi xadiminin xatirəsinə göstərdiyi ehtiramın və sonsuz sevginin təzahürüdür. Sevindirici haldır ki, əvvəl o qədər də böyük olmayan park hər il genişlənir. Bir neçə il öncə parkın sahəsi 7 hektar idi, sonra 15 hektara çatdırıldı. Sonuncu səfər zamanı isə Azərbaycan nümayəndəliyi Bursada Heydər Əliyev Parkının ümumi sahəsinin 270 hektara çatmasının şahidi oldular.

Heydər Əliyevin adını daşıyan Bursa parkı Türkiyədə Azərbaycan dəyərlərini, onun siyasi liderlərini uca tutan doğma bir ocaq kimi bursalılar tərəfindən əzizlənir, məhəbbətlə qorunur. Bura sanki Azərbaycanın bir parçasıdır.

Noyabrın 11-də Azərbaycan nümayəndə heyəti Bursa şəhər Yıldırım Bələdiyyəsi başkanı Özgən Kəskin və digər şəxslər tərəfindən səmimi qarşılandıqdan sonra Uludağ qoruğunun ətəyində yerləşən Heydər Əliyev Parkını ziyarətə gəldilər, ulu öndərin abidəsi önünə əklil qoyub onun xatirəsini ehtiramla yad etdilər. Burada çıxış edənlər türk dünyasının böyük siyasi xadimi Heydər Əliyevin həyat yolundan danışdılar, Bursa-Abşeron və Türkiyə-Azərbaycan qardaşlığının əbədiliyini bir daha təsdiqlədilər.

 

 

 

Bursadan Ankaraya baxanda Azərbaycanı Türkiyənin qəlbində gördük

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Türkiyə Respublikasına rəsmi səfərə gəlmişdi. Maraqlısı odur ki, məhz həmin ərəfədə Abşeron rayonunun nümayəndə heyəti Bursa şəhərinə yola düşmüşdü. Bursadakı nümayəndə heyətinin üzvləri Türkiyədə Azərbaycan Prezidentinin səfərinə olan sonsuz sevgini Bursadan müşahidə etdilər. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri qardaş ölkədə böyük marağa səbəb olmuşdu. Türkiyənin bütün nüfuzlu qəzetləri Ankarada keçirilmiş mərasimlər və görüşlər haqqında xəbər və məqalələri birinci səhifələrinə çıxarmışdılar.  "Hürriyet", "Star", "Sabah", "Vatan", "Milliyet", "Zaman", "Türkiyə", "Yeni Şafak", "Ortadoğu", "Bugün", "Taraf" və digər nüfuzlu qəzetlər Azərbaycan Prezidentinin rəsmi səfərinə geniş yer ayırmışdılar. Bir sözlə, Türkiyə mətbuatı Azərbaycan Prezidentinin səfərini çox qiymətli və hamını maraqlandıran hadisə kimi geniş işıqlandırdılar. Bütün görüşlər və mərasimlər NTV, "CNN Türk", "HaberTürk", "Sky", TRT Haber, TGRT, Kanal-24 və digər televiziya kanallarında canlı yayımlandı. Türkiyənin paytaxtında keçirilən görüşlər və mərasimlər haqqında xəbər və fotoreportajları Türkiyənin "Anadolu", "İhlas", DHA, "Cihan" xəbər agentlikləri ildırım sürəti ilə yayımladılar.

Abşeron RİH-in başçısı Zakir Fərəcov Bursada olduqları müddət ərzində Ankarada Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi görüşləri  Türkiyənin özündə izləməyin böyük təəssüratlar doğurduğunu deyir:

