Qarabağın mədəni irsini qoruyaq mövzusunda tədbir keçirilmişdir

Sentyabrın 30-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin və "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Qarabağın mədəni irsini qoruyaq" mövzusunda tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin də qatıldıqları tədbirdən əvvəl iştirakçılar Beynəlxalq Muğam Mərkəzinin foyesində Qarabağın qədim və zəngin mədəniyyətini əks etdirən sərgi ilə tanış olmuşlar.

Sərgidə Qarabağın, o cümlədən Şuşanın gözəlliyini əks etdirən tablolar, bu diyarın xalçaçılıq sənətinə aid xalça və xalçaçılıq nümunələri nümayiş etdirilmişdir. Sərgidə Azərbaycanın peşəkar musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyliyə aid eksponatlar, bir ovuc Şuşa torpağı da maraqla qarşılanmışdır.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Ulu öndər Heydər Əliyevin Qarabağın mədəni irsinə diqqət və qayğısından, həmçinin bu ecazkar diyarın dünənindən bəhs edən videoçarx göstərilmişdir.

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi idarə heyətinin sədri Bayram Səfərov Azərbaycanın bu dilbər guşəsinin mədəniyyətinin, incəsənətinin, musiqisinin zənginliyindən danışmış, işğalçı ermənilərin milli mədəniyyət abidələrimizi vəhşicəsinə talan etməsi haqqında faktları diqqətə çatdırmışdır. Bildirilmişdir ki, işğal altında olan Dağlıq Qarabağona bitişik rayonlarda 13 dünya, 292 ölkə, 330 yerli əhəmiyyətə malik tarix və mədəniyyət abidələri qalmışdır.

Tədbirdə iştirak edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov demişdir ki, qədim tarixə, zəngin mədəniyyətə malik Qarabağ dünyanın ilk yaşayış məskənlərindən biridir. Təkcə Azıx mağarası ilə bunu tarix çoxdan sübuta yetirmişdir. Mədəniyyətimizin aparıcı və ayrılmaz hissəsi olan Qarabağın mədəni irsini qorumaq hər bir azərbaycanlının borcudur.

Azərbaycan mədəniyyətinin bu gün bütün dünyada geniş təbliğindən danışan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə bildirmişdir ki, bu tədbir də xalqımızın öz mədəni keçmişinə, mənəvi dəyərlərinə böyük hörmətlə yanaşdığını sübut edir.

Ə.Qarayev Qarabağın mədəni irsinin qorunması və təbliğindəki xidmətlərinə görə bir qrup mədəniyyət işçisinə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis olunmuş "Fəxri mədəniyyət işçisi" döş nişanı təqdim etmişdir.

Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva qədim tarixə, zəngin mədəniyyətə malik Qarabağın mədəni irsi haqqında ətraflı məruzə ilə çıxış etmişdir. O, xüsusilə qeyd etmişdir ki, Qarabağ təkcə musiqi, mədəniyyət beşiyi deyil, həm də özünün görkəmli ziyalıları ilə də məşhur bir bölgədir.

Sonra Qarabağ musiqi məktəbləri kollektivlərinin iştirakı ilə böyük konsert proqramı təqdim edilmişdir. Dahi Üzeyirin "Koroğlu" uvertürası, eləcə də ifa edilən digər nəğmələr, kompozisiyalar xalqımızın mədəniyyətinin zənginliyini, qədimliyini bir daha nümayiş etdirməklə yanaşı, həm də dünya ictimaiyyətinə, işğalçı ermənilərə belə bir mesaj olmuşdur: belə zəngin mədəniyyətə, musiqiyə sahib olan bir torpaq işğal altında çox qala bilməz.

Tədbirin sonunda "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi idarə heyətinin sədri Bayram Səfərov Qarabağın mədəni irsinin qorunması sahəsindəki xidmətlərinə görə Xocalı, Xocavənd və Şuşa rayon mədəniyyət və turizm şöbələrinə fəxri fərmanlar təqdim etmişdir.

 

Azərbaycan.-2013.- 1 oktyabr.- S.3.