Ukrayna azərbaycanlıları prezident seçkilərində mütəşəkkil iştirak edəcək

 

Sumı şəhərində qarşıdan gələn prezident seçkilərində həmvətənlərimizin mütəşəkkil və fəal iştirak etmələrinin təşviqinə, həmçinin Azərbaycan-Ukrayna dostluğuna həsr olunmuş konsert keçirilib. İki ölkənin dövlət himnlərinin sədaları altında başlanan konsert proqramının rəsmi hissəsində Sumı Vilayət Deputatlar Şurasının sədri Gennadi Mixailenko çıxış edərək Azərbaycanla Ukrayna arasındakı iqtisadi, siyasi, elmi, mədəni əlaqələrin inkişaf dinamikasından danışıb.

Son illər Azərbaycanın inkişaf edərək beynəlxalq arenada nüfuz sahibinə, bölgədə isə lider dövlətə çevrilməsinin tarixi əhəmiyyətindən danışan Gennadi Mixailenko Azərbaycanın hər bir uğurundan dostqardaş Ukrayna xalqına da pay düşdüyünü vurğulayıb.

Vilayət radasının rəhbəri bizə eksklüziv müsahibəsində bildirib ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Ukrayna dostluğu strateji müttəfiqlik zirvəsinə ucalıb: "Bu gün Azərbaycan dövləti müstəqillik tarixinin yüksəliş və intibah dövrünü yaşayır. Mən çox şadam ki, Ukraynanın Azərbaycan kimi güclü və etibarlı strateji müttəfiqi var. Biz bu münasibətləri inkişaf etdirib gələcək nəsillərə ötürməliyik. Bu baxımdan Sumı vilayətinin deputatı, vilayətin sosial-mədəni həyatında yaxından iştirak edən Əfqan Salmanova minnətdarlığımı bildirirəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün xalq diplomatiyası missiyasını üzərinə götürərək layiqincə yerinə yetirir".

Azərbaycan xalqının taleyini həll edəcək prezident seçkilərinin yaxınlaşdığını bildirən Gennadi Mixailenko Azərbaycan xalqının müdrik seçim edəcəyinə, inkişafa, sabitliyə və müttəfiqləri ilə strateji tərəfdaşlığın davamına səs verəcəyinə  əminliyini dilə gətirib: "Bu gün Azərbaycan öz inkişaf tempinə görə MDB və Şərqi Avropa ölkələrinə nümunə göstərilir. Əminəm ki, seçki bülletenini əlinə alan hər bir Azərbaycan vətəndaşı elə seçim edəcək ki, ölkəniz qarşıdakı illərdə yenə də örnək dövlət kimi qəbul ediləcək".

Azərbaycanın Ukraynadakı səfirliyinin 1-ci katibi Sabir Rzayev çıxış edərək konsertə qatılanlara səfir Eynulla Mədətlinin xoş və səmimi fikirlərini çatdırıb. O, müstəqillik tarixlərini qoşa addımlayan Azərbaycanla Ukraynanın beynəlxalq forum və sammitlərdə eyni mövqedən çıxış etmələrini hər iki ölkənin müstəqillik tarixinin uğuru kimi səciyyələndirib. Ukraynada yaşayan azərbaycanlıların bu seçkilərdə də yüksək fəallıq və mütəşəkkilliklə iştirak edəcəkləri xüsusi vurğulanıb.

Tədbirə qatılanlara minnətdarlığını bildirən Sumı vilayətinin deputatı Əfqan Salmanov Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib. Qeyd edib ki, Azərbaycanla Ukrayna arasındakı iqtisadi, siyasi, elmi-mədəni əlaqələr hazırda hər iki dövlət tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində möhkəmlənərək yeni inkişaf mərhələsinə qədəm qoyub.

Azərbaycanda yaxınlaşmaqda olan 9 oktyabr prezident seçkilərinə münasibət bildirən Əfqan Salmanov bildirib ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox soydaşımız arxasında qüdrətli Azərbaycan dövlətinin gücünü hiss edir. Bu baxımdan qarşıdan gələn prezident seçkilərinin hər bir azərbaycanlının diqqət mərkəzində olduğunu bildirən Ə.Salmanov bu seçimdə yenə də inkişafa, sabitliyə səs verəcəklərini vurğulayıb və Sumı vilayətində yaşayan soydaşlarımızın sesvermədə iştiraklarının təmin olunması üçün oktyabrın 9-da Azərbaycanın Ukraynadakı səfirliyindən seçki məntəqəsinə getmək üçün bir neçə avtobus təşkil olunacağını bildirib.

Tədbirdə Azərbaycanda əlverişli investisiya mühitindən və adamlarına yaradılan geniş imkanlardan bəhs edən Sumı vilayətinin deputatı Vladimir Tokar, vilayət administrasiyasının rəsmi nümayəndəsi Natalya Federenko, Ukrayna Azərbaycanlıları Konqresinin Sumı vilayət təşkilatının sədri Əli Vəliyev və digərləri son illər Azərbaycanla Ukrayna arasında mal dövriyyəsinin bir neçə dəfə artmasını hər iki ölkənin uğurlu siyasətinin məntiqi nəticəsi kimi səciyyələndiriblər. Vurğulanıb ki, Azərbaycan növbəti dəfə ədalətli, şəffaf və açıq seçkilər keçirərək demokratikləşmə istiqamətində irəliyə doğru daha bir addım atacaq.

Ukraynanın xalq artisti Qurban Abbasovun rəhbərliyi ilə Azərbaycanla Ukrayna dostluğuna həsr olunmuş maraqlı konsert proqramı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 

 

Möhsüm QƏDİROĞLU,

Ukrayna

Azərbaycan.-2013.- 2 oktyabr.- S.7.