AVCİYA növbəti prezident seçkilərinin Azərbaycan xalqının həyatında

 və dövlətçiliyin inkişafında mühüm mərhələ olduğunu bəyan etmişdir

 

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) oktyabrın 9-da keçirilmiş prezident seçkilərinin nəticələrinə dair bəyanat yaymışdır. Bəyanatı AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı oktyabrın 10-da "Hyatt Regency-Naxçıvan" hotelində keçirdiyi mətbuat konfransında jurnalistlərə təqdim etmişdir. Qurumun prezident seçkilərinin daha demokratik və şəffaf keçirilməsinə, seçki praktikasının təkmilləşdirilməsinə yaxından kömək göstərmək məqsədi ilə 118 dairə seçki komissiyasının 4813 məntəqəsində seçkiləri müşahidə etdiyini bildirən M.Zülfüqarlı demişdir ki, AVCİYA seçki qərargahı seçki ərəfəsində Avropa Şurası və ATƏT-in Bakı ofisi ilə yaxından əməkdaşlıq etmişdir. Həmçinin Avropa Şurası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq müşahidə missiyaları ilə Bakıda və regionlarda bir sıra görüşlər keçirilmişgeniş fikir mübadiləsi aparılmışdır.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası öz bəyanatında prezident seçkilərinin beynəlxalq standartlara uyğun, şəffaf və ədalətli keçdiyini, seçki mühitinin əvvəlki illərlə müqayisədə daha sabit, konstruktiv və demokratik olduğunu qeyd edir, bu seçkilərin Azərbaycan xalqının gələcək həyatında, dövlətçiliyin inkişafında, vətəndaş cəmiyyəti quruculuğunda mühüm mərhələ təşkil etdiyini vurğulayır.

 

 

AzərTAc

Azərbaycan.-2013.-  11 oktyabr.- S. 7.