Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan insanların da

 səsvermə hüququnun təmin olunması təqdirəlayiqdir

 

Rusiya Federasiyası Dövlət Duması və Federasiya Şurasının müşahidə missiyası oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə hazırlığın vəziyyətini yüksək qiymətləndirir. "Hesab edirik ki, seçki sisteminin təkmilləşdirilməsi, xüsusi qayğıya ehtiyacı olan insanların da səsvermə hüququnun təmin olunması xüsusilə təqdirəlayiqdir".

Müstəqil Mətbuat Mərkəzindən AzərTAc-a bildirmişlər ki, bu fikirlər Rusiya Dövlət Duması və Federasiya Şurasının müşahidə missiyasının Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşündə səslənmişdir.

M.Pənahov demişdir ki, seçkilərin azad, şəffaf, demokratik keçirilməsi üçün MSK qanunla nəzərdə tutulmuş bütün tədbirləri görmüşdür. Seçkilərin demokratik keçirilməsində müşahidə institutlarının rolunu xüsusi vurğulayan M.Pənahov demişdir ki, səsvermənin gedişini  1400-ə yaxın beynəlxalq, 50 mindən çox yerli müşahidəçi izləyəcəkdir.

Müşahidəçilər, eləcə də mətbuat nümayəndələri istədikləri seçki məntəqəsinə maneəsiz daxil ola biləcəklər.

M.Pənahov seçkilərə hazırlıq prosesində informasiya kommunikasiya-texnologiyalarından istifadə barədə məlumat vermişdir. O demişdir ki, səsvermə günü gözdən əlil olan insanların, əlil arabasından istifadə edənlərin də səsvermə hüququ təmin olunacaqdır. Bunun üçün müəyyən işlər görülmüşdür.

Dövlət Dumasının və Federasiya Şurasının deputatları, müşahidə missiyasının üzvləri Azərbaycanda seçkilərə hazırlığın vəziyyətini, tətbiq olunan yenilikləri, prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyasının təşkilini yüksək qiymətləndirmişlər.

Qonaqlar təkcə paytaxt Bakıda deyil, bölgələrdə də səsvermənin gedişini izləyəcəklərini bildirmişlər.

 

Azərbaycan.-2013.-  9 oktyabr.- S. 4.