Prezident İlham Əliyev Pakistan Senatının Sədr müavininin

 başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Pakistan İslam Respublikası Senatının Sədr müavini Sabir Əli Bəlucun başçılıq etdiyi Pakistan Senatı və Milli Assambleyası üzvlərindən ibarət nümayəndə heyətini qəbul etmişdir.

Pakistan İslam Respublikası Senatının Sədr müavini Sabir Əli Bəluc başçılıq etdiyi nümayəndə heyəti adından dövlət başçısını prezident seçkilərində əldə etdiyi inamlı qələbə münasibətilə təbrik etdi. Ölkəmizdə seçkilərin azad, demokratik və şəffaf  şəraitdə keçirildiyinin şahidi olduqlarını deyən pakistanlı qonaq Azərbaycanda mövcud olan sabitlik və əmin-amanlığı yüksək qiymətləndirdi. Sabir Əli Bəluc ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini bir daha vurğuladı.

Dövlət başçısı Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında dostluq və qardaşlıq əlaqələrinin uğurlu inkişafından məmnunluğunu bildirdi. Pakistanın Azərbaycanın yaxın müttəfiqlərindən biri olduğunu vurğulayan dövlət başçısı ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin qarşıdakı illərdə də inkişaf edəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev ölkələrimizin bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləmələrinin önəmini qeyd etdi.

 

 AzərTAc

Azərbaycan.-2013.-  11 oktyabr.- S. 3.