Macarıstanda keçirilən festivalda ermənilər

tərəfindən cəhd olunmuş təxribatın qarşısı alınmışdır

Oktyabrın 3-dən 4-dək Budapeştdəki Ötvöş Lorand Universitetində "Mədəniyyət körpüsü-2013" adlı beynəlxalq festival keçirilmişdir.

Səfirliklərin və yerli milli icmaların yardımı ilə keçirilən festivalın əsas məqsədi müxtəlif xalqların və millətlərin özlərinə xas mədəniyyətinin, milli mətbəxinin, turizm potensialının və tarixinin nümayiş və təbliğ edilməsindən ibarət olmuşdur.

Tədbirdə ölkəmizi Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə Azərbaycan-Macar Gənclər Birliyi təmsil etmişdir. Festival iştirakçıları səfirlik tərəfindən müxtəlif dövrlərdə Azərbaycanın mədəniyyətinə, tarixinə və ədəbiyyatına dair macar dilində çap edilmiş 30-a yaxın kitaba, paxlava, şəkərbura kimi milli mətbəximizə aid müxtəlif növ şirniyyatlara, Azərbaycan tarixi və mədəniyyətini təcəssüm etdirən suvenirlərə böyük maraq göstərmişlər.

Tədbir zamanı Ermənistan mədəniyyət mərkəzi üçün ayrılmış hissədə qondarma Dağlıq Qarabağ respublikasının bayrağının nümayiş etdirilməsinə cəhd olunmuşdur. Səfirlik əməkdaşları və Macarıstanda təhsil alan azərbaycanlı tələbələr tərəfindən buna dərhal etiraz edilmiş və təşkilatçılardan bu kimi halların qarşısının alınması tələb olunmuşdur. Eyni zamanda, səfirlik məsələ ilə əlaqədar dərhal Macarıstan Xarici İşlər Nazirliyinə etiraz notası ünvanlamış və Ötvöş Lorand Universitetinin rəhbərliyi ilə birbaşa danışıqlar aparılmışdır. Nəticədə qondarma qurumun bayrağının nümayişinə cəhdin qarşısı alınmış və tədbirdə təxribatla məşğul olan ermənilər festivaldan uzaqlaşdırılmışlar.

Festivalda Azərbaycanla yanaşı, Amerika Birləşmiş Ştatları, Malayziya, Çin, İsrail, eləcə də Avstriya, İtaliya, Fransa və digər Avropa dövlətlərinin nümayəndələri iştirak etmişlər.

 

Pərvanə QARAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Budapeşt

Azərbaycan.-2013.- 6 oktyabr.- S. 2.