Mədəniyyət və turizm naziri Sumqayıt şəhərində vətəndaşları qəbul etmişdir

Oktyabrın 4-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sumqayıt Şəhərinin Tarixi Muzeyində Sumqayıt şəhərindən, Abşeron, Xızı, Qubadlı, Zəngilan və Şuşa rayonlarından olan vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, 40-a yaxın vətəndaş əvvəlcədən Mədəniyyət və Turizm Nazirliyinin mct@mct.gov.az elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi ("Qaynar xətt" - 147) vasitəsilə, eləcə də müvafiq mədəniyyətturizm idarəsi və şöbələrinə müraciət etməklə qəbula yazılmışdır.

Nazirliyin məsul işçilərinin iştirak etdikləri görüşdə vətəndaşlar müxtəlif məsələlərlə bağlı müraciət etmiş, təkliflərini bildirmişlər.

Müraciətlərdə yerlərdə musiqi və incəsənət məktəblərinin, kitabxanaların fəaliyyətinin genişləndirilməsi, qaçqın və məcburi köçkünlər üçün salınmış şəhərcikdə yeni musiqi məktəbinin açılması, mədəniyyət müəssisələrinin, kinoteatrların maddi-texniki bazasının yaxşılaşdırılması, tarix-mədəniyyət abidələrinin bərpa və təmiri, yaradıcı insanların fəxri adlarla təltif edilməsi, fərdi təqaüdlərin verilməsi, turizm infrastrukturunun yaradılması, işlə təminolunma, nazirlik tərəfindən mədəniyyət müəssisələrində mərkəzləşdirilmiş qaydada attestasiyaların keçirilməsi və digər məsələlər yer almışdır.

Qəbulda Azərbaycanda qadın aşıq sənətinin inkişafı ilə bağlı təklif irəli sürülmüş, həmçinin klublarda kino nümayişinə, əhalisi məcburi köçkün olan rayonların musiqi məktəblərinin musiqi alətləri ilə təmin olunmasına, muzeylərdə bədii tərtibat işlərinə kömək göstərilməsi xahiş edilmişdir.

Sumqayıtdan qəbula yazılan vətəndaşlar tərəfindən şəhərdəki "Nizami" kinoteatrının təmiri, "Kimyaçı" mədəniyyət sarayının nəzdində filarmoniyanın yaradılması ilə bağlı təkliflər də səsləndirilmişdir.

Vətəndaşları diqqətlə dinləyən nazir bütün məsələlərin nəzərdən keçiriləcəyini, onların həlli üçün müvafiq addımların atılacağını demişdir.

Qəbuldan sonra jurnalistlərin suallarını cavablandıran Əbülfəs Qarayev qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, vətəndaşlarla keçirilən bu görüşlər yerlərdə mövcud problemlərin öyrənilməsi və həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədi daşıyır. Nazir bildirmişdir ki, belə görüşlər əhali tərəfindən rəğbətlə qarşılanır. Vətəndaşlar ən müxtəlif məsələlərlə bağlı bizə müraciət edirlər. Bu dəfə də yeni mövzular, yeni təkliflər səsləndirilmişdir. Müraciətlərdə torpaq sahəsi sahiblərinin qoruqlarla münasibətlərinin tənzimlənməsi, işlə təminolunma, fərdi təqaüdlərin verilməsi, tarixi abidələrin qorunması və bərpası kimi məsələlər qaldırılmışdır. Yəni, əksəriyyəti vətəndaşlıq nöqteyi-nəzərindən narahatlıq doğuran məsələlərlə bağlı müraciətlər olmuşdur. Biz çalışacağıq ki, ötən görüşlərdə olduğu kimi, bu müraciətlərin də böyük əksəriyyətini dərhal həll edək. Amma elə məsələlər var ki, onların həlli müəyyən vaxt tələb edir. Onların da həlli üçün lazımi addımlar atılacaqdır.

Sumqayıt şəhərindəki "Nizami" kinoteatrının mövcud vəziyyətinə də toxunan nazir demişdir ki, bununla bağlı layihələndirmə işlərinin 2014-cü ildə aparılması nəzərdə tutulur. Qeyd olunmuşdur ki, kinoteatr əsaslı təmir-bərpa olunana qədər şəhər mədəniyyət sarayında filmlərin nümayişi həyata keçiriləcəkdir. Bunun üçün mədəniyyət ocağı müasir avadanlıqla təqdim olunacaqdır.

 

Azərbaycan.-2013.- 5 oktyabr.- S.8.