Qafqaz Universitetində böyük Azərbaycan şairidramaturqu

Hüseyn Cavidin İstanbulda nəşr edilmiş kitabının təqdimatı olmuşdur

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun təşəbbüsü və "Kaspi" qəzeti-Kaspi Təhsil Mərkəzinin layihəsi əsasında İstanbulda nəşr olunmuş "Hüseyn Cavid. Əsərləri" (ilk Türkiyə nəşri, 2013) kitabının noyabrın 29-da Qafqaz Universitetində təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, tanınmış alimlərin, müəllim və tələbələrin iştirak etdikləri tədbirdə Qafqaz Universitetinin rektoru professor Əhməd Saniç Azərbaycan ilə Türkiyənin tarixi birliyindən, mehriban qardaşlıq münasibətlərindən danışmış, ulu öndər Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" kəlamını xatırlatmışdır.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şairdramaturq Hüseyn Cavid yaradıcılığından bəhs edən rektor onun Türkiyədə İstanbul Universitetində təhsil aldığını qeyd etmiş, ədəbiyyata əvəzsiz töhfələr verdiyini diqqətə çatdırmışdır. 

Professor Ə.Saniç Hüseyn Cavidin Türkiyədə çap olunmuş kitabının əhəmiyyətini vurğulayaraq onun nəşri üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova, filologiya üzrə fəlsəfə doktoru, "Kaspi" qəzetinin təsisçisi, Hüseyn Cavid əsərlərinin İstanbul nəşri layihəsinin rəhbəri Sona Vəliyevaya və filologiya üzrə fəlsəfə doktoru Azər Turana təşəkkürünü bildirmişdir.

Filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva dahi ədib Hüseyn Cavidin mənalı ömür yolundan, zəngin ədəbi irsinin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, Cavid minilliklərin yazarıdır. Cavid kimi sənətkarlar bəşəriyyət üçün doğulanlardır. Bəşəriyyət üçün doğulanların isə hər zaman nəşrə ehtiyacı var, hər zaman təkrar-təkrar öyrənilməyə ehtiyacı var.

Cavidin XX əsrin əvvəllərində minilliklərdən bəri davam edən irfan ədəbiyyatının, mədəniyyətinin romantikasını yaratdığını vurğulayan S. Vəliyeva qeyd etmişdir ki, böyük ədib bu romantikanı yeni bir mənzum dram janrında ədəbiyyata gətirmişdir. Bu, Cavidin böyüklüyüdür. Cavidin ədəbiyyata bu janrı gətirməyi yeni bir ədəbi hadisə idi. Ədəbiyyatda yeni hadisə yaradanlar o şəxslərdir ki, onun gətirdiyi yeniliklər məktəbə çevrilir. Bəli, Cavid XX əsrin əvvəllərində belə bir romantik məktəbin banisi kimi, xüsusilə də mənzum dram janrının banisi kimi tarixilik qazanmışdır. Cavid, doğrudan da, XX əsr irfan ədəbiyyatının davamçısı idi.

Cavidin Türkiyədə universitetdə təhsil aldığını, turan fəlsəfəsini sistemli şəkildə öyrəndiyini xatırladan S. Vəliyeva vurğulamışdır ki, o, XX əsrdə Azərbaycanda türkçülük məfkurəsini daha yüksək zirvəyə qaldıran həm böyük ideoloq idi, həm də bu ideyaları ədəbiyyata gətirən böyük bir şəxsiyyət idi.

S.Vəliyeva ulu öndər Heydər Əliyevin böyük şairdramaturq   Hüseyn Cavid ədəbi irsinə daim xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırmışdır.

Hüseyn Cavidin Türkiyədə nəşr olunan kitabının əhəmiyyətindən bəhs edən S. Vəliyeva ümumtürk dünyası üçün, bəşəriyyət üçün Cavidin öyrənilməsinin və təbliğinin vacibliyini vurğulamışdır. Qeyd etmişdir ki, Cavidin öyrənilməsi türk millətinin özünəqayıdışıdır.

Hüseyn Caviddən bəhs edən videofilm nümayiş etdirilmişdir.

Professor Kamran Əliyev böyük sənətkar Hüseyn Cavid yaradıcılığı barədə fikirlərini söyləmiş, onun ədəbi irsinin dərindən öyrənilməsinin və tədqiq edilməsinin əhəmiyyətindən danışmışdır.

Professor Akif Hüseynli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi idarə heyəti sədrinin müşaviri Nazim Əkbərov, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi təhsil şurasının sədri Ənvər Özərən, Hüseyn Cavid əsərlərinin İstanbul nəşrini hazırlayan filologiya üzrə fəlsəfə doktoru Azər Turan və digər çıxış edənlər də ümummilli lider Heydər Əliyevin Hüseyn Cavid yaradıcılığına böyük önəm verdiyini xatırlatmışlar.

Hüseyn Cavidin ölməz ideyalarının, əsərlərinin əhəmiyyətindən  bəhs edən natiqlər dahi sənətkarın İstanbulda nəşr olunmuş  əsərlərinin onun yaradıcılığının daha da dərindən araşdırılmasında mühüm rolu olacağını vurğulamışlar.

 

Azərbaycan.-2013.- 30 noyabr.- S.10.