Nyu-Yorkda Türkdilli Dövlətlərin Əməkdaşlıq

 Şurasının xarici işlər nazirlərinin görüşü olmuşdur

 

Azərbaycanın xarici işlər naziri  Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Məclisinin 68-ci sessiyası çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının xarici işlər nazirlərinin görüşündə iştirak etmişdir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə E.Məmmədyarov hazırda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədr dövləti kimi Azərbaycanın təşkilatın rolunun genişləndirilməsi, fəaliyyətinin və imkanlarının artırılmasına xüsusi diqqət yetirdiyini söyləmiş və bu xüsusda 2013-cü ilin avqustunda Qəbələdə keçirilmiş Zirvə toplantısının əhəmiyyətini vurğulamışdır.

E.Məmmədyarov xatırlatmışdır ki, Qəbələ Zirvə toplantısının açılışında Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətində mədəniyyət və iqtisadiyyat sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. O, həmçinin birgə mədəni, tarixiiqtisadi dəyərləri bölüşən üzv dövlətlərin bu amillər əsasında əməkdaşlığı daha da gücləndirmək üçün əlverişli imkanlara malik olduğunu diqqətə çatdırmışdır. Bu xüsusda nazir üzv dövlətlər arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün Bakı-Tbilisi-Qars dəmiryolu xətti və Trans-Avrasiya super informasiya magistralı layihələrinin xüsusi əhəmiyyət kəsb etdiyini söyləmişdir. Nazir E.Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlər arasında beynəlxalq arenada bir-birlərini dəstəkləmək üçün səmərəli platforma rolunu oynadığını bildirmişdir. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində rəsmi Bakıya göstərdikləri dəstəyə görə üzv dövlətlərə təşəkkürünü bildirmişdir.

Nazir həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının himayəsi altında Türkdilli Dövlətlərin Mədəniyyət və İrs Fondunun yaradılması təşəbbüsünün Azərbaycan tərəfindən dəstəkləndiyini bir daha diqqətə çatdırmışdır.

 

Azərbaycan.-2013.- 1 oktyabr.- S.5.