Gözəllik yaradanlar

 

Tərtərlilər Qarabağ savaşında, sözün həqiqi mənasında, əsl qəhrəmanlıq nümunəsi göstərmişlər. Böyük himayədarlarının köməyinə arxalanan Ermənistan silahlı qüvvələri ilə qeyri-bərabər döyüşdə tərtərlilər nəinki bir qarış torpaq itirmədilər, əksinə, uzun zamandan bəri nankor qonşularımız tərəfindən zəbt edilmiş əzəli Azərbaycan ərazilərinin xeyli hissəsini də azad etdilər. Bu, gerçək bir tarixdir və təbii ki, deyilib, yazılmalıdır.

Müqəddəs Vətən torpaqlarının hər qarışını sonsuz məhəbbətlə sevən, onun bütövlüyünü, toxunulmazlığını qanı və canı bahasına qoruyan tərtərlilər indi bu yerlərdə xarüqələr yaradırlar. Bu cəbhə bölgəsinə yolu düşən hər kəs gördüyü mənzərə qarşısında heyrətini gizlədə bilmir. Hər addımda rastlaşdığın gözəllik, hər yanda diqqətçəkən səliqə-sahman, ilk baharı xatırladan əsrarəngiz payız lövhələri insan gözlərinə sığal çəkir, könüldə xoş duyğular oyadır. Güllə vıyıltısının hələ də arabir eşidildiyi, atəşkəs rejiminin xain qonşularımız tərəfindən tez-tez pozulduğu bu bölgə heç bir mübaliğəyə yol vermədən cəsarətlə demək olar ki, gerçək bir cənnətə çevrilib. Sinəsini sipər edib bu torpağı yağı tapdağından qoruyan vətənpərvər oğullar əllərinin hərarəti, ürəklərinin tükənməz odu ilə onun hər qarışını gülzara döndərməyə çalışırlar. Çəkilən zəhmətin, axıdılan alın tərinin fərəhli bəhrələri göz önündədir və bu gün hər bir bölgə sakini yenidən qurulan Tərtərin göz qamaşdıran müasir görkəmi ilə qürur duymağa haqlıdır.

Dövlət qayğısının ifadəsi olaraq Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında bir cəbhə bölgəsi olaraq Tərtər rayonunun yüksəlişinə, tərəqqisinə xüsusi yer ayrılır. Dövlət qayğısının ünvanına çevrilmiş Tərtər bu böyük qayğıdan güc alaraq işıqlı sabahlara, yeni qələbələrə doğru inamla irəliləyir. Uzun illərdir ki, ermənilər Sərsəng su anbarını işğal altında saxlamaqla Tərtər rayonunda əkinlərin suvarılmasını ciddi problemə salmışlar. Artıq vəsait, zəhmət və güc sərf edərək tərtərlilər bu çətinliyin öhdəsindən gəlirlər. Rayonun torpaq istifadəçiləri hər il müxtəlif kənd təsərrüfatı məhsulları istehsalında böyük uğurlara imza atır, ölkədə ərzaq bolluğu yaradılmasına, sahib olduqları dövlətin iqtisadi qüdrətinin artırılmasına sanballı töhfələr verirlər. Fərəhlə qeyd edilməlidir ki, xain qonşularımızın öz xislətlərinə uyğun olaraq yaratdıqları su probleminə, digər çətinliklərə baxmayaraq, rayonun kənd əməkçiləri bu il 54 min 386 ton taxıl istehsal etmişlər. Ət, süd, yumurta, meyvə-tərəvəz istehsalında da əvvəlki illərlə müqayisədə böyük artıma nail olunmuşdur. Cari ilin altı ayı ərzində ümumi məhsul buraxılışının həcmi 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 13.6 faiz artmışdır.

