Gənclər vətənpərvər olmalıdırlar ki, Azərbaycan daha da qüdrətlənsin

 

Azərbaycanda idarəçilik təcrübəsini nəsildən-nəslə ötürmək əsas vəzifə kimi qarşıda durmaqdadır. Bunun üçün Azərbaycan gəncliyi indiki dövrdə, qloballaşan dünyada yaşadıqları məmləkətə daha möhkəm tellərlə bağlanmalı, onun müstəqilliyini göz bəbəyi kimi qorumalıdır. Bu gün Azərbaycan sözün əsl mənasında, müstəqil dövlətdir, müstəqil siyasət aparır. Elə buna görə də  dünyada daha böyük nüfuza malik  bir ölkədir. Bu meyillər gələcəkdə davam etməli və daha da möhkəmlənməlidir. Bunun üçün sonrakı nəsil vətənpərvər olmalıdır ki, gələcəkdə Azərbaycan daha qüdrətli dövlətə çevrilsin.

Bu gün Azərbaycanda həyatın elə bir sahəsi yoxdur ki, oradan gəncliyin səsi eşidilməsin, fədakar zəhməti hiss olunmasın. Müstəqil dövlətimizin sarsılmazlığının və əbədiyaşarlığının təminatında, ölkəmizin müdafiə qüdrətinin və iqtisadi potensialının  artırılmasında Azərbaycan gəncliyinin zəhməti, hünər və rəşadəti ölçüyəgəlməzdir. Ümummilli lider Heydər Əliyevin hələ 1997-ci ildə hər il fevral ayının  2-nin Azərbaycan Gəncləri Günü kimi qeyd olunması barədə imzaladığı tarixi sərəncam, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Gəncliyi Dövlət Proqramı" məmləkətimizin gələcək qurucuları olan Azərbaycan gəncliyinə dövlət qayğısının əyani sübutudur. Bu proqram Azərbaycan gəncliyinin bütün problemlərinin kompleks şəkildə həllinə tam təminat verən öz milli "mən"ini digər millətlər arasında təsdiq etməsinə imkan yaradan strateji sənəddir.

Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və digər sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz layiqli töhfələrini verirlər. Belə ki, 2008-2011-ci illərdə işə qəbul edilənlərin 60 faizdən çoxunu gənclər təşkil edib. Bələdiyyə işçilərinin 28 faizi, yəni, 4303 nəfəri gəncdir. Onlardan 326 nəfəri bələdiyyə sədridir. 2007-2011-ci illərdə Azərbaycan gənclər təşkilatlarının 11 beynəlxalq təşkilata üzv qəbul edilməsi qəlbimizi qürur hissiylə doldurub. Hazırda ölkəmizdə gənclərin yüksək vətənpərvərlik ruhunda tərbiyəsi, işsizliyin sürətlə aradan qaldırılması, gənclərin sağlamlığı, onların elmi biliklərə daha mükəmməl yiyələnmələri, ölkə miqyasında daha fəal vətəndaş mövqeyi nümayiş etdirmələri, elm və mədəniyyətimizin geniş kütlələr arasında təbliği ilə məşğul olan çoxlu gənclər təşkilatı fəaliyyət göstərməkdədir.  

