Fransız mətbuatında Azərbaycanla bağlı məqalələrə geniş yer ayrılmışdır

 

Fransız mətbuatında son günlər Azərbaycanla bağlı bir sıra məqalələr dərc olunmuşdur. "Lemosi" internet qəzetinin 28 noyabr tarixli nömrəsindəki "Azərbaycan: Fransa peykenerji sahəsində əməkdaşlığı gücləndirməyi arzulayır" sərlövhəli məqalədə Azərbaycan-Fransa İqtisadi Əməkdaşlıq Komissiyasının Bakıda keçirilən növbəti toplantısı ilə əlaqədar Fransanın xarici ticarət naziri xanım Nikol Brikin və 20 fransız  şirkəti rəhbərinin iqtisadi inkişafına görə Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycana səfərindən söhbət açılır.

 Fransa nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyevin Azərbaycanın ilk süni peykinin orbitə çıxarılmasında Fransanın Arianespas şirkətinin köməyini yüksək qiymətləndirməsi və bu sahədə iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə fikirlərinə məqalədə geniş yer verilir. Həmçinin Azərbaycanın iqtisadi inkişafının əsas mənbəyi olan enerji sektoruna fransız şirkətlərinin xüsusi maraq göstərmələri, ölkə qazının "Cənub dəhlizi" vasitəsilə nəqlinə üstünlük vermələri qeyd olunur.

Məqalədə xanım Nikol Brikin 2015-ci ildə Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunlarının təşkilində, şəhərsalma və dəmir yollarının, xüsusilə Bakı metrosunun tikintisində, Gəncədə tramvay xəttinin çəkilişində və kənd təsərrüfatı sahəsində səmərəli əməkdaşlığa, ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğuna dair fikirləri də yer alır.

Fransanın "purepople-com" saytında yerləşdirilmiş digər bir yazıda isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə noyabrın 22-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunmuş tanınmış fotoqraf Reza Deqatinin "Azərbaycan tolerantlıq məkanı" adlı fotosərgisindən bəhs edilir. Sərginin açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın, fondun vitse-prezidenti Leyla Əliyevanın, Fransanın Frankafoniya üzrə naziri, Fransa Prezidentinin Frankofoniya üzrə xüsusi təmsilçisi Yamina Benqiqinin, Parisin Yll rayonunun meri Raşida Datinin,  ictimaisiyasi xadimlərin, tanınmış mədəniyyət və incəsənət  nümayəndələrinin iştirak etdiyi tədbirin fransız ictimaiyyətində böyük maraq doğurduğu xüsusi vurğulanır.

Ölkənin regional "Qərbi Fransa" qəzetinin 28 noyabr tarixli  nömrəsində isə "Natali Qule Qafqaza rəsmi səfər edir" sərlövhəli məqalə dərc olunmuşdur. Məqalədə Senatın Fransa-Qafqaz  Dostluq Qrupunun sədr müavini, Orn departamentindən senator seçilən Natali Qulenin  iki ölkə arasında dostluq əlaqələrinin inkişafındakı önəmli rolundan söhbət açılır.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Reyms

Azərbaycan.-2013.- 30 noyabr.- S.9.