- Bu görüş Türkiyənin ictimai-siyasi həyatında yaddaqalan bir hadisədir. Prezident Abdullah Gül bəyanatında demişdir: "Mən cənab Prezident İlham Əliyevə Türkiyənin ən yüksək ordeni olan "Dövlət nişanı"nı təqdim etdim. Cənab Prezident isə müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin adını daşıyan "Heydər Əliyev" ordenini mənə təqdim etdi. Bütün bunlar iki ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinin, şübhəsiz ki, ən yaxşı nümunələrindən biri oldu".  Azərbaycan Prezidenti İlham Əliyev isə bəyanatında  Türkiyənin son illər ərzində keçdiyi böyükuğurlu yoldan, Türkiyənin dünya miqyasında böyük güc mərkəzinə  çevrilməsindən danışdı: "Türkiyə nəinki  bölgə məsələləri ilə, dünyada gedən proseslərlə bağlı öz prinsipial mövqeyini göstərir və Türkiyənin  yanaşmasından, mövqeyindən çox şey asılıdır.  Bu, bizi sevindirir, ruhlandırır. Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər güclü olacaqdır".

Biz Türkiyədə bir daha hiss etdik ki,  Azərbaycan Prezidentinin dediyi kimi, Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən sıx bağlı olan ölkələrdir. Bizdə olan qarşılıqlı anlaşma, bir-birinə olan dəstək çox nadir xarakter daşıyır. Türkiyənin dəstəyi Azərbaycanın gücünü daha da artırır. Azərbaycan Prezidenti İlham Əliyev onu da qeyd etdi ki, bu gün bizi birləşdirən və artıq regional çərçivələrdən çıxıb, qlobal müstəviyə daxil olan layihələr - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələrini müzakirə etdik: "Onların hər biri böyük bir hadisədir, böyük uğur gətirən layihələrdir. Ancaq Türkiyə və Azərbaycan birliyi, dostluğu sayəsində biz bu layihələrin reallaşmasına nail ola bilmişik. Bu gün biz daha da irəliyə baxırıq. Bu gün qarşılıqlı sərmayə qoyuluşu  məsələləri uğurla öz həllini tapır və Azərbaycanın xaricdəki ən böyük sərmayələri təbii ki, Türkiyəyə yatırılan  sərmayələrdir. Bu proses artıq davam edir və növbəti beş il ərzində Türkiyə iqtisadiyyatına 15-17 milyard dollar həcmində Azərbaycan sərmayəsi qoyulacaqdır".

Səfər çərçivəsində Abşeron rayon nümayəndə heyəti yeni təyin olunmuş  Bursa səhər valisi Şahabəddin Harput və bələdiyyə üzvləri ilə görüşdü. Nümayəndə heyəti Bursa şəhərinin memarlıq abidələri, şəhərdə gedən abadlıq-quruculuq işləri, su-kanalizasiya sistemləri, parkxiyabanlarda aparılan işlərlə yaxından tanış oldu.

Bursa şəhərində yaddaqalan hadisələrdən biriBursa İşıqlar Əskəri Hərbi Hava Liseyinin rektoru, Hava Pilot Kurmanı Albayı İşhak Dayıoğlu ilə görüş oldu. Hərbi lisey barədə ətraflı məlumat verildi, yüksək qonaqpərvərlik göstərildi, burada təhsil alan 20 azərbaycanlı tələbə ilə görüş keçirildi.

Zakir Fərəcov Bursada və hərbi məktəbdə aldığı təəssüratlara belə yekun vurdu: "Ulu öndər Sovet İttifaqının ən güclü ali məktəblərinə təhsil almağa minlərlə azərbaycanlı göndərsə də, təəssüflənərdi ki, imkanı olsaydı onları Türkiyədə, Avropada oxudardı. Ulu öndərin bu arzusunu da Azərbaycan Prezidenti İlham Əliyev reallaşdırdı. İndi Türkiyənin və dünyanın aparıcı universitetlərində minlərlə azərbaycanlı təhsil alır. Moskvada vaxtilə oxuyan milli kadrlar necə ulu öndəri Moskvada görəndə sevinirdilərsə, Bursa Hərbi Hava liseyindəki gənclərimiz də Azərbaycan Prezidentinin Ankaraya gəlişinə elə sevinirdilər. Öz ölkəsinin uğurları ilə fəxr edən gənc şahinlərimizin ən əlçatmaz yüksəklikləri fəth edəcəyinə inam hissi ilə beləcə Türkiyədən ayrıldıq".

 

 

 

Akif ƏLİYEV,

Azərbaycan.-2013.- 29 noyabr.- S.6.