Naxçıvan Muxtar Respublikasındakı 705 saylı hərbi

 hissənin yaradılmasının 21-ci ildönümü qeyd edilmişdir

 

Oktyabrın 5-də Naxçıvan Muxtar Respublikasındakı 705 saylı hərbi hissənin yaradılmasının 21-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilmiş, Kəngərli rayonunun Qıvraq qəsəbəsində yeni əsgər yataqxanasının açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev mərasimə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport vermişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 705 saylı hərbi hissənin yaradılmasının 21-ci ildönümünü hərbi hissənin yeni əsgər yataqxanasının istifadəyə verilməsi ilə qeyd edildiyini bildirmiş, bu münasibətlə tədbir iştirakçılarını, hərbi hissənin  şəxsi heyətini təbrik edərək demişdir: Dövlətin güclü ordusu olmalıdır. Ordusu olmayan ölkə tam müstəqil olamilli dövlətini qura bilməz. Ordu hər bir dövlətin özünütəsdiq imkanıdır. Xalqımızın özünütəsdiq imkanının reallaşdırılması yolunda ilk addımlar ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən atılmışdır. Ulu öndərimiz sovet hakimiyyətinin mövcud olduğu bir dövrdə Azərbaycanın gələcək dövlət müstəqilliyi barədə düşünərək Cəmşid Naxçıvanski adına Hərbi Məktəbi yaratmış, Azərbaycandan kənarda hərbi kadrların yetişməsinə, bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən ali hərbi məktəblərdə azərbaycanlıların sayının artırılmasına nail olmuşdur.

Ali Məclisin Sədri demişdir: Ulu öndərimizin rəhbərliyi ilə Azərbaycanın milli dövlətçiliyinin bərpası Naxçıvandan başlandığı kimi, milli ordu quruculuğu da ötən əsrin 90-cı illərində Naxçıvandan başlanmışdır. Xalqımızın böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi 4 gün sonra - 1991-ci il sentyabrın 7-də muxtar respublikanın müdafiəsinin təşkili ilə bağlı mühüm qərarlar qəbul etmiş, mövcud hərbi dəstə və hissələrə vahid rəhbərliyi həyata keçirən müvafiq dövlət qurumu yaratmışdır. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilmiş, bununla da Azərbaycanın nizami ordusunun yaradılmasına başlanmışdır.

"20 il bundan əvvəl - 1993-cü il oktyabrın 3-də ulu öndərimizin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra ölkəmizdə digər sahələr kimi, Silahlı Qüvvələrin yaradılması istiqamətində də davamlı tədbirlər görülmüş, ordu quruculuğu prosesi vacib və zəruri məsələ kimi diqqət mərkəzində saxlanmışdır", - deyən Ali Məclisin Sədri bildirmişdir ki, Azərbaycan Ordusunun, eyni zamanda, 705 saylı hərbi hissənin bütün inkişaf mərhələləri, təşkilatlanması və bugünkü səviyyəyə gəlib çatması ulu öndərimizin gərgin dövlətçilik fəaliyyətinin nəticəsidir. Ümummilli liderimizin qayğısı ilə 705 saylı motoatıcı briqada 1995-ci ildə motoatıcı diviziyaya çevrilmiş, 1998-ci ildə isə 705 saylı diviziyanın bazasında ordu korpusu yaradılmışdır. Azərbaycan Ordusunun yaradıcısı, böyük dövlət xadimi Heydər Əliyev deyirdi: "Ordu qurmaq, silahlı qüvvələr yaratmaq böyük bir bina tikmək deyil. Ordu canlı orqanizmdir. Bu, bir tərəfdən canlı orqanizm kimi yaşayır, ikinci tərəfdən isə canlı orqanizm kimi daim inkişaf etməlidir. Ona görə də biz silahlı qüvvələrimizi ilbəil təkmilləşdirməliyik, onun gücünü artırmalıyıq, peşəkarlıq səviyyəsini yüksəltməliyik, təchizatını ilbəil yaxşılaşdırmalıyıq".

Qeyd olunmuşdur ki, Azərbaycan Ordusunu təkmilləşdirmək, ordunun döyüş və peşəkarlıq səviyyəsini artırmaq sahəsində ümummilli lider Heydər Əliyevin başladığı bu gün uğurla davam etdirilir. Ordunun döyüş qabiliyyəti daha da yüksəldilir, maddi-texniki bazası möhkəmləndirilir, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrin də maddi-texniki təminatı müasir tələblər nəzərə alınaraq möhkəmləndirilir, əsgərlər üçün məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Ötən 10 ildə muxtar respublikamızda 162 hərbi obyekt tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmiş, Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasındakı birləşmə və hissələrinin döyüş qabiliyyəti və peşəkarlığı artırılmışdır.

Ordumuzun formalaşmasında əməyi olan qardaş Türkiyə Respublikası Silahlı Qüvvələrinin nümayəndələrinə, Türkiyə dövlətinin və Silahlı Qüvvələrinin rəhbərliyinə hörmət və ehtiramını bildirən Ali Məclisin Sədri hərbi qulluqçulara müraciət edərək demişdir: "Hərbi xidmət Vətəni, xalqı, torpağı qorumaq peşəsidir. Hərbi qulluqçunun bir toxunulmaz vəzifəsi var: o da Vətənə, dövlətə, xalqa sədaqətlə xidmət etməkdir. Bu vəzifənin yerinə yetirilməsi isə özünü hərbi xidmətə həsr edənlərin vətənpərvərlik hissindən asılıdır. Əsgər və zabitlərimiz ilk növbədə vətənpərvərlik hissini hər şeydən üstün tutmalı, dövlətə sədaqətlə xidmət etməlidirlər. Naxçıvan Muxtar Respublikası strateji mövqedə yerləşir. Bu, sizin - düşmənlə üz-üzə dayanan əsgər və zabitlərimizin qarşısına mühüm vəzifələr qoyur. Siz daim nümunə göstərməli, hər an istənilən tapşırığın icrasına hazır olmalısınız. İnanırıq ki, bundan sonra da döyüş hazırlığınızı yüksəldəcək, müasir hərb sənətinə yiyələnərək torpaqlarımızın etibarlı müdafiəsini təmin edəcək, sizə həvalə olunmuş texnikanı öyrənərək, texnika və əmlakı qoruyaraq şərəfli Azərbaycan əsgəri və zabiti adını öz xidmətinizlə doğruldacaqsınız".

