Sülh və təhlükəsizlik uğrunda

 

Bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasında

növbəti müddətə sədrliyə başlayır

 

 

Azərbaycan diplomatiyası müstəqilliyimizin bərpasından ötən 22 il ərzində beynəxalq müstəvidə çox uğura imza atıb. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qazanılan diplomatik nailiyyətlər müstəqil Azərbaycanın gələcək inkişafında mühüm rol oynayıb. Məhz uğurlu və uzaqgörən diplomatik gedişlərin nəticəsi idi ki, 1994-cü ildə "Əsrin müqaviləsi" imzalandı. 1996-cı ildə ATƏT-in Lissabon sammitində Ermənistan çıxılmaz vəziyyətə salındı. Sonrakı illərdə Azərbaycanın təşəbbüsü ilə iri enerji layihələrinə start verilməsi, tarazlı xarici siyasətin həyata keçirilməsi də Azərbaycanın diplomatik uğurları idi.

Son illərdə respublikamız beynəlxalq müstəvidə saysız-hesabsız diplomatik uğurlar əldə edib. Bu uğurlar tariximizə Azərbaycanın beynəlxalq imicinin yüksəlməsi ilə yanaşı, etibarlı tərəfdaş kimi dünya birliyindəki yerinin daha da möhkəmlənməsi dövrünün uğurları kimi daxil olub. Bu dövrdə sülh danışıqları prosesində Ermənistanın tamamilə çıxılmaz vəziyyətə salınması, Avropa Şurasında Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalını pisləyən qətnamənin qəbul edilməsi ölkəmizin həyata keçirdiyi siyasətin məntiqi nəticəsi, Azərbaycanın diplomatik sahədə böyük uğurlarıdır.

İki il öncə Azərbaycanın beynəlxalq diplomatik uğurları sırasına növbəti əlamətdar hadisə əlavə olundu. 2011-ci il oktyabrın 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə görə Azərbaycan bu mötəbət təşkilatın Təhlükəsizlik Şurasına (TŞ) üzv seçildi.

Xatırladaq ki, Şərqi Avropa regionundan BMT TŞ-yə yeni üzv seçilmək üçün Azərbaycanla yanaşı, Sloveniya və Macarıstan da iddialı idilər. Səsvermənin ilk mərhələsində Macarıstan az səs toplayaraq mübarizədən kənarlaşmışdı. Sonrakı səsvermələrdə mübarizə Azərbaycanla Sloveniya arasında getdi və respublikamız inamla irəliləyərək lehinə olan səsləri artırdı. Səsvermənin 16-cı mərhələsindən sonra Sloveniya tərəfi Azərbaycanın üstünlüyünü görərək mübarizədən geri çəkildi. Səsvermənin nəticələri üçdə iki səs çoxluğu ilə Azərbaycanı qalib çıxararaq BMT Təhlükəsizlik Şurasının yeni üzvü müəyyən etdi. Ümumilikdə 155 ölkənin dəstəyi ilə respublikamız 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini BMT TŞ-də təmsil etmək imkanı qazandı.

Azərbaycan BMT-nin müvafiq qurumlarına öz namizədlərini irəli sürməklə bu orqanlara seçkilərdə fəal iştirak edir. Məsələn, respublikamız UNİCEF-in İcra Heyətinin 1995-1997-ci, 1998-2000-ci illər ərzində, Qadınların vəziyyəti haqqında Komissiyanın 2000-2002-ci illər ərzində və BMT-nin Davamlı İnkişaf üzrə Komissiyasının 2002-2004-cü illər ərzində üzvü olmuşdur. Bundan başqa, Azərbaycan 2003-2005-ci illər üçün BMT-nin İqtisadiSosial Şurasının üzvü seçilmişdir.

Lakin Azərbaycan indiyə qədər BMT-nin ən ali tribunası olan Təhlükəsizlik Şurasında təmsil olunmamışdı. Ona görə də bu hadisə ictimaiyyət tərəfindən çox düzgün olaraq ölkəmizin beynəlxalq müstəvidə qazandığı son dərəcə böyük siyasidiplomatik qələbə kimi qəbul edildi. Bunun üçün Azərbaycan tərəfi xeyli müddət idi ki, genişmiqyaslı aparırdı və nəhayət, bu fəaliyyət layiqli bəhrəsini verdi. Azərbaycanın BMT TŞ-yə üzv seçilməsi aparılan uğurlu xarici siyasətin, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzununregionun lider dövləti olmasının təsdiqidir.

Ötən ilin yanvarından Azərbaycan BMT TŞ-də səlahiyyətlərinin icrasına başladı. 2012-ci ilin may ayında isə bu quruma sədrlik etdi. BMT TŞ-yə üzv qəbul olunması və dövlət başçısı İlham Əliyevin sədrliyi ilə 2012-ci ilin may ayında TŞ-in iclasının keçirilməsi Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla yanaşı, ölkəmizin beynəlxalq aləmdə çəkisinin artması, dövlətimizin dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunması, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas faktorlarından birinə çevrilməsi deməkdir.

