Ombudsman Aparatının rəhbəri Varşavada ATƏT-in İnsan

 Ölçüsü üzrə illik toplantısında iştirak etmişdir

 

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı Varşavada keçirilən ATƏT-in İnsan Ölçüsü üzrə illik toplantısında  iştirak etmişdir.

Ombudsman aparatından AzərTAc-a bildirmişlər ki, A. Səfixanlı tədbirdə "Azərbaycan Ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti" mövzusunda çıxış edərək, Ombudsman təsisatının 11 il ərzində uğurla fəaliyyət göstərdiyini, Azərbaycan Prezidentinin 2006-cı il 28 dekabr tarixli və 2011-ci il 27 dekabr tarixli sərəncamları ilə Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MPF) təsdiq edildiyini bildirmişdir.

Bildirilmişdir ki, Azərbaycanın Ombudsmanı vətəndaşların seçki hüququnun müdafiəsi və təmini sahəsində də davamlı fəaliyyət göstərir. Mərkəzi Seçki Komissiyası (MSK) ilə birgə seçki hüququ  ilə bağlı  treninq-seminarlar keçirir, dairə və məntəqə seçki komissiyaları üçün təlimlər və seminarlar təşkil edir.

Qeyd olunmuşdur ki, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində şəffaflığın təmin edilməsi üçün seçki məntəqələri müasir avadanlıqlarla, informasiya texnologiyaları ilə təmin olunmuş, veb-kameralar quraşdırılmışdır. MSK tərəfindən müşahidəçilər və polis əməkdaşları üçün yaddaş kitabçalarının, digər nəşrlərin hazırlandığı və paylandığı bildirilmişdir.

A. Səfixanlı 2013-cü ilin iyulunda Ermənistanda keçirilən beynəlxalq konfransda çıxışı zamanı Moldova Respublikasının parlament vəkili (ombudsmanı) Aureliya Qriqoriunun Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsini və Xocalıda azərbaycanlılara qarşı soyqırımı həyata keçirildiyini söyləyən zaman fikirlərinə görə təhdidlərə, hədələrə və təzyiqlərə məruz qaldığını, onun hüquqlarının kobud şəkildə pozulduğunuöz ölkəsinə qayıtmasına imkan verilmədiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

A.Səfixanlının çıxışı toplantının rəsmi sənədləri sırasına daxil edilmiş və ATƏT-in rəsmi saytında yerləşdirilmişdir.

 

 

AzərTAc

Azərbaycan.-2013.-  3 oktyabr.- S. 7.