Azərbaycanda seçki prosesinin əsasları beynəlxalq hüququn norma

və prinsiplərinə tam uyğundur

 

"Azərbaycanda seçki prosesinin əsasları beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur".

Bu sözləri Mərkəzi Avropa Siyasi Monitorinq Qrupunun üzvləri oktyabrın 8-də keçirdikləri mətbuat konfransında demişlər.

Monitorinq qrupunun rəhbəri Nikolai Meinert missiyanın üzvləri barədə məlumat verərək bildirmişdir ki, qrupa Avropa Parlamentinin, Mərkəzi Avropa ölkələri parlamentlərinin üzvləri, Almaniya, Belçika, Avstriya, Estoniya və Litvadan olan hüquqşünaslar, politoloqlar və jurnalistlər daxildirlər.

Monitorinq qrupunun üzvləri Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlığın başa çatması ilə bağlı ilkin hesabatı açıqlamışlar.

Hesabatda missiyanın sentyabrın 11-dən Azərbaycanda Seçki Məcəlləsini öyrənməyə və təhlil etməyə, eyni zamanda, hazırkı seçki sistemi və Mərkəzi Seçki Komissiyasının seçkilərə hazırlıq işini müşahidə etməyə başladığı bildirilmişdir. Ekspertlər həmçinin ölkəmizin bəzi regionlarına səfər edəcək və səsvermə prosesini izləyəcəklər.

Hesabatda qeyd olunur ki, Azərbaycanın Seçki Məcəlləsi bütün səviyyələrdə demokratik seçkilərin keçirilməsi üçün zəruri olan əsas elementləri özündə ehtiva edir. Qəbul olunduğu vaxtdan məcəllə beynəlxalq insan haqları təşkilatlarının irad və tövsiyələrinə uyğun olaraq, eləcə də seçkilərin demokratik keçirilməsində ölkənin öz təcrübəsini əks etdirmək üçün mütəmadi olaraq yenilənir. Missiya bütövlükdə Seçki Məcəlləsinin Azərbaycan vətəndaşlarının iradəsini əks etdirən seçki prosesinə imkan verdiyini hesab edir.

Missiyanın ekspertləri qeyd edirlər ki, seçki prosedurlarının əksəriyyəti məcəllədə təfərrüatları ilə əks olunmuşdur. Ümumilikdə müşahidəçilər üçün tələblər, mətbuatda təşviqat kampaniyasının aparılması və şərtləri seçici siyahılarının müəyyən olunması proseduru daxil olmaqla, məcəllənin əsas müddəaları təşkilata şəffaf seçki prosesinin təşkili imkanlarını verir və nəticələrin Seçki Məcəlləsinə uyğun müəyyənləşdirilməsini təmin edir.

Monitorinq qrupu MSK-nın işinə də toxunmuşdur. Hesabatda MSK-nın öz işini tam olaraq müstəqil şəkildə qura bildiyi vurğulanmışdır. Bildirilir ki, MSK ənənəvi olaraq xarici müşahidə missiyaları ilə çox səmərəli çalışmış və əməkdaşlıq etmişdir. MSK öz işini qrafik üzrə, peşəkarcasına və Seçki Məcəlləsində müəyyən edilmiş bütün tələblərə və prosesin mərhələsinə uyğun olaraq aparır. Seçkiqabağı proseslə bağlı o da qeyd olunur ki, seçki prosesinin hüquqi əsasları beynəlxalq qaydalara uyğundur. Seçki Məcəlləsi seçki prosesinin bütün posedurlarını kifayət qədər təsvir edir.

Hesabatda deyilir ki, missiya seçkiqabağı kampaniyanın müddəti, seçki günü, səslərin sayılması və nəticələrin müəyyən olunması prosesinin Azərbaycanda seçki qanunvericiliyinə uyğun həyata keçiriləcəyinə və prezident seçkilərinin beynəlxalq standartlara cavab verəcəyinə ümid edir.

MSK səsvermə günü və səslərin sayılması prosesi ilə missiya rəhbərliyini təhlil aparmaq üçün bütün məlumatlarla təmin edəcəkdir. Missiya, eyni zamanda, akkreditasiya olunmuş digər beynəlxalq qurumlarla əlaqə saxlayacaq və əldə edilmiş məlumatları mübadilə edəcəkdir.

Missiya seçkidən sonra yekun hesabatını da açıqlayacaqdır.

 

 

AzərTAc

Azərbaycan.-2013.-  9 oktyabr.- S. 4.