Azərbaycanın BMT TŞ-də ilk sədrliyi uğurla başa çatdı. TŞ-də ilk sədrlik Azərbaycan üçün böyük təcrübə olsa da, ölkəmiz bütün vəzifələrin öhdəsindən layiqincə gəldi. Ən əsası, ölkəmizin TŞ-yə ilk sədrliyi göstərdi ki, Azərbaycanın mövqeyi ilə hər kəs hesablaşır. Xatırladaq ki, Azərbaycanın BMT TŞ-yə ilk sədrliyi müddətində şura tərəfindən 3 qətnamə qəbul edilib. Bunlar Sudan və Cənubi Sudan arasında hərbi qarşıdurma, Cənubi Sudanda BMT təhlükəsizlik qüvvələrinin mandatının artırılması və Qvineya-Bisauda hərbi çevrilişlə bağlı olub. Eyni zamanda, Azərbaycanın Şuraya sədrliyi müddətində mətbuat üçün 7 bəyanat qəbul edilib, 13 açıq və 16 qapalı iclas keçirilib. Ötən il mayın 18-24-də TŞ-yə üzv dövlətlərin BMT yanında daimi nümayəndələri Qərbi Afrikaya səfər ediblər, mayın 26-27-də İstanbulda "Yaxın Şərq və Şimali Afrika: yeni siyasi reallıqlar" adlı tədbir keçirilib. Mayın 30-da isə Azərbaycanın BMT yanında daimi nümayəndəliyi tərəfindən tədbir təşkil edilib.

Azərbaycan dünyada sülhinkişaf siyasəti yürüdərək beynəlxalq hüququn bərpa olunması tələbi ilə çıxış edir. Eyni zamanda ölkəmiz beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Bu mənada ölkəmizin təşəbbüsü və iştirakı ilə 2012-2013-cü illərdə BMT TŞ-də bir sıra məsələlərə, o cümlədən təhlükəsizlik və pozulmuş ərazi bütövlüyü problemlərinə baxılıb.

Oktyabrın 1-dən isə Azərbaycan BMT TŞ-də ikinci müddətə sədrliyə başlayır. Ölkəmiz bu dəfə estafeti Avstraliyadan təhvil alacaq. BMT TŞ-yə sədrliyin artıq ikinci dəfədir Azərbaycana keçməsi ölkəmizin beynəlxalq arenada artan nüfuzunun, dünyada cərəyan edən proseslərdə yaxından iştirakı və eyni zamanda, sülhün bərpa edilməsinə verdiyi töhfəsinin növbəti bariz nümunəsi olacaq.

Müasir dünyamız hazırda olduqca həssas dönəmini yaşayır. BMT Baş Məclisinin 68-ci sessiyasının gündəliyinə 170-dən artıq mövzunun salınması da bunu təsdiq etdi. Dünyada sülhün və təhlükəsizliyin dəstəklənməsi, silahlı münaqişələrin qarşısının alınması, ətraf mühitin müdafiəsi, ölkələrin davamlı inkişafına kömək, nüvə silahının yayılmaması rejiminə riayət edilməsi, insan hüquqlarının müdafiəsi və hüququn aliliyinin təmin edilməsi hazırda bütün bəşəriyyəti düşündürən aktual məsələlərdir. Təbii ki, bu ay gündəliyə daxil olacaq məsələlərdən biri Suriya ətrafında olan vəziyyətdir. Suriya məsələsi elə bir qəliz nöqtəyə gəlib çatıb ki, orada hər an müharibənin başlaması mümkündür. Bu mənada indiki çətin və həssas dönəmdə Azərbaycanın BMT TŞ-na sədrlik etməsi həm məsuliyyətli, həm də şərəflidir.

Şübhə yoxdur ki, Azərbaycan BMT TŞ-yə növbəti sədrliyi dövründə də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək. TŞ-yə ikinci dəfə sədrliyi dövründə Azərbaycan sülh və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini davam etdirəcək. Ölkəmiz beynəlxalq hüquq normalarının və ədalətin müdafiəsinə çalışacaq, müzakirə olunacaq sülh və beynəlxalq təhlükəsizliyə dair qlobal, yaxud regional əhəmiyyətli məsələlərin gündəliyini müəyyənləşdirəcək. Təbii ki, Azərbaycanın bütün məsələlərlə bağlı özünün mövqeyi var. Digər tərəfdən, Azərbaycanın TŞ-yə sədrliyi müddəti ərzində, diplomatiyamızın səyləri dövlətimizin milli maraqlarının qlobal səviyyədə genişləndirilməsinə yönələcək. Terrordanişğaldan əziyyət çəkmiş ölkə kimi Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə yaradılan təhdidləri, o cümlədən Ermənistanın təcavüzkar siyasətini daim gündəmdə saxlayacaq.

 

 Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2013.- 1 oktyabr.- S.5.