Nyu Yorkun Times Square meydanında Azərbaycan

tolerantlıq məkanı mövzusunda fotosərgi keçirilmişdir

BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü, BMT-nin Sivilizasiyalar Alyansı və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən "Azərbaycan - tolerantlıq məkanı" mövzusunda fotosərgi bir həftə ərzində dünyanın ən nüfuzlu beynəlxalq təşkilatında sərgilənmişdir.

Fotosərgidə Heydər Əliyev Fondunun "Azərbaycan - tolerantlıq ünvanı" layihəsi çərçivəsində Azərbaycana dəfələrlə yaradıcı səfərlər etmiş dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən fotoşəkilləri sərgilənmişdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a verilən məlumata görə, sərgi çərçivəsində Nyu Yorkun məşhur "Times Square" meydanında işıqlandırılan reklam panellərindən birinin üzərində "BMT-nin Sivilizasiyalar Alyansı və Heydər Əliyev Fondu: "Azərbaycan - tolerantlıq məkanı" Rza Deqatinin təqdimatında" yazısı əks etdirilmişdir.

"Times Square" meydanı Nyu York şəhərinin hər gün yüz minlərlə turistin ziyarət etdiyi ən məşhur yerlərindən biridir.

Bu, müstəqillik tarixində ölkəmizin tolerantlıq ənənələrini BMT-də tərənnüm edən ilk sərgidir.

 

Azərbaycan.-2013.- 10 oktyabr.- S.15.