Gənclərlə bağlı məsələləri daim öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edən ölkə rəhbərliyi gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir. Bu siyasət müstəqil dövlətimizin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirilir. Neft kapitalını insan kapitalına çevirmək devizi ilə çıxış edən ölkə rəhbəri  2007-2015-ci illərdə  5000 azərbaycanlı gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almasını nəzərdə tutan "Azərbaycan Gəncliyinin Xaricdə Təhsili üzrə Dövlət Proqramı"nı təsdiqləyib. O vaxtdan bəri minlərlə azərbaycanlı gənc ölkəmizin ehtiyac duyduğu sahələr üzrə dünyanın müxtəlif ali məktəblərində təhsil almaqdadır. Bu il avqustun 30-dan sentyabrın 1-dək xaricdə təhsil alan və məzun olmuş  azərbaycanlı gənclərin paytaxtımızda keçirilən XI Beynəlxalq Yay Forumu (ASAİF) xaricdəki azərbaycanlı tələbələrin geniş şəbəkəsini yaratmaq və ölkəmizin milli maraqlarını sərhədlərimizdən uzaqlarda təbliğ etmək, Azərbaycanın ağrılı problemini dünya ictimaiyyətinə təqdim etmək baxımından çox böyük əhəmiyyətə malikdir. Bu gün Avropa ölkələrinin əksəriyyətində, ABŞ, Kanada, Cin, Rusiya, Türkiyə, Yaponiya, İtaliya, Cənubi Koreya və digər ölkələrdə təhsil alan minlərlə azərbaycanlı gənc vahid bir ideya bayrağı altında birləşərək, elmi biliklərə mükəmməl yiyələnməklə yanaşı, həm də müstəqil məmləkətimizin təmsilçiləri rolunda çıxış edir, onun qədim tarixinin, zəngin mədəniyyətinin, milli adət və ənənələrinin təbliğində, erməni faşizminin Azərbaycanda törətdiyi cinayətkar aksiyaların, terror və soyqırımıların dünya ictimaiyyətinə catdırılmasında əsl fədakarlıq nümunələri göstərirlər. Respublika Gənclər və İdman Nazirliyinin hazırladığı "Elektron Gənclik" layihəsi  və Azərbaycan həqiqətlərinin dünya miqyasında təbliği istiqamətində həyata keçirilən digər layihələr bu gün öz gözəl bəhrəsini verməkdədir. Erməni faşizminin 1905-1907, 1918-1920 və 1988-1993-cü illərdə Azərbaycanın müxtəlif bölgələrində törətdikləri ağlasığmaz vəhşiliklər və soyqırımıların, 7 rayonumuzun və Dağlıq Qarabağın erməni işğalına məruz qalması, 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzün illərlə doğma yurd həsrətilə çəkdikləri əzablar barədə məlumatların dünya dövlətlərinin parlamentlərinə, kütləvi informasiya vasitələrinə, beynəlxalq siyasi təşkilatlara, ümumiyyətlə, 25 mindən artıq ünvana çatdırılmasında "Elektron Gənclik"in xidməti böyükdür. Bu gün  ölkəmizin gənclər təşkilatları dünya gənclər təşkilatları ilə sıx əməkdaşlıq şəraitində öz fəaliyyətlərini uğurla davam etdirməkdədirlər. Gənclərimiz ölkəmizin bütün idarəetmə strukturlarında, vətəndaş cəmiyyəti institutlarında layiqincə təmsil olunur, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırlar. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının qəbul edilməsi "bugünkü gənc sabah ölkəmizi idarə edəcək" tezisi gənclərə etimadın əyani təzahürüdür. Bunlarla yanaşı, gənclərin hərtərəfli inkişafı üçün Gənclər mərkəzinin, Gənclər fondunun və Gənclər evinin yaradılması, gənc ailələrin dəstəklənməsi onların daha həvəslə çalışmalarına və müstəqil dövlətçiliyimizin möhkəmlənməsində fəal iştirakına əlavə stimul verdi. Artıq respublikamızın 12 rayonunda gənclər evi fəaliyyət göstərir. Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində paytaxtımızın 5 rayonunda gənclər evinin tikilməsinə start verilib.Yaxın 2-3 ildə respublikamızda daha 15 gənclər evinin inşası nəzərdə tutulub.

Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Dövlətimizin bu sahədə gördüyü işlər nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Respublikamızın müxtəlif bölgələrində Olimpiya idman komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiadalarda, dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur.

Gənclərin məşğulluq problemidaim dövlətin diqqət mərkəzindədir. Avqustun 27-28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Beynəlxalq Həmkarlat İttifaqı Konfederasiyasının Pan-Avropa Regional Şurasının (PARŞ)  birgə təşkilatçılığı ilə "Gənclərin məşğulluğu və həmkarlar ittifaqlarına cəlbi" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.  Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Gürcüstan, Belçika və digər ölkələrdə fəaliyyət göstərən milli həmkarlar ittifaqlarının gənc liderlərinin iştirak etdiyi konfransda son 10 ildə Azərbaycanda 1 milyondan artıq yeni yerinin açıldığı, gənclərin məşğulluq şəbəkəsinə daxil olmasına görə Azərbaycanın dünya ölkələri arasında ən qabaqcıl yerlərdən birini tutduğu vurğulanmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ücün gənclərə xüsusi torpaq sahələri ayrıldığı, güzəştli kreditlər verildiyi, gənclər üçün əmək yarmarkaları, müsabiqələr təşkil edildiyi, gənc sahibkarlar tərəfindən istehsal olunan məhsulların sərgiləri keçirildiyi xüsusi qeyd olunmuşdur. Söz yox ki, Azərbaycan gəncləri dövlətin onlara göstərdiyi diqqət və qayğını vətənə, xalqa tükənməz məhəbbətləri, ölkəmizin iqtisadi potensialının və müdafiə qüdrətinin daha da möhkəmlənməsinə layiqli töhfələri ilə doğruldacaqlar.

 

 

 

Zeynal VƏFA,

Azərbaycan.-2013.- 2 oktyabr.- S.10.