Türkiyənin nüfuzlu «Zaman» qəzetində «Azərbaycan:

Qafqazın yüksələn ulduzu» sərlövhəli məqalə dərc olunmuşdur

 

Türkiyənin nüfuzlu "Zaman" qəzetində Azərbaycanın inkişafından bəhs edən "Azərbaycan: Qafqazın yüksələn ulduzu" sərlövhəli geniş məqalə dərc olunmuşdur.

Kamil Metenin müəllifi olduğu məqalədə bildirilir ki, Azərbaycan qədim tarixi, sürətlə inkişaf edən iqtisadiyyatı, yüksək təhsilli gənc əhalisi və zəngin təbii ehtiyatları ilə son zamanlar dünya mətbuatının diqqət mərkəzindədir.

Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarını dünya bazarlarına çatdıran Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin və həyata vəsiqə alan yeni TANAP layihəsinin ölkənin iqtisadi qüdrətini artırdığını vurğulayan müəllifin qənaətinə görə, Bakı bu möhtəşəm transmilli layihələrlə Türkiyə və Avropanın enerji təhlükəsizliyinə dəyərli töhfə verməkdədir. Bununla yanaşı, gələcəyə baxış vizyonu ilə rəsmi Bakı qeyri-neft sektorunun inkişafını da diqqət mərkəzində saxlayır. 

Məqalədə 2004-cü ildən etibarən həyata keçirilən regionların sosial-iqtisadi inkişafı proqramları, bu çərçivədə yeni yerlərinin açılması, şəhər, qəsəbə və kəndlərin abadlaşdırılması, infrastruktur layihələrinin reallaşdırılması barədə məlumatlar da öz əksini tapmışdır. Müəllif qeyd etmişdir ki, ölkənin turizm sektorunun inkişafı, son on ildə 300-dən çox mehmanxanaya lisenziya verilməsi, Azərbaycana gələn turistlərin sayının 41 faiz artması da sürətli sosial-iqtisadi inkişafın nəticəsində baş tutmuşdur.  

Təhsil və səhiyyə sahələrində qazanılan nailiyyətlərdən də söz açan müəllif vurğulamışdır ki, torpaqlarının 20 faizinin işğal altında olduğu bir şəraitdə iqtisadi qüdrətini artıran Azərbaycanın hərbi büdcəsi təcavüzkar Ermənistanın ümumi büdcəsindən daha çoxdur.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

Azərbaycan.-2013.-  9 oktyabr.- S. 6.