Naxçıvanda türkiyəli rəssamın fərdi sərgisi açıldı

 

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və Türkiyənin Naxçıvandakı Baş konsulluğunun birgə təşkilatçılığı ilə türkiyəli rəssam, Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik kafedrasının dissertantı Tamer Tuğrulun fərdi sərgisi açılmışdır.

Sərginin açılışında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Türkiyənin Naxçıvandakı baş konsulu Əli Rza Akıncı, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov,  AMEA Naxçıvan bölməsinin sədri, millət vəkili, akademik İsmayıl Hacıyev çıxış edərək iki qardaş ölkə arasında münasibətlərdən, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də qarşılıqlı əməkdaşlığın uğurlarından bəhs etdilər.

Çıxışlarda qeyd olundu ki, Tamer Tuğrulun rəsm əsərlərinin Türkiyə təsviri sənətində xüsusi yeri var. Rəssamın əsərlərində xalqın həyat tərzi, yaşayışı, doğma torpağın gözəllikləri, əsrarəngiz mənzərələri dolğun və rəngarəng şəkildə təsvir olunur. O öz tablolarında insanların gündəlik həyatını özünəməxsus boyalarla əks etdirir.

Sonra Rəssamlar Birliyinin sərgi salonunda nümayiş olunan əsərlərə baxış keçirildi.

Böyük öndərlər - Heydər Əliyev və Mustafa Kamal Atatürkün  kətan üzərində yağlı boya ilə çəkilmiş portretləri, natürmortlar,  marina, peyzaj janrında  işlənmiş əsərlər sərgiyə gələnlər tərəfindən maraqla qarşılanıb. "Cirit oynayanlar", "Balerinalar məşq edərkən", "Gəmi və qağayılar", "Naxçıvanda çöl ördəkləri", "Balıqçı qayıqları", "Köhnə İstanbul", "Sənətçinin dünyası", "Van mənzərəsi", "Bəyoğlunda qış", "Ərzurum qoşa minarələri", "Diyarbəkir  Səmt bazarı", "Çiçəklər və qadınlar", "Ağrı dağından mənzərə" və digər rəsm əsərləri də sərgi iştirakçılarında böyük marağa səbəb oldu.  Sərgiyə qatılanlar rəssamın qabartma üsulu ilə işlədiyi  "Naxçıvanda çöl ördəkləri"  əsərinə xüsusi maraq göstərdilər.

Tamer Tuğrulun  97 əsərinin nümayiş olunduğu sərgi dekabrın 3-nə kimi davam edəcək.

 

 

 

Elxan MƏMMƏDOV,

Azərbaycan.-2013.- 30 noyabr.- S.9.