Azərbaycan Prezidenti İlham Əliyev MDB-nin müşahidə missiyası

 rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da MDB-nin müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Sergey Lebedev rəhbərlik etdiyi müşahidə missiyasının adından dövlət başçısını prezident seçkilərində böyük səs çoxluğu ilə əldə etdiyi inamlı qələbə münasibətilə ürəkdən təbrik etdi. Seçki günü yerli müşahidəçilər və seçicilərlə səsvermənin gedişi ilə bağlı yaxından maraqlandıqlarını vurğulayan Sergey Lebedev onların birmənalı olaraq sabitliyə və inkişafa səs verəcəkləri ilə bağlı fikirlərinin şahidi olduqlarını dedi. Səsvermənin nəticələrinə toxunan qonaq bildirdi ki, nəticələr Azərbaycan xalqının öz liderinə arxalandığını və  görülən işlərin perspektivlərinə inandığını göstərdi. Sergey Lebedev Prezident İlham Əliyevin həyata keçirdiyi kursun Azərbaycanın beynəlxalq aləmdə, o cümlədən MDB-də nüfuzunun daha da möhkəmləndirilməsi və eyni zamanda, Birlik ölkələri ilə səmimi qonşuluq, iqtisadi, humanitar əməkdaşlıq əlaqələrinin genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Dövlət başçısı ölkəmizdə keçirilən prezident seçkilərində müşahidəçi kimi iştirak etdiklərinə görə MDB-nin müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedevə və missiyanın üzvlərinə təşəkkürünü bildirdi. Prezident İlham Əliyev seçkilərin şəffaf keçirilməsi üçün maksimum şəraitin yaradılması istiqamətində lazımi işlərin görüldüyünüseçki prosesinin demokratik şəraitdə keçdiyini dedi. Dövlət başçısı Azərbaycan xalqının ölkədə həyata keçirilən siyasətin nəticələrinə səs verdiklərini vurğuladı və ölkəmizin inkişafı ilə bağlı uğurlu nəticələrə əsaslanan bu siyasətin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə etdi.

 

 

AzərTAc

Azərbaycan.-2013.-  11 oktyabr.- S.3.