Ali Məclisin Sədri bu yolda hərbi qulluqçulara uğurlar arzulamışdır.

Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev çıxış edərək demişdir ki, ölkəmizdə ordu quruculuğu prioritet sahələrdən biridir. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsi nəticəsində ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası möhkəmləndirilmiş, hərbçilərimizin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Son 10 ildə Azərbaycanın hərbi xərcləri bir neçə dəfə artırılmış, müdafiə sənayesi inkişaf etdirilmiş, Silahlı Qüvvələrimiz regionun ən qüdrətli ordusuna çevrilmişdir. Qeyd olunmuşdur ki, bu istiqamətdə həyata keçirilən tədbirlər muxtar respublikamızda da uğurla davam etdirilir, hərbi hissələrdə əsgər üçün məişət-yaşayış kompleksləri, taborbölük mərkəzləri tikilir, zabit-gizir ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Göstərilən yüksək dövlət qayğısı nəticəsində muxtar respublikanın etibarlı müdafiə sistemi yaradılmışdır. Kərəm Mustafayev yeni əsgər yataqxanasının istifadəyə verilməsini ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin davamı kimi dəyərləndirmiş, şəxsi heyət adından minnətdarlığını bildirmişdir.

Sonra Ali Məclisin Sədri zabitlərdən 1 nəfərə "Vətən uğrunda", 1 nəfərə "İgidliyə görə", 3 nəfərə isə "Hərbi xidmətlərə görə" medallarını təqdim etmiş, xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırmışdır.

Baş leytenant Rəfael Salmanov, əsgərlər Şirzad Alırzayev və Sənan İmanov yaradılan yüksək xidmət şəraitinə, göstərilən diqqət və qayğıya görə şəxsi heyət adından minnətdarlıqlarını bildirmişlər. Onlar bundan sonra da vətənin keşiyində ayıq-sayıq dayanacaqlarına, hərbi biliklərə dərindən yiyələnəcəklərinə söz vermişlər.

Ali Məclisin Sədri yataqxana binasının rəmzi açılışını bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, əsaslı şəkildə yenidən qurulan əsgər yataqxanası 5 mərtəbədən ibarətdir. Əsgər yataqxanasının hər mərtəbəsində məişət guşələri, təlim sinfi, silah, ideoloji otaq və ayrı-ayrı xidməti otaqlar vardır.

Təlim siniflərində əsgərlərə taktiki, kəşfiyyat, mühəndis, atəş, rabitə və tibbi hazırlıq, eləcə də hərbi topoqrafiya üzrə təlimlərin nəzəri əsasları öyrədiləcəkdir. Şəxsi heyətin hərbi tərbiyəsinin və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində ideoloji otaqların mühüm rolu vardır. Binadakı ideoloji otaqlarda əsgərlərin asudə vaxtının səmərəli keçirilməsi üçün lazımi şərait yaradılmış, televizorlar qoyulmuşdur. Otaqlarda ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən kitablar, stendlər, qəzet və jurnal materialları vardır. Burada əsgərlərə dövri mətbuatla tanış olmaq, hərbi və bədii ədəbiyyatları mütaliə etmək imkanları yaradılmışdır.

Yataqxanada əsgərlərin məişət şəraiti üçün müasir infrastruktur yaradılmış, yataq otaqları lazımi avadanlıqla təchiz olunmuşdur. Divarlara "Dövri mətbuat", "İdman guşəsi" başlıqlı stendlər, eləcə də xalqımızın yetirdiyi tarixi şəxsiyyətlərin, generalların, muxtar respublikamızın tarixi və təbiət abidələrinin, quruculuq ünvanlarının fotoşəkilləri vurulmuşdur.

Binada fərdi qazanxana quraşdırılmış, həyətdə geniş abadlıq işləri aparılmışdır.

Bina ilə tanışlıqdan sonra Ali Məclisin Sədri hərbi hissənin əsgəri-məişət kompleksinə gəlmiş, şəxsi heyətlə birlikdə nahar etmişdir.

 

***

 

Qıvraq qəsəbəsindəki hərbi hissədə  Təlim-Tədris Mərkəzi üçün yeni bina inşa edilir.

Oktyabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın yerləşdiyi əraziyə gəlmiş, tikinti işlərinin gedişi ilə maraqlanmışdır.

Məlumat verilmişdir ki, bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaqdır. Burada interaktiv atəş otağı, təlim sinifləri və trenajor zalları istifadəyə veriləcək, mərkəz müasir texnika və avadanlıqla təchiz olunacaqdır. Hazırda binada tikinti işləri davam etdirilir. Mərkəzdə hərbi tədris proqramlarının keyfiyyətlə işlənib mənimsənilməsi, şəxsi heyətin peşəkarlığının və nəzəri biliklərinin artırılması, praktik vərdişlərinin möhkəmləndirilməsi üçün lazımi şərait yaradılacaqdır.

Ali Məclisin Sədri binada inşaat işlərinin keyfiyyətlə aparılması barədə müvafiq tapşırıqlar vermişdir.

 

Azərbaycan.-2013.-  6 oktyabr.- S. 2.