Heydər Əliyev Mərkəzində Azərbaycanın xalq

rəssamı Tahir Salahovun fərdi sərgisi açılmışdır

Oktyabrın 1-də Heydər Əliyev Mərkəzində xalq rəssamı Tahir Salahovun "Əsrlərin qovşağında" adlı fərdi sərgisi açılmışdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgidə iştirak etmişdir.

AzərTAc xəbər verir ki, sərginin açılışından əvvəl xalq rəssamı Tahir Salahov jurnalistlərin suallarını cavablandırmışdır.

Açılış mərasimində Heydər Əliyev Mərkəzinin icraçı direktoru Anar Ələkbərov sərgi haqqında məlumat vermişdir. Bildirmişdir ki, Heydər Əliyev Mərkəzi son vaxtlar nüfuzlu beynəlxalq tədbirlərin, simpoziumların, konfransların keçirildiyi məkana çevrilmişdir. Mərkəzdə bir çox sərgilər təşkil edilmişdir. XX əsrin məşhur rəssamı Endi Vorholun Heydər Əliyev Mərkəzində keçirilən "Həyat, ölüm və gözəllik" sərgisini on mindən artıq insan ziyarət etmişdir. Diqqətə çatdırmışdır ki, xalq rəssamı Tahir Salahovun fərdi sərgisinin açılması məhz görkəmli fırça ustasının 85 illik yubileyinə təsadüf edir.

Anar Ələkbərov görkəmli rəssamı əlamətdar yubiley münasibətilə təbrik etmişdir. Bildirmişdir ki, biz bundan sonra da Sizin əsərlərinizin təqdim olunmasında, geniş ictimaiyyətə çatdırılmasında əlimizdən gələni əsirgəməyəcəyik.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, akademik Ömər Eldarov Tahir Salahovun yaradıcılıq üslubundan, dünya şöhrətli fırça ustasının Azərbaycan incəsənətinə verdiyi töhfələrdən danışmışdır.

Mərasim iştirakçılarına dərin təşəkkürünü bildirən xalq rəssamı Tahir Salahov demişdir ki, belə bir məkanda sərgisinin təşkilindən çox həyəcanlanmışdır. Vurğulamışdır ki, Heydər Əliyev Mərkəzində sərginin təşkili mənim üçün böyük şərəfdir. Mən bu gözəl sarayda fərdi sərgimin açılmasından öz yaradıcılığım üçün böyük impuls alıram. Bu sərgini xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edirəm. Çünki 2013-cü il ulu öndər Heydər Əliyev ilidir. Başqa cür ola da bilməz.

Sonra mərasim iştirakçıları sərgiyə baxmışlar.

Sərgidə məşhur fırça ustasının müxtəlif dövrlərdə, eləcə də son illərdə çəkdiyi 100-dən çox əsər nümayiş etdirilir. Onların sırasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portreti, həmçinin Qara Qarayev, Dmitri Şostakoviç və Mstislav Rostropoviçin portretləri, "Sənə bəşəriyyət", "Aydan", "Neftçinin portreti", "Alagöz - Şərq əfsanəsi", "Aydan - Şərq ulduzu", "Odlar yurdu" triptixi - "Atəşgah", "Xəzər bu gün", "Qız qalası" və digər məşhur əsərləri də yer almışdır. Sərgidə həmçinin Tahir Salahovun ilk dəfə məhz Heydər Əliyev Mərkəzində sərgilənən işləri də vardır. Ekspozisiyada rəssamın həm tabloları, həm də rəsmlərinin xalça versiyası təqdim olunur.

Tahir Salahovun 85 illik yubileyi ərəfəsinə təsadüf edən bu sərgi Heydər Əliyev Mərkəzinin Azərbaycan rəssamları ilə bağlı həyata keçirdiyi ilk layihədir. Bu layihə Azərbaycanın klassik rəssamlıq ənənələrinin yaşadılmasına, tanıdılmasına xidmət edir.

Sərgi noyabrın 6-dək davam edəcəkdir.

Azərbaycanın görkəmli rəssamı və ictimai xadimi Tahir Teymur oğlu Salahov 1928-ci il noyabrın 29-da Bakı şəhərində anadan olmuşdur. O, ilk təhsilini 6 nömrəli orta məktəbdə almışdır. Hələ uşaq yaşlarında rəssam olmağa qərar verən balaca Tahir məktəbdə rəsm dərnəyinə yazılmışdır. Onun ilk müəllimi Kamil Xanlarov olmuşdur. Rəssamın həyatı, xüsusilə, uşaqlıq illəri çətin keçmişdir. Atası - Laçın Rayon Partiya Komitəsinin birinci katibi Teymur Salahov repressiyanın qurbanı olmuşdur. O, 1937-ci ildə həbs edilmiş, 1938-ci ildə "xalq düşməni" adlandırılaraq güllələnmişdir. Bu hadisə rəssamın həyatında dərin iz buraxmışdır.

Tahir Salahov 1945-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə qəbul olunmuş və 1951-ci ildə müəllimi Baba Əliyevin tövsiyəsi ilə təhsilini davam etdirmək üçün V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutuna daxil olmuşdur. Tələbəlik illərində bir sıra möhtəşəm əsərlərini yaratmışdır.

Dünya şöhrətli rəssamın "Neftçi", "Estakada", "Neft daşları", "Neftçinin portreti", diplom işi olan "Növbədən gələnlər" əsərləri təkcə sənət adamlarının deyil, sadə insanların da diqqətini cəlb edir.

Tahir Salahov tezliklə rəngkarlıqda "sərt üslub" adlanan istiqamətin əsasını qoyanlardan biri olmuşdur. Bu üslub bir növ Stalin dövrünün sərt qaydalarına etiraz idi.

Tahir Salahov Azərbaycan və Rusiyanın xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, bir çox dövlət mükafatlarının laureatı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidentidir.

O, iyirmidən çox xarici akademiya və yaradıcılıq təşkilatının - Fransa İncəsənət Akademiyası, San-Fernando İncəsənət üzrə İspaniya Kral Akademiyası, UNESCO yanında Plastik İncəsənət üzrə Beynəlxalq Assosiasiyanın fəxri prezidenti, Avstriya, Almaniya rəssamlar ittifaqlarının fəxri üzvü, Billinqz şəhərinin və Montana ştatının fəxri vətəndaşı və Mədəniyyət və Təhsil Fondunun üzvü, Tirenton və Santa-Fe şəhərləri, Nyu-Cersi və Nyu-Mexiko (ABŞ) ştatlarının fəxri vətəndaşı, Qırğızıstan, Qazaxıstan rəssamlıq akademiyalarının həqiqi üzvüdür. Dinlərarası sülhün möhkəmləndirilməsində xidmətlərinə görə Rus Pravoslav Kilsəsinin "III dərəcəli Şöhrət və Şərəf" ordeni ilə təltif edilmişdir. Rəssam 2008-ci ilin noyabrında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Heydər Əliyev" ordeni ilə təltif edilmişdir. Tahir Salahov 2012-ci ildə Rusiya Federasiyasının dövlət mükafatlarına layiq görülmüşdür.

 

Azərbaycan.-2013.- 2 oktyabr.- S.3.