Bu gün dövlət başçısının müəyyən etdiyi istiqamətə uyğun olaraq, rayon icra hakimiyyətinin fəaliyyətində əhalinin məşğulluğunun təmin olunması və yeni yerlərinin açılması əsas prioritetə çevrilmişdir. Həyata keçirilən məqsədyönlü tədbirlərin məntiqi nəticəsidir ki, bu ilin birinci yarısında 241-i daimi olmaqla 616 yeni yeri açılmışdır.

İndi Tərtərdə abadlıq, tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Şəhərin gözəlliyini artırmaq, onun hüsnünə yeni naxışlar vurmaq üçün fəal vətəndaş mövqeyindən aparılan davamlı və səmərəli axtarışlar, qaldırılan təşəbbüslər rayon ictimaiyyəti tərəfindən müdafiə olunur və razılıqla qarşılanır. Vüsət alan abadlıq və quruculuq prosesində diqqətçəkən mühüm cəhət odur ki, görülən hər işdə xüsusi zövq üstünlük təşkil edir, milli ornametlərdən geniş istifadə olunur. Heydər Əliyev prospektində, Şıxəli QurbanovRasim Mürsəlov küçələrində istinad divarları aqlay və bəzək daşları ilə üzlənmişdir. Şəhərin müxtəlif küçə və prospektlərində müasir işıqlandırma sistemi quraşdırılmışdır. Mehdi Hüseynzadə küçəsinin eni 10 metr genişləndirilmişdir.

Şəhərin Bərdə istiqamətindən girişi başdan-başa yenidən qurulmuşdur. Buradakı mövcud Dövlət Bayrağı meydanının ərazisi əlavə olaraq 1.7 hektar genişləndirilmişdir. Ərazidə tikinti-quruculuq və abadlıq işləri görülmüşdür. Meydanın ətrafında uzunluğu 700 metr olan istinad divarı hörülmüş, 2.200 kvadratmetr aqlay və digər bəzək daşları ilə üzlənmiş, səkilərə 4200 kvadratmetr yaraşıqlı tamet daşları döşənmişdir. Burada inşa olunmuş sahəsi 260 kvadratmetr olan fəvvarə əraziyə xüsusi gözəllik verir. Gözəlliyi ilə gözoxşayan meydanın mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük portreti qoyulmuşdur. Ulu öndərin əzəmətli portretini yerləşdirmək üçün 30 metr uzunluğunda monument inşa olunmuşmilli memarlıq üslubunda gülbax daşı ilə üzlənmişdir. Parkın müasir işıqlandırma sistemi ilə təchiz edilməsi ərazinin geçələrini də al-əlvan edir.

Bərdə-Tərtər istiqamətində girişdə yeni inşa edilmiş əzəmətli giriş qapısından içəri daxil olanda sanki başqa bir aləmə düşürsən. Nəzər yetirdiyin hər tərəf öz qeyri-adi gözəlliyi ilə üzə gülür. İlin payız fəsli olsa da, burada sanki bahar nəfəsi duyulur. Əlçatmaz ucalıqda dalğalanan dövlət Bayrağı azərbaycanlı olmağı ilə öyünən hər kəsə sonsuz qürur verir. Minbir rəngli gül-çiçəklər, gözlərə dinclik verən yaşıllıqlar, Vətən sevgisiylə köklənən neçə könlün odu, atəşi hopmuş daşlar, heç vaxt indiki qədər belə geniş rahat olmayan yollar günün reallıqları ilə ilmələnmiş bu gözəl həyat tablosunun diqqətçəkən ayrı-ayrı çalarlarıdır. Tərtərdə gördüklərimiz Vətənin daşını, torpağını göz bəbəyi kimi qorumağın, qorumaqla yanaşı, onu cənnətə döndərmək amalını necə bir uğurla reallaşdırmağın canlı nümunəsidir. Qoy gözəllik yaradanların ilham çeşməsi daha da gur çağlasın.

 

 

L.QULİYEV,

Azərbaycan.-2013.- 8 oktyabr.- S.10.